Bu gün, yanvarın 9-da Xəzər rayonunun Türkan qəsəbəsində yaşayan Kamal Vahid oğlu Atakişiyevin meyiti aşkarlanıb.
NOCOMMENT.az xəbər verir ki, Kamal Atakişiyev üç gün əvvəl itkin düşüb. Bu gün isə sahibkar Hacı Seyfələ məxsus daş karxanasında, torpaq qalaqlarının arasında ölü vəziyyətdə tapılıb.
Hadisə ilə bağlı yayılan məlumatlar ziddiyyətlidir. Bildirilir ki, mərhumun ayaqqabılarından biri tapılmayıb. Bu detal ətrafda müxtəlif şübhə və ehtimalların yayılmasına səbəb olub. Yerli sakinlər arasında Kamal Atakişiyevin meyitinin əraziyə sonradan atılması iddiaları da dolaşır. Hələlik bu iddiaları təsdiq və ya təkzib edən rəsmi açıqlama yoxdur.
Mərhum Kamal Atakişiyevi tanıyanlar bildirir ki, o, Hacı Seyfələ məxsus daş karxanasında fəhlə kimi çalışıb, “KamAZ” maşınlarına daş yükləməklə məşğul olub. Onun qohumları ilə birlikdə gecə saatlarında 7–8 yük maşınına daş yüklədiyi, bundan da hər fəhləyə 40–50 manat qazanc düşdüyü deyilir.
Kamal Atakişiyev gündəlik spirtli içki qəbul etsə də, işləyən, zəhməti ilə qazanan biri kimi tanınıb.
Hadisə fonunda Hacı Seyfələ məxsus daş karxanası və onun fəaliyyəti ilə bağlı daha ağır iddialar da səsləndirilir. Bildirilir ki, Hacı Seyfəl babası rəhmətə getdikdən sonra karxananın işlərini faktiki olaraq özü idarə edir.
Kamal Atakişiyevin meyiti ekspertizadan keçirilməsi üçün Xəzər rayon Məhkəmə Tibb Ekspertizasına aparılıb. Faktla bağlı Xəzər rayon Prokurorluğunda araşdırma aparılır. /Musavat.com/