AZ

Tramp: ABŞ seçim qarşısında qala bilər - Qrenlandiya, yoxsa NATO..

Tramp Adminstrasiyası İkinci Dünüya Müharibəsidən sonra yaranan alyansın dağılması ehtimalını istisna etmir...

Politico nəşri

ABŞ prezidenti Donald Tramp faktiki olaraq elə bir ssenarini mümkün sayıb ki, bu halda Birləşmiş Ştatlar Qrenlandiya üzərində nəzarət əldə etmək naminə Şimali Atlantika Alyansını qurban verə bilər. The New York Times nəşrinə müsahibəsində o, Vaşinqton üçün “strateji baxımdan mühüm əraziyə nəzarət”lə NATO-nun,İkinci Dünya müharibəsindən bəri Avropa təhlükəsizliyinin əsas dayağı olan alyansın saxlanılması arasında “seçim yarana biləcəyini” etiraf edib.

Tramp suala birbaşa cavab verməsə də, məsələnin bu şəkildə qoyulması müttəfiqlər üçün açıq siqnal kimi qiymətləndirilib: əvvəl mövcud olan tabular artıq keçərli deyil və alyans Ağ Ev üçün şərtsiz dəyər statusunu itirib.

“Mənə beynəlxalq hüquq lazım deyil”...

Tramp ABŞ-nin Qrenlandiyada sadəcə razılaşmalar və ya icarə mexanizmləri ilə deyil, məhz birbaşa nəzarət vasitəsilə mövcudluğunu niyə vacib saydığını izah edərkən, geopolitik arqumentlərdən açıq şəkildə qaydalara etinasızlıq mövqeyinə keçib.

“Sahiblik elə imkanlar verir ki, bunu nə icarə, nə də sazişlə əldə etmək olar. Sənədin altına atılan imza eyni şey deyil”, – deyə o bildirib.

Onun beynəlxalq hüquqla bağlı fikirləri isə daha sərt səslənib: “Mənə beynəlxalq hüquq lazım deyil. Məni yalnız öz mənəviyyatım məhdudlaşdırır”.

Bu açıqlamalar ABŞ prezidentinin nə müttəfiqlik öhdəliklərini, nə də beynəlxalq normaları özünə bağlayıcı hesab etdiyini, yalnız şəxsi “icazə verilənlər” anlayışına istinad etdiyini göstərir.

Avropa ritorika yox, təhdid eşidir...

Kopenhagen bu bəyanatları sözün əsl mənasında qəbul edib. Danimarkanın baş naziri Mette Frederiksen xəbərdarlıq edib ki, Qrenlandiyaya qarşı güc tətbiqi ssenarisi alyansın avtomatik olaraq sonu demək olacaq.

“Əgər ABŞ NATO üzvü olan başqa bir ölkəyə hücum edərsə, hər şey bitər — həm alyans, həm də 1945-ci ildən sonra qurulmuş təhlükəsizlik sistemi”, – deyə o vurğulayıb.

Fransa prezidenti Emmanuel Makron isə daha irəli gedərək bildirib ki, Vaşinqton “onilliklər boyu dünyaya özü diqtə etdiyi beynəlxalq qaydalardan imtina edir” və tədricən müttəfiqlərindən uzaqlaşır.

NATO istehlak materialına çevrilir...

Politico-nun qiymətləndirməsinə görə, Trampın yeni açıqlamaları emosional çıxış deyil, onun ənənəvi ittifaqları sökməyə yönəlmiş kursunun məntiqi davamıdır. ABŞ prezidenti artıq açıq şəkildə NATO-nun böhran vəziyyətində Vaşinqtonu qoruyacağına şübhə etdiyini də dilə gətirib.

“Mən şübhə edirəm ki, NATO həqiqətən də köməyə ehtiyacımız olsa, bizimlə olar”, – deyə Tramp Truth Social sosial şəbəkəsində yazıb və paralel olaraq Amerikanın “yenə də müttəfiqləri dəstəkləyəcəyini” qeyd edib.

Avropa paytaxtlarında bu, təminat yox, xəbərdarlıq kimi qəbul olunur: dəstək artıq şərtlidir və istənilən an geri götürülə bilər.

Transatlantik təhlükəsizlik illüziyalarının sonu...

Trampın ifadələrinin sərtliyi əsas bir elementi dağıdır — etimadı. Hətta ərazi ekspansiyası ilə kollektiv müdafiə arasında seçim ehtimalının dilə gətirilməsi NATO-nun dəyərlər ittifaqı yox, müvəqqəti müqavilə olması ideyasını gücləndirir.

Avropalı analitiklərin fikrincə, ABŞ ilk dəfə bu səviyyədə açıq şəkildə bildirir ki, müharibədən sonrakı dünya nizamı artıq onun üçün toxunulmaz deyil. Əgər əvvəllər alyansa təhlükə kənardan gəlirdisə, indi bu səslər getdikcə daha çox Vaşinqtondan eşidilir.

Təscümə Poliqon-a aiddir

Poliqon.info

Seçilən
44
poliqon.info

1Mənbələr