Artıq ali, orta ixtisas, peşə və ümumi təhsil pillələri üzrə diplomlar, attestatlar, sertifikatlar və onlara əlavələr hüquqi qüvvəyə malik elektron sənədlər kimi formalaşdırılacaq. Hətta təhsilini müxtəlif səbəblərdən tamamlaya bilməyən şəxslərə də verilən arayışlar elektron sənəd formasında yaradılacaq. Bəs yeni qərarın üstünlükləri hansıdır? Təhsil eksperti Məzahir Məmmədli Metbuat.az-a açıqlamasında bildirib ki, beynəlxalq təcrübədə kağız daşımalara artıq uzun illərdir son qoyulub və inkişaf etmiş ölkələrdə bu cür sistemlər illərdir tətbiq olunur. Odur ki, Azərbaycanın da bu prosesə qoşulması, şübhəsiz ki, müsbət addımdır: “Çünki indiyədək ali təhsil müəssisəsini bitirib əmək bazarına yeni daxil olan məzunlar diplomların əldə olunması ilə bağlı müəyyən problemlərlə üzləşirdilər. Onlar müxtəlif instansiyalara müraciət etməyə, Elm və Təhsil Nazirliyi və digər icra orqanları qarşısında bürokratik prosedurlardan keçməyə məcbur qalırdılar ki, ali təhsili bitirmələrini təsdiq edən sənədləri daha tez ala bilsinlər. Bu baxımdan hesab edirəm ki, artıq peşə təhsilindən başlayaraq doktorantura səviyyəsinədək bütün mərhələləri bitirmiş şəxslər kağız daşımalardan azad olacaq”.
M.Məmmədli qeyd edib ki, təhsilini müəyyən səbəblərdən yarımçıq qoymuş şəxslərin sənədlərinin alınması zamanı mövcud olan bürokratik və digər neqativ halların da qarşısı alınacaq. “Azərbaycanın elm və təhsil sahəsinin dünya ilə inteqrasiya etməsi və qlobal sistemin bir hissəsinə çevrilməsi fonunda bu addımlar tam məntiqli və normal qarşılanmalıdır. Bu yenilik vətəndaş məmnunluğunu artıracaq, məzunlar diplomlarını uzun müddət gözləmək məcburiyyətində qalmayacaqlar. Ümumilikdə isə bu dəyişikliklərin cəmiyyət üçün faydalı olacağı qənaətindəyəm”, - deyə ekspert əlavə edib. Sevinc İbrahimzadə / Metbuat.az