Y.Bağırzadənin sözlərinə görə, xarici müdaxilə olmadan daxili etirazlar vasitəsilə hakimiyyətin devrilməsi çətidir: “Bu baxımdan Liviyada Qəddafi rejiminin Fransa, Böyük Britaniya və Birləşmiş Ərəb Əmirliklərinin birbaşa müdaxiləsi nəticəsində devrilməsi nümunə kimi göstərilir. Hazırkı vəziyyətdə də ABŞ Prezidenti Trampın qeyd etdiyi kimi, hər hansı xarici müdaxilə olmazsa, İranda köklü dəyişikliklərin baş verməsi ehtimalı zəif qiymətləndirilir. Eyni zamanda nəzərə almaq lazımdır ki, İran çoxmillətli və çoxetnik tərkibə malik dövlətdir. Hakimiyyətin devrilməsi halında ölkədə genişmiqyaslı vətəndaş müharibəsi riski də istisna edilmir. Etirazlar ilkin mərhələdə bazarlardan, xüsusilə Tehran və Təbriz bazarlarından başlasa da, hazırda siyasi motivli xarakter alıb. 2019 və 2022-ci illərdən fərqli olaraq, bu dəfə etirazlara bəzi əyalətlərdə daxili təhlükəsizlik qüvvələrinin, yəni polislərin də qoşulması müşahidə olunur. Bu amil İran molla rejiminin hakimiyyətinin sona çatması ehtimalı kimi də şərh edilir. Qeyd edilməlidir ki, İranda mümkün genişmiqyaslı qarşıdurma region ölkələri üçün də ciddi risklər yarada bilər”. Politoloq qeyd edib ki, hazırda hadisələrin tam nəzarətdən çıxmamasının səbəblərindən biri kimi islahatçıların hakimiyyətdə olmasıdır: “Prezident Məsud Pezeşkian nümayişçilərin tələblərinin dinlənilməli olduğunu və bu tələblərin haqlı sayıldığını bildirir. Lakin ali dini lider Ayətullah Xamenei fərqli mövqe sərgiləyərək baş verənləri tələb deyil, üsyan kimi qiymətləndirir və onun yatırılmalı olduğunu vurğulayır. Bu səbəbdən proseslərin gedişini gözləmək zərurəti yaranır. Bununla belə, etirazların kütləviliyi, tələbələrin prosesə qoşulması və bəzi şəhərlərdə etirazçıların üstünlük qazanması İranın ciddi bir böhran, hətta böyük kataklizm qarşısında olduğunu göstərir. Bundan əlavə, yaxın vaxtlarda ABŞ Senatında həm respublikaçılar, həm də demokratlar tərəfindən qərar qəbul edilib ki, Konqres və Senatın icazəsi olmadan Tramp administrasiyası heç bir dövlətə qarşı hərbi müdaxilə edə bilməz. Bu amil İran hadisələri kontekstində mühüm faktor kimi qiymətləndirilməlidir. Yəni bu qərardan sonra ABŞ-nin İrana müdaxilə edib-etməyəcəyi hələ də qeyri-müəyyən olaraq qalır və proseslərin taleyində əsas rol oynaya biləcək amillərdən biri kimi diqqətdə saxlanılmalıdır”. Sevinc İbrahimzadə / Metbuat.az