Bizimyol portalından verilən məlumata görə, ain.az xəbər yayır.
Azərbaycanda böyük bir tarixi dövr başa çatdı: artıq diplomu dolabın üst gözünə qoyub tozlanmağa buraxmaq olmayacaq. Hökumətin qərarına görə təhsil sənədləri yalnız rəqəmsal formada veriləcək. Yəni indi bizim diplomumuz evdə “yatmayacaq”, ən yaxşı halda “serverdə oturacaq”.
Hələ illərlə eşitdiyimiz məşhur cümlənin aqibətini düşünürəm:
“Ay qardaş, diplomum evdə yatır, iş tapmıram…”
İndi nə deyəcəklər? “Diplomum internetdə yatır, sistem açılmır”, yoxsa “pdf yüklənmir, ona görə iş yoxdur”?
Bir həqiqət var. Bizdə uzun illər təhsilin məqsədi bilik yox, kağız idi. Zamanla diplom ailə üzvünə çevrilmişdi. Toyda göstərilir, qohumluqda fəxrlə danışılır, amma iş yerində çox lazım olmurdu. İndi kağız gedir, məsələ bir az ciddiləşir. Çünki “şkafda gizlədim, göstərə bilmədim” bəhanəsi yoxdur. Sistem açıldı hamı görəcək ki, oxumusan, yoxsa yalnız “oxudum” demisən?
Əlbəttə, bu qərarın müsbət tərəfləri çoxdur. Saxta diplom dövrü üçün bir az “matəm günü” elan oluna bilər. Çünki photoshopla diplom düzəltmək asan idi, amma hökumətin bazasını “montaj etmək” bir az çətindir. Rəqəmsal diplom həm də məsuliyyət deməkdir: sənədlər itmir, yandırılmır, suya düşmür, “pişik cırdı” bəhanəsi işləmir.
Amma gəlin realist olaq. Cəmiyyətimizdə diplomu sevənlərin sayı, universitetə bilik üçün gedənlərin sayından bəzən çox olur. Bir müddət “psixoloji keçid dövrü” yaşanacaq. Kimisi deyəcək: “Kağız diplom daha ciddi görünürdü”. Kimisi də nostalji ilə danışacaq: “O vaxt kağız diplom var idi, başqa ləzzət idi…”.
Hazırlaşaq yeni dövrdə diplom yox, bilik daha çox önəm qazanacaq. Çünki rəqəmsal sistem diplomu göstərir, amma işləmək qabiliyyətini yox. Orada “bacarıq yüklə” düyməsi də yoxdur. Sən ya bacarırsan, ya da yoxdur.
Kağız diplom dövrü bitdi. Əslində bu, yalnız bir sənədin formatı ilə bağlı qərar deyil. Bu, cəmiyyətə verilən mesajdır: “Burada kağız yox, məzmun vacibdir”.
İndi görək, biz də dəyişəcəyik? Hər halda bir şey dəqiqdir: “Diplomum evdə yatır” bəhanəsi artıq tarixdir. Yeni bəhanələr axtarmaq lazım olacaq, amma ümid edək ki, buna ehtiyac qalmayacaq.
Leyla Mirzə, Bizimyol.info
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.