“Azergold” QSC-də keçirilən növbəti tender ətrafında ciddi suallar yaranıb. Açıq mənbələrdə yer alan məlumatlara görə, tenderin qalibi olan şirkətin adı daha əvvəl müxtəlif layihələrdə maliyyə maxinasiyaları və dələduzluq iddialarında hallanıb. Bu isə dövlət vəsaitinin xərclənməsi ilə bağlı şəffaflıq məsələsini yenidən gündəmə gətirib.
Azadmedia.az xəbər verir ki, məsələnin diqqətçəkən tərəfi ondan ibarətdir ki, sözügedən şirkət barədə mediada və açıq informasiya resurslarında kifayət qədər şübhəli faktlar mövcud olduğu halda, onun “Azergold” kimi strateji əhəmiyyətli bir qurumun tenderində qalib elan edilməsi izah olunmur. Bu fakt tender komissiyasının qiymətləndirmə mexanizmlərinin nə dərəcədə obyektiv aparıldığı sualını doğurur.
Dövlət satınalmalarında əsas meyar təkcə qiymət yox, həm də şirkətin etibarlılığı, əvvəlki fəaliyyəti və hüquqi reputasiyası olmalıdır. Əgər adı dələduzluq qalmaqallarında keçən şirkətlər problemsiz şəkildə tenderlər qazanırsa, bu, həm sağlam rəqabət mühitinə zərbə vurur, həm də dövlət maraqlarını risk altına salır.
Haqlı olaraq sual yaranır:
— Tender iştirakçılarının keçmiş fəaliyyəti niyə dərindən araşdırılmayıb?
— Bu seçimdə hansı maraqlar rol oynayıb?
— Məsul şəxslər baş verənlərə aydınlıq gətirəcəkmi?
Qeyd edək ki, “Azergold” QSC dövlət vəsaiti hesabına fəaliyyət göstərən qurumdur və onun həyata keçirdiyi bütün satınalmalar ictimai nəzarət və şəffaflıq prinsiplərinə uyğun olmalıdır. Əks halda, bu cür qalmaqallar dövlət qurumlarına olan etimadı ciddi şəkildə sarsıdır.
Mövzu ilə bağlı rəsmi qurumların mövqeyini dərc etməyə hazırıq.
Qeyd: Məqalədə gununsesi.info-da gedən xəbərdən istifadə edilib.