AZ

“Hava şəraiti elə də ekstremal deyil, amma mövsümə hazırlaşmayan sürücülər ən sadə vəziyyətdən çıxa bilmirlər”

ain.az, Bizimyol portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Bir neçə gün öncə İsmayıllı - Qəbələ istiqamətində avtomobillərin uzun tıxacda qaldığı videogörüntüsü sisial şəbəkədə əks olunub. Yolun iflic vəziyyətə düşməsinə əsas səbəb bəzi sürücülərin yol hərəkəti qaydalarını pozaraq əks istiqamətə çıxmasıdır. Bu cür məsuliyyətsiz davranışlar ümumi hərəkət təhlükəsizliyini ciddi şəkildə pozur və tıxacın daha da böyüməsinə səbəb olur.

Məsələ ilə bağlı Bizimyol.info xəbər portalına nəqliyyat eksperti Raqif Raufoğlu bildirib ki, rayon yollarında sürücülər ötmə zamanı əks istiqamətə çıxırlar.

Raqif Raufoğlu

“İsmayıllı-Qəbələ istiqamətində əks yola çıxan sürücülərin sayı kifayət qədər çoxdur. Necə ki, ara məsafəsi saxlanmamasına görə qanunvericilikdə cərimə nəzərdə tutulub, amma bu, hadisə baş vermədikcə tətbiq olunmur. Bu da düzgün yanaşma deyil. Əgər sən ara məsafəsini düzgün saxlamadığın üçün qəzaya səbəb olursansa, həmin cərimə tətbiq olunur. Əks yola çıxma halları da belədir. Rayon yollarında sürücülər ötmə zamanı əks istiqamətə çıxırlar. Bəziləri bunu belə əsaslandıra bilər ki, “ötməyə uyğun şərait vardı”. Amma əgər ötməyə çıxıb manevrini tamamlamırsa və ya əksinə, bütün hərəkəti iflic edirsə, arxasında uzun növbə yaranırsa, bu artıq başqa məsələdir. Belə hallarda məsuliyyət olmalıdır, çünki bu, digər sürücülərin təhlükəsizliyinə və yol hərəkətinə birbaşa təsir edir. Yəni təkcə əks yola çıxmaqla cərimələnmək yetərli deyil. Əgər sürücü bu hərəkəti ilə real problem yaradıbsa, həmin problemin nəticəsinə görə də məsuliyyət daşımalıdır. Cərimə məhz bu yükə uyğun təyin olunmalıdır. Bu, daha ədalətli və daha düzgün yanaşma olardı. Belə olan halda, bu cür qanun pozuntularına yol verənlər də ciddi şəkildə düşünər, çəkinərdilər. Görünən odur ki, bəzi sürücülər hələ də etdiklərinin fəsadını dərk etmirlər. Çox yerdə oxşar hallar təkrarlanır. Problem onsuz da var, amma heç bir təkər düzgün yolda deyil. Nəticədə əks yola çıxaraq problem yaradanlar məsuliyyətdən yayınır.

Əsas problemlərdən biri də qış təkəri məsələsidir, amma bu barədə çox az danışılır. Dünyanın hər yerində qış olur, qar yağır, amma bizdəki kimi tragikomedik vəziyyətlər yaranmır. Bəzən baxırsan, insana həm gülməli, həm də ağlamalı gəlir. Hava şəraiti elə də ekstremal deyil, amma sürücülər ən sadə vəziyyətdən belə çıxa bilmirlər. Çünki avtomobillərində mövsümə uyğun təkərlər yoxdur. Halbuki bir çox ölkələrdə qış mövsümündə stasionar postlarda təkərlərə xüsusi nəzarət edilir - hansı təkərlə yola davam etmək olar, hansıyla olmaz. Belə havalarda məhz bu cür nəzarət olmalıdır. Qış təkəri olmadan hərəkətə icazə verilməməlidir. Yalnız bu yolla belə vəziyyətlərin qarşısını almaq olar”,– deyə Raqif Raufoğlu vurğulayıb.

Günel Həsənova, Bizimyol.info

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
40
bizimyol.info

1Mənbələr