AZ

Fazil Mustafa: “Radikal qrupların təsirinə qarşı təhsil və mədəniyyət əsas silahdır”

Azərbaycanda dini və milli tolerantlığın qorunması dövlət siyasətinin prioritet istiqamətlərindən biridir və bu sahədə formalaşan qanunvericilik bazası artıq ölkə üçün möhkəm zəmin yaradır. Lakin ekspertlər bildirir ki, qanunların tətbiqi və icra mexanizmlərinin effektivliyi hələ də inkişaf etdirilməlidir.

Məsələ ilə bağlı “Yeni Sabah”a danışan Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Fazil Mustafa danışıb.

Deputat bildirib ki, qanunvericilik deyil, həm də maarifləndirmə və təhsil sisteminin bu prosesdə həlledici rolu var:

“Ümumilikdə ölkə siyasəti mükəmməldir və bu sahəyə aid qanunvericilik bazası formalaşdırılıb. Lakin əsas məsələ icra mexanizmləri ilə bağlıdır. İcranın daha effektiv olması üçün müvafiq qurumların təhsil sistemi ilə birgə geniş və məqsədyönlü proqramlar həyata keçirməsinə ehtiyac var. Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi bu istiqamətdə xeyli işlər görürlər. Eyni zamanda, Milli Məclisdə də əldə olunan təkliflər əsasında qanunvericilik bazasının təkmilləşdirilməsi istiqamətində işlər davam etdirilir.

Bununla yanaşı, əsas diqqət birbaşa insanlara, onların dünyagörüşünə və bu mövzular ətrafında aparılan müzakirələrə yönəlməlidir. Əgər müəyyən kütlələrin cahilləşdirilməsinə yönəlmiş tendensiyaların qarşısı alınmasa, bu sahədə əldə olunan uğurlar yetərli olmayacaq”.

F.Mustafa tolerantlıq və multikulturalizm sahəsində açıq diskussiyaların əhəmiyyətini qeyd edib:

“Azərbaycan dövləti yalnız öz ərazisində prosesləri tənzimləməklə kifayətlənməməli, həm də xaricdən gələn təsirlərə, xüsusilə də ölkədə proksi qüvvələrin formalaşdırılmasına yönəlmiş fəaliyyətlərə qarşı tədbirlər görməlidir. Xarici ölkələrə ziyarət adı ilə gedərək həmin ölkələrin təsir dairəsinə düşən şəxslərin müəyyən dərəcədə islah olunması və onların Azərbaycan dövlətinə faydalı fəaliyyətə cəlb edilməsi vacibdir.

Digər mühüm məqam ondan ibarətdir ki, tolerantlıq və multikulturalizm məsələlərində yalnız qapalı tədbirlərlə kifayətlənmək olmaz.  Daha çox açıq görüşlər, disputlar və diskussiyalar keçirilməlidir. Xüsusilə dünyəvi dövlət anlayışının mahiyyəti izah olunmalı, dinin əxlaqi dəyərlərinin yanlış şərh edilməsinə qarşı sistemli mübarizə aparılmalıdır. Maarifləndirmə işi geniş miqyasda həyata keçirilməlidir. Çünki insanlar çox vaxt ilk eşitdikləri mənbə əsasında dini təsəvvürlərini formalaşdırır və bu da sonradan qanunsuz fəaliyyətlərə yol aça bilir”.

O, gənclər arasında milli-mənəvi dəyərlərin öyrədilməsinin vacibliyini də vurğulayıb:

“Gənclər arasında milli-mənəvi dəyərlər məsələsi daim aktualdır. Lakin bu dəyərləri yalnız təbliğat yolu ilə, vətənpərvərlik şüarları və çağırışlarla aşılamaq mümkün deyil. Bu yanaşma daha çox keçmiş ideoloji dövlətlərə xasdır. Əsas yol təhsil sisteminin elə qurulmasıdır ki, orta məktəbi bitirən şəxs tolerantlıq və din bilikləri sahəsində yetkin düşüncəyə malik olsun və bu mövzularda düzgün mühakimə yürüdə bilsin. Əks halda, gənclər radikal və ya cahil qrupların təsiri altına düşürlər.

Bu baxımdan təhsil və mədəniyyət sahələrindən başqa alternativ yol yoxdur. Mədəni sahədə musiqi məktəblərinin, düşüncə mərkəzlərinin sayı artırılmalı, valideynlər uşaqlarını bu mərkəzlərə yönləndirməyə təşviq edilməlidir. Bütün bunlar kompleks tədbirlər şəklində həyata keçirilməlidir. Yalnız bu əsas elementlər reallaşdırıldıqdan sonra aparılan təbliğat da real nəticə verə bilər”.

Əsmətxanım Rzazadə

Məqalə Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə “Dini və milli tolerantlıq, millətlərarası münasibətlərin inkişaf etdirilməsi” istiqaməti üzrə hazırlanmışdır.   


Telegram kanalımız
Seçilən
62
yenisabah.az

1Mənbələr