“Hər bir ölkənin iqtisadi inkişafının təmini üçün ən vacib faktorlardan biri investisiya axınlarıdır. Azərbaycanda da son dövrlər biznes mühitinin yaxşılaşdırılması, investisiya cəlb edilməsi imkanlarının stimullaşdırılması, dövlət səviyyəsində mövcud investisiya mühitinin daha da yaxşılaşdırılması üçün ciddi addımlar atılıb. Xüsusən də qeyri-neft sektoruna xarici investorların cəlbi üçün vergi və digər sahələrdə yumşaltmalar edilməkdə, güzəştli xarakter daşıyan addımlar atılmaqdadır”.
Bu sözləri Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Müşfiq Cəfərov bildirib.
Onun sözlərinə görə, Azərbaycanda artıq neft sektoruna kifayət qədər xarici investisiya yatırılıb: “İndi isə əsas məqsəd investisiya axınını qeyri-neft sektoruna yönəltməkdir. Hazırda ölkəyə yatırılan qeyri-neft investisiyalar isə daha çox birbaşa dövlət investisiyaları və yerli sahibkarların maliyyə vəsaitləri hesabına edilən yatırımlardır. Ölkəmiz son illər regional iqtisadi xəritədə həm sabitlik, həm də gəlir potensialı baxımından seçilən ölkələrdən biridir. Buna görə də artıq həm yerli, həm də xarici investorlar üçün Azərbaycana investisiya qoyuluşu həm təhlükəsiz, həm də sərfəli hesab olunur. Azərbaycanda enerji resursları olan neft və qaz ölkənin maliyyə dayanıqlığının əsas baza mənbəyidir. Eyni zamanda Azərbaycan bu gün Avropanın enerji təhlükəsizliyində mühüm tərəfdaş kimi çıxış edir. Bunun fonunda bərpaolunan enerji layihələri üzrə irihəcmli sazişlər imzalanır və bu sahə yeni investisiya dalğası üçün açıqdır. Dövlətimizdəki sabit siyasi mühit, güclü enerji bazası, strateji coğrafi mövqe, azad iqtisadi zonalar və sənaye parkları, eləcə də rəsmi investisiya təşviqi mexanizmi və vergi-gömrük güzəştləri Azərbaycana investisiya etməyi həm risk baxımından idarəolunan, həm də gəlir baxımından sərfəli edir”.
Şəhanə Quliyeva