AZ

Xəzərdən çıxan cadugərlik elementləri: İnsanlar hələ də falçılara üz tutur

Son günlər Xəzər dənizinin sahilboyu ərazilərində qeyri-adi hadisələr müşahidə olunur. Sular çəkildikcə dəniz dibindən qəribə obyektlər üzə çıxır, bəziləri isə onları cadugərlik elementləri kimi təqdim edir. Bu tapıntılar sosial şəbəkələrdə və mediada geniş müzakirə olunur.

Hüquqi baxımdan bu məsələ olduqca maraqlıdır. Azərbaycan qanunvericiliyində cadugərlik və falçılıq fəaliyyəti birbaşa cinayət əməli kimi təsnif edilməsə də, hüquqşünaslar bildirirlər ki, əgər bu fəaliyyət insanları aldadaraq pul qazanmaq məqsədi daşıyırsa, bu artıq dələduzluq hesab olunur.

NOCOMMENT.az-a danışan hüquqşünas Əkrəm Həsənov məsələyə belə aydınlıq gətirib:

“Falçılıq və cadugərlik özlüyündə qanunsuz deyil. Lakin insanlar inancından sui-istifadə edilərək maliyyə qazancı əldə edilərsə, bu artıq cinayət məsuliyyəti yaradır. Belə hallarda istintaq aparılır, sübutlar toplanır və məhkəmə qərarı ilə təqsirləndirilən şəxs həm cərimə, həm də həbs cəzası ilə üzləşə bilər. Qanun insanların aldadılmasının qarşısını almaq üçün bu mexanizmləri təmin edir. Dələduzluq anlayışı, əslində etimaddan sui-istifadəni nəzərdə tutur. Əgər biz iddia etsək ki, falçılıq hər zaman insanları aldadır, o zaman bütün falçılara cinayət işi açılmalı, bu fəaliyyətlər tamamilə qadağan edilməlidir. Amma bu, həm hüquqi, həm də ictimai baxımdan mübahisəli məsələdir”.

Sosioloq Mətanət Məmmədova NOCOMMENT.az-a bildirib ki, bu fenomen sosial və psixoloji köklərə malikdir:

“İnsanlar qeyri-müəyyən və mürəkkəb hallarla qarşılaşdıqda, ənənəvi inanc sistemlərinə və mistik vasitələrə müraciət edirlər. Bu həm psixoloji rahatlıq, həm də çıxış yolu tapmaq üçün bir davranışdır. Xüsusilə iqtisadi çətinliklərin, sosial gərginliklərin və ekoloji narahatlıqların artdığı dövrlərdə insanlar falçılara daha çox müraciət edir. Onlar real həll yollarını görmədikdə, ənənəvi və mistik üsullara yönəlirlər.”

Sosioloq qeyd edib ki, Xəzərdən çıxan cadugərlik elementləri yalnız maraqlı tapıntılar deyil; onlar həm hüquqi, həm də sosial problem kimi cəmiyyətin diqqətini cəlb edir: “İnsanların aldadılmasının qarşısını almaq üçün hüquqi tədbirlər tətbiq olunmalı, cəmiyyət maarifləndirilməli və falçılıq fəaliyyəti ilə məşğul olan şəxslərin aldadıcı olduğunu və məsuliyyət daşıdığını bilmək vacibdir”.

Seçilən
106
nocomment.az

1Mənbələr