Bizimyol saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.
ABŞ prezidenti Donald Trampın Danimarka ərazisini yenidən ələ keçirməklə hədələməsindən sonra əsas Avropa ölkələrinin liderləri Qrenlandiyanın müdafiəsinə qalxdılar. "Qrenlandiya öz xalqına məxsusdur və yalnız Danimarka və Qrenlandiya münasibətləri ilə bağlı qərarlar qəbul edə bilər", - deyə Birləşmiş Krallıq, Fransa, Almaniya, İtaliya, Polşa, İspaniya və Danimarka liderləri birgə bəyanatda bildiriblər. "NATO-nun heç bir üzvü Şimali Atlantika Alyansının digər üzvünə hücum etməməli və ya təhdid etməməlidir. Əks halda, ittifaq daxilində münaqişələr və ya qarşılıqlı ziddiyyətlər yaranarsa, NATO öz mənasını itirəcək", - deyə Polşa Baş naziri Donald Tusk jurnalistlərə bildirib. Hollandiyanın Baş naziri Dik Şuf ölkəsinin bu bəyanatı tam dəstəklədiyini bildirib.
Qeyd edək ki, bir müddət əvvəl Donald Tramp jurnalistlərə "milli təhlükəsizlik səbəbləri üçün buna ehtiyacımız olduğunu" deyərək yenidən Qrenlandiyanın ilhaqını təklif edib. ABŞ prezidenti Arktika adasına nəzarəti ələ keçirmək üçün güc tətbiqini istisna etməkdən imtina edib və Danimarkanın Baş naziri Mette Frederiksen ABŞ-ın hücumunun NATO-nun sonu demək olacağı barədə xəbərdarlıq edib.
Politoloq Zeynal Əmrəliyev Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, ABŞ-nin Danimarkanın bütün dediklərini nəzərə almayaraq, Qrenlandiya üzərinə hücum etməsi çox ciddi bir qalmaqala səbəb ola bilər və NATO-nun parçalanmasına gətirib çıxara bilər.
Zeynal Əmrəliyev
“Bu, Venesuela məsələsi deyil. Venesuela ayrı bir qütbdə yer alan bir ölkə idi və Amerika Birləşmiş Ştatları ilə arasında soyuqluq var idi.
Hələ 1999-cu ildə Huqo Çavez prezident seçildikdən və sosialistlər hakimiyyətə gəldikdən sonra ABŞ və Venesuela arasında kifayət qədər güclü gərginliklər vardı. Ancaq Danimarka (hansı ki, Qrenlandiya ona məxsusdur) NATO-nun üzvüdür.
Beynəlxalq hüquq Qrenlandiyanı Danimarkanın ərazisi kimi tanıyır. Danimarka Avropa İttifaqının aparıcı dövlətlərindən biridir. NATO-nun aparıcı dövlətlərindən biridir. Danimarkanın baş naziri uzun müddət NATO-ya baş katiblik edib. Yəni NATO rəhbərliyində təmsil olunub. Avropa İttifaqında kifayət qədər sözü qüvvəsi var”-deyən Zeynal Əmrəliyev hesab edir ki, Amerika Birləşmiş Ştatlarının belə rahatlıqla əməliyyat həyata keçirməsi çox da gözlənilən deyil, çünki bu əməliyyat NATO nun parçalanmasına gətirib çıxaracaq bir amildir.
Politoloqun fikrincə, digər tərəfdən ola bilər ki, Donald Tramp həqiqətən də NATO-nu parçalamaq istəyir və NATO-dan qurtulmaq üçün bu əməliyyatı həyata keçirə bilər: “İkinci variant da budur. Çünki Tramp hakimiyyətə gəldikdən sonra sanki NATO-nun bir qədər zəiflədilməsi istiqamətində ABŞ hakimiyyəti tərəfindən addımlar atılır. NATO-ya çox da önəm verilmir. Ona artıq pul xərci kimi baxılır”.
Zeynal Əmrəliyev qeyd edib ki, ABŞ-nin mövcud administrasiyasında "NATO əslində Amerika Birləşmiş Ştatlarının Avropanın təhlükəsizliyini təmin etmək üçün yaratdığı bir qurumdur" fikri formalaşıb: “ABŞ-də tez-tez bu suala cavab axtarırlar ki, "bizə, ümumiyyətlə, Avropanın təhlükəsizliyi lazımdırmı? Axı biz özümüz müstəqil siyasi gücük". Sonra Avropa ölkələri hətta bəzi alternativ axtarışlara başlayırlar. Məsələn; son dövrlərdə Çinlə olan yaxınlaşma da buna nümunədir. Buna görə də fikirləşirlər ki, artıq bundan imtina etmək lazımdır.
ABŞ Qrenlandiyaya hücum edə bilər, amma bu hücum Avropa İttifaqı və ABŞ arasında "bütün körpülərin yandırılması"na səbəb olar. Bu da birbaşa NATO-nun gələcəyinə vurulan zərbə sayıla bilər”.
İradə Cəlil, Bizimyol.info
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.