
ABŞ ordusunun bu səhər Karib hövzəsində hərəkətdə olan daha bir neft tankerinə əməliyyat keçirərək onu ələ keçirdiyi bildirilib.
ABŞ-ın Cənub Komandanlığı (SOUTHCOM) X-də açıqlama yayıb.
Açıqlamada “Bu səhər qurumlararası birgə qüvvələrimiz bir daha açıq mesaj verdi: ‘Cinayətkarlar üçün təhlükəsiz sığınacaq yoxdur’” deyə bildirilib.
Sübh vaxtı həyata keçirilən əməliyyat zamanı USS Gerald R. Ford gəmisindən hərəkət edən dəniz piyadalarının Karib dənizində “Olina” adlı neft tankerini heç bir insident baş vermədən nəzarətə götürdüyü qeyd edilib.
Açıqlamada bu cür əməliyyatların ABŞ Hərbi Dəniz Qüvvələrinə məxsus USS Iwo Jima, USS San Antonio və USS Fort Lauderdale gəmilərində yerləşən birgə qüvvələr tərəfindən də dəstəkləndiyi, Qərb yarımkürəsində təhlükəsizlik tam təmin olunana qədər bu fəaliyyətlərin davam etdiriləcəyi vurğulanıb.
ABŞ hərbçilərinin helikopterlə sözügedən gəmiyə enərək əməliyyat keçirdiyi və gəmidə axtarış apardığı bildirilib.