
Ukrayna Xarici İşlər naziri Andriy Sibiha Rusiya ordusunun ölkəyə “Oreşnik” orta mənzilli ballistik raketlə hücum etməsinin ardından Birləşmiş Millətlər Təşkilatı Təhlükəsizlik Şurasının (BMT TŞ) təcili iclasını çağırdıqlarını açıqlayıb.
Sibiha X-də paylaşım edərək, Rusiya tərəfindən bu gecə həyata keçirilən hava hücumlarına reaksiyasını bildirib.
Ukrayna Xarici İşlər naziri Rusiyanın ölkənin Lvov bölgəsinə “Oreşnik” orta mənzilli ballistik raketlə hücum etdiyini açıqladığını xatırladaraq bildirib: “Rusiyanın Avropa İttifaqı və NATO sərhədlərinə yaxın belə bir hücum həyata keçirməsi Avropa qitəsində təhlükəsizliyə ciddi təhdid və transatlantik icma üçün bir sınaqdır”.
Sibiha bildirib ki, hücumun ardından BMT Təhlükəsizlik Şurasını təcili iclasa çağırıblar.
O, Ukrayna ordusunun Rusiya Prezidenti Vladimir Putinin Novqoroddakı iqamətgahına hücum etmədiyini bir daha qeyd edib və Rusiyanın Ukraynaya hücum üçün bəhanə axtardığını vurğulayıb.
Sibiha əlavə edib ki, Rusiya tərəfindən orta mənzilli ballistik raketlə hücum əslində qlobal bir təhlükədir.
O, ABŞ, Avropa müttəfiqləri və beynəlxalq təşkilatları bu hücum barədə məlumatlandırdıqlarını qeyd edərək bildirib: “Bütün məsul dövlətləri və beynəlxalq təşkilatları Rusiyanın yalanlarını qınamağa və təcavüzkara qarşı təzyiqi gecikdirmədən artırmağa çağırırıq”.