Bild: İnternet blokadasına baxmayaraq İrandan yayılan videolar paytaxtda genişmiqyaslı qarşıdurmaları göstərir...
Poliqon xəbər verir ki, Almaniyanın Bild nəşri internetin tamamilə bloklandığı İranda, ehtimal ki, Starlink peyk rabitəsi vasitəsilə ölkədən sızan videogörüntüləri təhlil edib. Həmin kadrlar İranın paytaxtı Tehranda çoxsaylı yanğınları və kütləvi iğtişaşları əks etdirir.
Yayılan videolarda xüsusilə şəhərin şimal-qərbində yerləşən Əl-Rəsul məscidinin alova büründüyü görünür. Oxşar görüntülər Tehranın nüfuzlu yaşayış ərazilərindən sayılan Səadət-Abad rayonundan da daxil olub. Kadrlarda etirazçıların “Xameneiyə ölüm!” şüarları səsləndirdiyi, yaxınlıqdakı binalardan birində isə yanğının baş verdiyi müşahidə olunur.
Digər videogörüntülər paytaxtın şimal-şərqində yerləşən Nərmak rayonunda yaşayış binalarının yandığını göstərir. Kadrların arxa fonunda silah səsləri və insanların qışqırıqları eşidilir ki, bu da vəziyyətin son dərəcə gərgin olduğunu göstərir.
Associated Press agentliyi İran mühacirətinə məxsus televiziya kanallarına istinadən bildirir ki, etirazlar təkcə Tehranla məhdudlaşmır. Məlumata görə, Məşhəd, Təbriz və Qum kimi iri şəhərlərdə də kütləvi aksiyalar və qarşıdurmalar davam edir.
Bundan əlavə, ABŞ-nin Time jurnalı Tehran şəhərində çalışan həkimlə əlaqə saxlayıb. Həmin həkimin verdiyi məlumata əsasən, təkcə paytaxtdakı altı xəstəxanada azı 217 etirazçının öldüyü qeydə alınıb. Onun sözlərinə görə, ölənlərin əksəriyyəti döyüş patronları ilə açılan atəş nəticəsində həyatını itirib.
Poliqon.info