“Respublika çempionatında təşkilatçılıq yüksək səviyyədədir”.
Bu sözləri Offsideplus.az saytına açıqlamasında yunan-Roma güləşçisi Sənan Süleymanov deyib.
77 kq çəki dərəcəsində çempion olan idmançı yarış haqqında fikirlərini bölüşüb:
“İlk görüşdə 9:0 hesabı ilə qalib gəldim. Yarımfinaldakı rəqibim isə dəfələrlə güləşdiyim, birlikdə məşq etdiyim Xasay Həsənli idi. O da təcrübəli rəqibdir. Bu görüşdən də qalib ayrılaraq finala yüksəldim. Açığı, final gözlədiyimdən daha çətin keçdi. İlk saniyələrdə dörd xal qazansam da, boynumdakı zədə səbəbindən parterdən qaldırıb atma fəndini düzgün icra edə bilmədim. Bu səbəbdən növbəti dəqiqələrdə bir qədər çətinlik çəkdim. Ancaq sonda qalib gələ bildim. Məni dəstəkləyən hər kəsə təşəkkür edirəm”.
Qeyd edək ki, güləş üzrə Azərbaycan çempionatı yanvarın 11-də başa çatacaq.