Dəm qazından zəhərlənmələr Rusiyada da faciəvi ölümlərə səbəb olur.
Publika.az xəbər verir ki, Verxniy Uslonda müstəntiqlər bir ailənin dəm qazından zəhərlənməsinin səbəblərini araşdırırlar. Rusiya Federasiyasının Tatarıstan İstintaq Komitəsinin məlumatına görə, iki uşaq və iki yaşlı şəxsin həyatını xilas etmək mümkün olmayıb.
Hadisə Zaovrajnaya küçəsindəki fərdi evdə baş verib. Kazanfirst-in məlumatına görə, yerli sakinlərdən biri ailəsinə baş çəkərkən dörd ailə üzvünü evdə huşsuz vəziyyətdə tapıb. 63 yaşlı qadın və 51 yaşlı kişi ilə yanaı 11 yaşlı oğlanla 13 yaşlı qızın həyatını xilas etmək mümkün olmayıb.
İlkin məlumata görə, ailə sobanın bacasına buz yığılması səbəbindən evə sızan dəm qazından zəhərlənib. Faciəvi hadisə ilə bağlı cinayət işi açılıb və hadisənin baş vermə səbəbləri araşdırılır.