Azərbaycanda minlərlə insan evini kirayə verir. Əksər hallarda isə bu proses rəsmi müqavilə olmadan, sadəcə qarşılıqlı razılaşma ilə həyata keçirilir. Bir çoxları bunun problem yaratmayacağını düşünür. Amma qanunvericilik bu məsələyə müəyyən tələblər qoyur. Bəs evini müqaviləsiz kirayə verən şəxs cərimələnə bilər? Metbuat.az-ın məlumatına görə, Azərbaycan qanunvericiliyində müqavilənin olmaması təkbaşına cərimə demək deyil, amma müəyyən hallarda məsuliyyət yarana bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinə əsasən, kirayə (icarə) münasibətləri yazılı formada rəsmiləşdirilməlidir. Yazılı müqavilə tərəflərin hüquq və öhdəliklərini müəyyən edir.
Lakin Mülki Məcəllədə yalnız müqavilə bağlanmadığına görə birbaşa cərimə nəzərdə tutulmayıb. Əsas cərimələr Vergi Məcəlləsi ilə bağlıdır. Qanuna görə, evini kirayə verən fiziki şəxs vergi orqanlarında uçota düşməli, kirayə gəlirini bəyan etməli və gəlir vergisi ödəməlidir. Vergi Məcəlləsinin 58-ci maddəsinə əsasən, uçota durmama və ya vergi hesabatının təqdim edilməməsinə görə 40 manat maliyyə sanksiyası tətbiq oluna bilər. Verginin ödənilməməsi isə əlavə faiz və sanksiyalarla nəticələnir. Sevinc İbrahimzadə / Metbuat.az