AZ

Qırğız torpağı film çəkilişinə açıqdır

Qırğızıstanda videomateriallar, o cümlədən genişmetrajlı filmlər yaradan xarici studiyalarının sayı ildən-ilə artır. Bu artıma, ilk növbədə, sadələşdirilmiş vergi sistemi kömək edir: belə ki, yerli və əcnəbi şirkətlər cəmi 4 faiz vergi ödəyirlər.

“Qırğızfilm”in baş direktoru Almaz Tulekeyev bildirib ki, son illər Qırğızıstanda bədii və sənədli fimlərin çəkilişlərinə təkcə yerli studiyalar deyil, xarici şirkətlər də böyük maraq göstərir. Ötən bu il burada rusiyalı kinematoqrafçılar “Mendışın qayıdışı”, “Biz gələcəkdənik 3” kimi maraqlı filmlər çəkiblər. 2025-ci ildə Hindistan, Qazaxıstan və İran kinematoqrafçıları da Qırğızıstan ərazisində bir sıra layihələrini uğurla icra ediblər.

A.Tulekeyev qeyd edib ki, xarici kinematoqrafın Qırğızıstana tez-tez çəkilişlər aparması ölkədə bu sahədə çalışan yerli gənc mütəxəssislərin işlə təmin edilməsinə müsbət təsir yaradır. Onun sözlərinə görə, beynəlxalq tərəfdaşlar çəkilişlərə kömək məqsədilə ingilis, rus, türk və Çin dillərini bilən yerli kadrları seçirlər.

Qırğızıstanın bir çox əraziləri, o cümlədən dünyaşöhrətli İssık gölü, saysız-hesabsız dağ zirvələri, dağların sinəsindən çəkilən dolaylar, şəlalələr və çəmənliklər əcnəbi kinorejissorları maqnit kimi özünə cəlb edir. “Qırğızıstandan başqa dünyanın heç bir yerində rast gəlinməyən ağ kəpənəklər də qonaqlarda böyük maraq doğurur. Hazırda Talasda bu kəpənəkləri animasiya və makrofotoqrafiyadan istifadə etməklə lentə almaq üçün xarici şirkətlərlə danışıqlar aparırıq”, - Tulekeyev paylaşıb.

Yerli filmlərin nümayişindən kinoteatrların nağd kassa gəlirləri də artıb. Qırğızıstan Kinoteatr Şəbəkələri Assosiasiyasının sədri Gülkair Tulenbayeva jurnalistlərə deyib ki, hazırda ölkə üzrə nağd yığımın 60 faizi yerli filmlərin payına düşür. 20 il əvvəl isə prokatda cəmi 1-2 qırğız filmi olardı.

Məsaim ABDULLAYEV
XQ

Seçilən
34
1
xalqqazeti.az

2Mənbələr