Yaşıl enerjiyə doğru inamlı addım: “Xızı-Abşeron” Külək Elektrik Stansiyası
Prezident İlham Əliyevin Bakıda “Xızı-Abşeron” Külək Elektrik Stansiyasının rəsmi açılış mərasimindəki çıxışı bir daha sübut etdi ki, Azərbaycan enerji təhlükəsizliyini yalnız bugünün deyil, gələcək nəsillərin maraqları prizmasından dəyərləndirən, çevik və uzaqgörən siyasət həyata keçirir. Bu mühüm tədbir təkcə yeni enerji obyektinin istifadəyə verilməsi deyil, eyni zamanda ölkəmizin bərpa olunan enerji strategiyasının real nəticələrlə möhkəmləndiyini göstərən tarixi hadisədir.
Bu fikirləri aia.az-a açıqlamasında Milli Məclisin üzvü Tamam Cəfərova deyib.
Deputat bildirib ki, Dövlət başçısı çıxışında ölkəmizin müxtəlif yerlərində bərpaolunan enerji növlərinin inkişaf etdiyini vurğulayıb. Cənab Prezident qeyd edib ki, “Növbəti böyük stansiyaların açılışı Biləsuvarda, Neftçalada, Naxçıvanda, işğaldan azad edilmiş ərazilərdə nəzərdə tutulur”. Bu, onu deməyə əsas verir ki, “Xızı-Abşeron” Külək Elektrik Stansiyası Azərbaycanın genişmiqyaslı yaşıl enerji strategiyasının mühüm tərkib hissəsidir. Layihə bir tərəfdən enerji balansında alternativ və təmiz mənbələrin payını artırırsa, digər tərəfdən ölkəmizin qlobal iqlim çağırışlarına məsuliyyətli yanaşmasının bariz nümunəsidir.
Prezident İlham Əliyev çıxışında Azərbaycanın enerji sisteminin son illər ərzində köklü şəkildə yeniləndiyini xüsusi olaraq qeyd etdi. Dövlət başçısının sözlərinə görə, “Azərbaycanda enerji sisteminin müasirləşdirilməsi, modernləşdirilməsi, inkişafı son illər ərzində əsas prioritetlərdən biri kimi qəbul edilmişdir”. O bildirdi ki, son 20 il ərzində generasiya gücləri, yarımstansiyalar və ötürücü xətlər tamamilə yenilənib və “ölkəmizdə yaradılmış generasiya gücləri bütün əvvəlki dövrlə müqayisədə təxminən üç dəfə artmışdır”.Bu gün Azərbaycanın ümumi generasiya gücünün təxminən 10 min meqavata çatdığını vurğulayan Prezident İlham Əliyev bunu tarixi rekord kimi dəyərləndirdi və əlavə etdi ki, “növbəti illər ərzində bir çox yeni bərpaolunan enerji generasiya gücü yaradılacaq”. Bu isə ölkəyə həm artan daxili tələbatı tam ödəməyə, həm də elektrik enerjisinin ixrac imkanlarını daha da genişləndirməyə şərait yaradacaq.
Dövlət başçısı çıxışında balanslaşdırılmış yanaşmanın vacibliyinə də toxundu. O qeyd etdi ki, “Azərbaycanda bu iki proses – yəni ənənəvi generasiya gücləri və bərpaolunan generasiya gücləri paralel şəkildə aparılmalıdır”. Bu yanaşmanın nəticəsi olaraq Mingəçevirdə ötən il istismara verilmiş təxminən 2000 meqavat gücündə ənənəvi elektrik stansiyası ölkənin enerji təhlükəsizliyini daha da möhkəmləndirib.
Eyni zamanda, Prezident İlham Əliyev bərpa olunan enerji sahəsində son nailiyyətləri sadalayaraq bildirdi ki, “230 meqavat gücündə Günəş elektrik stansiyası istismara verilmişdir, bu gün 240 meqavat gücündə külək elektrik stansiyası fəaliyyətə başlayır, işğaldan azad edilmiş ərazilərdə – Cəbrayıl rayonunda isə ümumi gücü 340 meqavat olan üç Günəş elektrik stansiyası inşa edilir”. Bu faktlar Azərbaycanın yaşıl enerji potensialının sistemli və planlı şəkildə reallaşdırıldığını açıq şəkildə nümayiş etdirir.
Millət vəkili qeyd edib ki, “Xızı-Abşeron” Külək Elektrik Stansiyası Azərbaycanın dayanıqlı inkişaf strategiyasının mühüm tərkib hissəsidir . Bu layihə külək enerjisi potensialının səmərəli istifadəsi ilə yanaşı, Azərbaycanın qlobal iqlim çağırışlarına məsuliyyətli yanaşmasının göstəricisidir.
Prezident İlham Əliyevin çıxışında beynəlxalq əməkdaşlıq və investisiya mühitinə verilən önəm də diqqət çəkdi. Xarici tərəfdaşlarla birgə həyata keçirilən bu layihə Azərbaycanın etibarlı, sabit və proqnozlaşdırılan tərəfdaş kimi beynəlxalq enerji bazarındakı mövqeyini daha da gücləndirir və milli iqtisadiyyatın şaxələndirilməsinə mühüm töhfə verir.
Nəticə etibarilə, Prezident İlham Əliyevin “Xızı-Abşeron” Külək Elektrik Stansiyasının açılış mərasimindəki çıxışı Azərbaycanın enerji siyasətinin ardıcıl, milli maraqlara əsaslanan və qlobal trendlərlə uzlaşan xətt üzrə inkişaf etdiyini bir daha təsdiqlədi. Azərbaycan yaşıl enerjiyə keçidi yalnız niyyət və bəyanatlarla deyil, konkret layihələr və ölçülə bilən nəticələrlə reallaşdırır ki, bu da ölkəmizin dayanıqlı inkişaf strategiyasının uğurla icra olunduğunun ən aydın göstəricisidir.Millət vəkili Tamam Cəfərova belə deyib.