Türkiyə XİN rəhbəri Cənubi Qafqazla bağlı Ankara–Vaşinqton yanaşmalarının yaxın olduğunu bildirib...
Poliqon xəbər verir ki, Türkiyənin xarici işlər naziri Hakan Fidan ölkəsinin Cənubi Qafqaz siyasəti ilə bağlı mühüm açıqlama verib. O bildirib ki, Türkiyənin regiondakı strateji məqsədləri ABŞ-nin hədəfləri ilə böyük ölçüdə uzlaşır və bu məqsədlərdən biri də Ermənistanın sülh prosesinə cəlb olunmasıdır.
Hakan Fidanın sözlərinə görə, Ankara və ABŞ Cənubi Qafqazda davamlı sabitliyin və təhlükəsizliyin təmin olunmasında maraqlıdır. Nazir vurğulayıb ki, Ermənistanın sülhə məcbur edilməsi regionda uzunmüddətli sülhün bərqərar olması üçün əsas şərtlərdən biridir. Onun fikrincə, bu proses yalnız ikitərəfli münasibətlər baxımından deyil, bütövlükdə regional təhlükəsizlik və əməkdaşlıq müstəvisində mühüm əhəmiyyət daşıyır.
Türkiyə XİN rəhbəri qeyd edib ki, ABŞ-nin Cənubi Qafqaz siyasəti regionda yeni qarşıdurmaların qarşısının alınmasına, nəqliyyat və kommunikasiya xətlərinin açılmasına, iqtisadi əlaqələrin genişlənməsinə xidmət edir. Fidan əlavə edib ki, Türkiyə bu yanaşmanı dəstəkləyir və regional inteqrasiyanın gücləndirilməsini vacib hesab edir.
Nazir həmçinin bildirib ki, Ankara Cənubi Qafqazda sülh və əməkdaşlıq mühitinin formalaşması üçün diplomatik səylərini davam etdirəcək. Onun sözlərinə görə, Türkiyə ABŞ-nin təşəbbüsləri ilə koordinasiyalı şəkildə hərəkət edərək regionda dayanıqlı inkişaf və təhlükəsizlik üçün real addımların atılmasını prioritet sayır.
Poliqon.info