ain.az, Bizimyol portalına istinadən məlumat verir.
Beynəlxalq siyasətdə ritorikanın özü bəzən real addımlardan daha təhlükəli ola bilir. ABŞ-nin keçmiş prezidenti və yenidən qlobal siyasi diskursun mərkəzində olan Donald Trampın Kanadanı “ABŞ-nin potensial 51-ci ştatı” kimi təqdim etməsi ilk baxışdan populist və qeyri-ciddi bəyanat təsiri bağışlasa da, bu açıqlama əslində müasir güc siyasətinin dərin qatlarına işıq salır. Bu ritorika fonunda əsas sual yaranır. Kanada “könüllü təslim” yolunu seçə bilərmi, yoxsa Venesuelanın yaşadığı siyasi-iqtisadi təzyiq ssenarisi onu da gözləyir?
Politoloq Nicat İsmayılov Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, Donald Trampın siyasi üslubu uzun illərdir qeyri-ənənəvi bəyanatlar üzərində qurulub, lakin bu bəyanatların əksəriyyəti diqqətlə təhlil edildikdə ABŞ xarici siyasətinin əsas prioritetlərini açıq şəkildə nümayiş etdirir: “Kanadanın ABŞ-nin “təhlükəsizlik, iqtisadi və enerji baxımından ayrılmaz hissəsi” kimi təqdim olunması Vaşinqtonun Şimali Amerika məkanına vahid geosiyasi zona kimi baxdığını göstərir. Bu yanaşma hüquqi birləşməni yox, faktiki asılılığı hədəfləyir. Yəni Kanada formal olaraq müstəqil qala bilər, lakin strateji qərarlarında Vaşinqtondan kənara çıxmaq imkanları getdikcə məhdudlaşa bilər”.
Nicat İsmayılov
“Kanada güclü demokratik institutlara, sabit iqtisadiyyata və yüksək beynəlxalq nüfuza malik ölkədir. NATO üzvü, “G7” iştirakçısı və Qərb dünyasının əsas sütunlarından biri kimi Kanada Venesuela ilə müqayisə edilə bilməz. Lakin müasir geosiyasətdə əsas sual dövlətin zəif və ya güclü olması deyil, strateji muxtariyyətinin dərəcəsidir.
Kanada iqtisadiyyatının böyük hissəsi ABŞ bazarı ilə sıx bağlıdır. Enerji, ticarət, müdafiə və informasiya təhlükəsizliyi sahələrində Vaşinqtonun təsiri danılmazdır. Bu reallıq Tramp kimi sərt ritorikaya malik liderlərin təzyiq alətlərini genişləndirir”-deyə Nicat İsmayılov qeyd edib.
“Müasir beynəlxalq münasibətlərdə “könüllü təslim” anlayışı rəsmi anneksiya yox, strateji qərarların könüllü şəkildə uyğunlaşdırılması mənasını verir. Bu modeldə siyasi elita açıq qarşıdurmadan qaçır. İqtisadi rifah naminə geosiyasi güzəştlər edilir və ictimai rəy təhlükəsizlik və rifah arqumentləri ilə yönləndirilir. Bu, zorla birləşmə deyil, asılılığın normallaşdırılmasıdır. Kanada üçün bu ssenari rəsmi şəkildə gündəmdə olmasa da, geosiyasi praktikada mümkün risk kimi qalır.
Venesuela nümunəsində ABŞ və müttəfiqləri legitimlik böhranı yaratmaq, sanksiyalar tətbiq etmək və alternativ siyasi mərkəzlər formalaşdırmaq yolu ilə təzyiq göstərdilər. Bu model zəif institutlara və daxili parçalanmaya malik ölkələrdə işlək oldu.
Kanadada isə legitimlik problemi yoxdur. İnstitutlar sabitdir və cəmiyyət parçalanmayıb. Bu səbəbdən klassik Venesuela ssenarisinin Kanadada təkrarlanması mümkün deyil. Lakin məsələ yalnız bu qədər sadə deyil”-deyə politoloq bildirib.
Nicat İsmayılov qeyd edib ki, müasir dövrdə güclü dövlətlər artıq açıq rejim dəyişikliyi ssenarilərindən çox, daha incə mexanizmlərə üstünlük verirlər: “Bunlara iqtisadi və ticarət təzyiqləri, informasiya müharibəsi, enerji asılılığı, təhlükəsizlik sahəsində şərtləndirmə daxildir. Kanada kimi ölkə üçün təhlükə məhz bu “yumşaq Venesuela ssenarisi”ndədir. Yəni formal müstəqillik qalır, real manevr imkanları isə azalır”.
Politoloqun fikrincə, Trampın Kanada ilə bağlı açıqlamaları ABŞ-nin Şimali Amerika üçün yeni modelini ortaya qoyur: vahid təhlükəsizlik, vahid enerji məkanı və vahid iqtisadi zona: “Bu modeldə Kanada müstəqil aktor yox, strateji tamamlayıcı rolunda görünür. Fikrimcə Kanada ştat olmayacaq, amma suallar açıq qalır. Nəticə etibarilə, Kanadanın ABŞ-nin ştatına çevrilməsi qeyri-mümkündür və “könüllü təslim” rəsmi siyasi gündəm deyil. Eyni zamanda Kanadanın Venesuelanın taleyini yaşaması da real ssenari deyil. Lakin Trampın ritorikası ciddi bir həqiqəti üzə çıxarır. Müasir dünyada böyük güclər üçün müttəfiqlərin sərhədləri hüquqi deyil, strateji maraqlarla müəyyən olunur. Kanada üçün əsas çağırış da məhz budur. Formal müstəqilliklə real suverenlik arasındakı fərqi qoruyub saxlamaq. Bu baxımdan Trampın “51-ci ştat” bəyanatı zarafat deyil, geosiyasi xəbərdarlıqdır”.
İradə Cəlil, Bizimyol.info
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.