AZ

Prezidentin müsahibəsində Azərbaycanın bu günü və gələcəyi

Azərbaycan Prezidenti İlham Əliyevin yanvarın 5-də yerli televiziya kanallarına verdiyi müsahibə aktuallığı və əhatə dairəsi baxımından geniş ictimai maraq doğurub. Prezidentin səsləndirdiyi fikirlər, ənənəvi olaraq, ölkənin siyasi gündəmini müəyyənləşdirib, Azərbaycan mətbuatına və ictimai mühitə aktual mövzular verib.

Dövlətimizin başçısı 2025-ci ilin Azərbaycan–ABŞ münasibətləri baxımından tarixi il ola bilməsini xüsusi vurğulayıb. Məlum olduğu kimi, Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra bu münasibətlərinin inkişafına 1992-ci ilin oktyabrında qəbul edilmiş 907-ci düzəliş uzun müddət mənfi təsir göstərib. Lakin bütün çətinliklərə baxmayaraq, Azərbaycan gənc, müstəqil dövlət kimi ABŞ kimi  dünyanın aparıcı gücü ilə münasibətini qoruyub saxlaya və inkişaf etdirə bildi. Nəticə etibarı ilə ötən il avqustun 8-də Vaşinqtonda Prezident İlham Əliyev və ABŞ Prezidenti Donald Trampın iştirakı ilə keçirilən mərasimdə 907-ci düzəlişin qüvvədən düşməsi siyasi hadisə kimi dəyərləndirilə bilər.

İlham Əliyev müsahibəsində qeyd edir ki, ötən il ərzində 20-dən çox xarici səfər həyata keçirib, eyni zamanda, bir sıra xarici dövlət və hökumət başçıları Azərbaycana rəsmi səfərlər edib. O cümlədən ölkəmizdə nüfuzlu beynəlxalq tədbirlər keçirilib. Dövlət başçısı Xankəndidə təşkil olunan İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) Zirvə Görüşünü xüsusilə diqqətə çatdırıb. Zirvə Görüşünün əsas tədbiri Xankəndidə keçirilsə də Prezidentin təşəbbüsü ilə Şuşada, Laçında və Ağdamda üç mühüm forum təşkil edilmiş, bununla da xarici qonaqlara işğaldan azad edilmiş ərazilərimizdə aparılan genişmiqyaslı bərpa-quruculuq işlərini yerində görmək imkanı yaradılmışdır.

Prezident İlham Əliyev müsahibəsində Qəbələdə keçirilmiş Türk Dövlətləri Təşkilatının Zirvə Görüşünü də xüsusi qeyd edərək, türk dövlətləri arasında həmrəyliyin və əməkdaşlığın əhəmiyyətini bir daha vurğulayıb. Azərbaycanın Çin Xalq Respublikası ilə genişlənən münasibətlərinə toxunan dövlət başçısı deyib: “Böyük əhəmiyyət daşıyan hadisələrdən biri də bizim Çinlə strateji tərəfdaşlığımızdır. Keçən il Çinə dövlət səfərim zamanı hərtərəfli strateji tərəfdaşlıq haqqında Birgə Bəyannamə imzalanmışdır və bu çox böyük uğur hesab edilə bilər”. Eyni zamanda, Prezident D-8 təşkilatına üzvlüyü və Mərkəzi Asiya Məşvərət Şurasına tamhüquqlu üzv seçilməyimizi Azərbaycan diplomatiyasının ötən ilki uğurları kimi səciyyələndirib.

Müsahibə Prezidentin möhkəm sülh və ölkənin hərbi qüdrəti, elm və təhsil sahəsində islahatlar, əhalinin sosial-iqtisadi rifahının yüksəldilməsi istiqamətində görüləcək işlər, eləcə də xarici siyasətin prioritetləri barədə suallara ətraflı və əsaslandırılmış cavabları ilə yadda qaldı.

Onu da qeyd edək ki, Prezident İlham Əliyevin yerli televiziya kanallarına verdiyi müsahibədə səsləndirdiyi fikirlər bizdə Azərbaycan vətəndaşı və Vəhdət Partiyasının təmsilçisi olaraq böyük inam, qürur hissi yaratdı. Ölkəmizdə mövcud olan sabitlik, təhlükəsizlik və məqsədyönlü inkişaf siyasəti bir vəhdətçi kimi bizi sevindirir və gələcəyə daha böyük ümidlə baxmağa stimul verir. Bütün bu amillər Azərbaycan dövlətinin qarşısında duran vəzifələrin uğurla yerinə yetiriəcəyinə olan inamımızı daha da möhkəmləndirir.

Nurəddin Salayev

Vəhdət Partiyası Nizami rayon təşkilatının sədri 

Seçilən
116
50
xalqqazeti.az

10Mənbələr