AZ

Rusiya küncə sıxılır: Kremllə münasibət yenə sərtləşir

ABŞ-nin Rusiyaya məxsus gəmini Atlantik okeanında həbs etməsi Ukraynada sülh planı ilə bağlı son vaxtlar Moskva və Vaşinqton arasında yaxınlaşan münasibətləri yenidən gərginləşdirib.

Üstəlik, ABŞ Prezidenti Donald Trampın Rusiyaya qarşı növbəti sanksiyalar paketini təsdiqləməsi Moskva ilə ciddi fikir ayrılığındanxəbər verir. Bu baxımdan, ABŞ-nin Venesuelanın Prezidenti Nikolas Maduronu oğurlayaraq hakimiyyətdən kənarlaşdırması bir çox liderlər kimi Rusiya Prezidenti Vladimir Putinə xəbərdarlıq mesajı hesab edilir. Ukrayna cəbhəsində sülh müqaviləsini razılaşdıra bilməyən ABŞ və Rusiya bu dəfə Atlantik okeanda, daha dəqiq desək Venesuela sahillərində qarşı-qarşıya gəlib. ABŞ Rusiya gəmisinin saxlanılmasını qanuni hesab edir və burada Moskvanın iddia etdiyi kimi, hər hansı zorakılıq və güc nümayişi görmədiyini deyir.

Çünki “Bella 1” gəmisi Rusiyanın kölgə donanmasına daxil olub və qaçaqmalçılıq yolu ilə neft daşıyırmış. Rusiya Xarici İşlər Nazirliyinin məlumatına görə, neft tankeri dekabrın 24-də Rusiya bayrağı altında üzmək üçün müvəqqəti icazə alıb və Şimali Atlantikanın beynəlxalq sularında dinc keçid edərək Rusiya limanlarından birinə qayıdırmış. Xarici İşlər Nazirliyindən həmçinin bildirilib ki, ABŞ dəfələrlə tankerin Rusiyaya aid olması və mülki-dinc statusu barədə məlumatlandırılıb. Xarici İşlər Nazirliyi qeyd edir ki, açıq dənizdə gəminin dayandırılması və yoxlanılması yalnız məhdud sayda səbəblərə, məsələn, piratçılığa və ya kölə ticarətinə görə mümkündür. Bu isə “Bella 1”-ə şamil edilmir.

Digər hallarda bu cür hərəkətlərə yalnız bayraq dövlətinin razılığı ilə icazə verilir. Rusiya belə bir razılıq verməyib və ABŞ Sahil Mühafizəsi tərəfindən tankerin təqibi ilə əlaqədar Amerika hakimiyyətinə rəsmi etirazını bildirib. 

Lakin ABŞ Rusiyanın bu narazılığa əhəmiyyət verməyib. Çünki ABŞ, Avropa İttifaqı və Böyük Britaniya Rusiyanın “kölgə” donanması ilə neft və maye qaz daşınmasına görə sanksiyalar tətbiq edib. Artıq bu qadağalar neytral sularda da tətbiq edilir. Qərbdə hesab edirlər ki, Rusiya qaçaqmalçılıq yolu ilə enerji satışından əldə edilən gəlirləri Ukraynaya qarşı müharibəyə xərcləyir. Bu baxımdan, “Bella 1” gəmisinin həbsi ABŞ-nin siyasi və hüquqi öhdəliyi kimi nəzərdən keçirilməlidir. 

Qeyd edək ki, bu, ABŞ və Rusiya arasında “Bella 1” tankeri ilə bağlı baş verən birinci qalmaqal deyil. Məsələyə diqqətlə nəzər saldıqda, ABŞ-nin son günlər Rusiyaya artan təzyiqlərinin yalnız neft satışına qoyulan sanksiyalarla bağlı olmadığını görmək olar. 2025-ci il dekabrın sonlarında ABŞ Sahil Mühafizəsi Karib dənizində Venesuelaya doğru gedən Panama bayrağı altında üzən “Bella 1” tankerini ələ keçirməyə cəhd göstərib.

Gəminin Panama bayrağı altında hərəkət etməsi onun qaçaqmalçılıqla məşğul olduğunu bir daha təsdiqləyir. Vaşinqton gəminin qadağan edilmiş neft daşımağa görə ABŞ Maliyyə Nazirliyinin sanksiya siyahısında olduğunu bildirib. Rusiya, Ukrayna və Hindistan vətəndaşlarından ibarət heyət Amerika hərbçilərinin tələblərini yerinə yetirməkdən imtina edib. Onlar  təqibdən qaçarkən gəminin yan tərəfinə Rusiya bayrağını asıblar. “The WallStreetJournal” qəzeti Rusiyanın tankeri müşayiət etmək üçün sualtı qayıq və “digər dəniz qüvvələri” göndərdiyini bildirib.

Gəminin qanunsuz neft daşımasına görə yanvarın 7-də həbs edilməsindən əvvəl Karib dənizində ABŞ hərbçilərinin hədəfinə gəlməsi məsələnin digər tərəfini aşkara çıxarır. Son zamanlar Tramp administrasiyası Venesuelada devrilmiş Nikolas Maduro rejiminin əsas dəstəkçilərindən olan Rusiyanın və Çinin Karib dənizi hövzəsində artan fəallığından narahatdır. Rusiya gəmisinin də nefti Venesueladan yükləyib başqa ölkələrə daşıdığı güman edilir.

Maduronun həbs edilərək hakimiyyətdən kənarlaşdırılmasından sonra ABŞ Rusiyanın və Çinin Venesuela neftinə çıxışının qarşısını almağa çalışır. Prezident Tramp ABŞ şirkətlərinin Venesuelaya qayıtması və neft sektorunda əsas hasilatçı olması barədə bu ölkənin yeni rəhbərliyi ilə danışıqlara başlayacağını bildirib. Eyni zamanda, rəsmi Vaşinqton vitse-prezident DelsiRodrigesdən Rusiya, Çin, İran və Kuba diplomatlarının və hərbçilərinin Venesueladan çıxarılmasını tələb edir. Göründüyü kimi, ABŞ Karib dənizi regionunda SSRİ-nin siyasi varisini və düşmən münasibətdə olduğu digər ölkələri görmək istəmir. ABŞ Karib hövzəsini özünün təsir zonası və milli təhlükəsizliyi üçün həssas bölgə hesab edir. 

Seçilən
53
cebheinfo.az

1Mənbələr