AZ

D vitamini səviyyəsini artıran təbii qidalar

D vitamini çatışmazlığı, xüsusilə günəş işığının azaldığı payız və qış aylarında ən çox rast gəlinən sağlamlıq problemlərindən biri olaraq qalır.

E-saglam.az xəbər verir ki, bu vitamin sümük möhkəmliyindən immun sisteminin güclənməsinə, əzələ funksiyasından əhval-ruhiyyənin tənzimlənməsinə qədər orqanizmdə mühüm rol oynayır. D vitaminini yalnız günəş şüalarından deyil, düzgün seçilmiş qidalar vasitəsilə də əldə etmək mümkündür.

Pəhrizlə D vitamini səviyyəsini artırmağın ən təsirli yollarından biri yağlı balıqların mütəmadi istehlakıdır. Qızılbalıq, alabalıq, tuna, siyənək və sardina bu vitaminin ən zəngin təbii mənbələri hesab olunur. Mütəxəssislər bildirir ki, vəhşi balıqlarda D vitamini miqdarı fermada yetişdirilən balıqlarla müqayisədə daha yüksəkdir. Bu balıqlar eyni zamanda ürək sağlamlığı üçün faydalı olan omeqa-3 yağ turşuları ilə də zəngindir.

Tarixən raxitin qarşısını almaq üçün istifadə edilən treska balığı yağı D vitamininin ən konsentrat mənbələrindən biridir. Bir xörək qaşığı treska balığı yağı 1300 BV-dən çox D vitamini ehtiva edə bilər. Dadını ağır hesab edənlər üçün bu yağ kapsul formasında və ya içkilərə əlavə edilərək qəbul edilə bilər.

D vitamini ilə zənginləşdirilmiş qidalar da gündəlik tələbatın qarşılanmasında mühüm rol oynayır. Süd, bitki mənşəli süd alternativləri, qatıq, portağal suyu və bəzi səhər yeməyi məhsulları bu vitaminlə zənginləşdirilir. Orta hesabla bir stəkan zənginləşdirilmiş süd 100–120 BV D vitamini təmin edir. Dəqiq miqdarı bilmək üçün məhsulun etiketinə diqqət yetirmək tövsiyə olunur.

Yumurta sarısı da D vitamini mənbələri arasında yer alır. Bir böyük yumurta təxminən 50 BV D vitamini ehtiva edir. Sərbəst gəzən və xüsusi yemlərlə bəslənən toyuqların yumurtalarında bu göstərici daha yüksək ola bilər. Bitki mənşəli qidalanmaya üstünlük verənlər üçün isə ultrabənövşəyi işıqla işlənmiş göbələklər alternativ seçim sayılır. Bu göbələklər bir porsiyada yüksək miqdarda D2 vitamini təmin edə bilir.

Mütəxəssislərin tövsiyəsinə görə, 19–70 yaş arası böyüklər üçün gündəlik D vitamini tələbi 600 BV, 70 yaşdan yuxarı şəxslər üçün isə 800 BV-dir. Lakin bu miqdara yalnız qida vasitəsilə çatmaq hər zaman mümkün olmur. Bu səbəbdən düzgün qidalanma, təhlükəsiz günəşə çıxma və zəruri hallarda həkim nəzarəti altında əlavələrdən istifadə tövsiyə edilir.

D vitamini səviyyəsi yaşa, dəri rənginə və yaşanılan coğrafi əraziyə görə dəyişə bilər. Əlavə qəbuluna başlamazdan əvvəl qan analizi verilməsi və mütəxəssis məsləhəti alınması vacib hesab olunur.

Tərcümə: Könül Oruc

E-saglam.az

Seçilən
23
e-saglam.az

1Mənbələr