AZ

"Neftçi"yə "YOX" deyən gənc - Səhv qərarın izi ilə...

Edqar Adilxanovun ötən mövsümün sonu "Neftçi" və "Turan Tovuz"dan gələn yaxşı təklifi geri çevirməsi futbol ictimaiyyətində müsbət hal kimi qəbul edildi.

Açığı, buna çox təəccübləndim.

Bunun nəyi təqdir olunmalıdır ki?

Bir gənc futbolçunu autsayder klubda çıxış etməyə motivasiya edən əsas məqam daha iddialı klubların diqqətini çəkməkdir.

Ötən mövsümü əla keçirən 20 yaşlı yarımmüdafiəçi bu missiyanı uğurla tamamlamışdı.

Növbəti addımı atmaq mütləq idi.

"Neftçi"yə getmək, daha da böyümək birinci hədəfə çevrilməliydi.

Dünyanın hər yerində belədir.

Futbolda yaxşı təklif hər an qapını döymür.

Döyəndə dəyərləndirməsini bilməlisən.

İşin peşəkar tərəfi bu cür nizamlanır.

Yerində qalmaq nə vaxtdan inkişaf sayılıb? Təbii ki, çox kiçik istisnalar qaydanı pozmur.

Ümumiyyətlə, "Şamaxı" kimi hədəfləri, imkanları kiçik olan klubda bundan böyük nə qədər böyüyə bilərsən ki?

Elə həmin Edqar bu mövsümün əvvəli ağır zədə aldı.

3 ay yaşıl meydanlardan uzaq qalmaq onu bir xeyli geri saldı.

Əvvəlki Adilxanovdan əsər-əlamət yoxdur. Zədədən sonra keçirdiyi 7 qarşılaşmada heç nə ilə yadda qalmayıb.

Bundan sonra əvvəlki formasını bərpa edib-etməyəcəyi sual olaraq qalır.

İnkişafında böyük rolu olan Ayxan Abbasov sabah "şirlər"i tərk etsə vəziyyət daha da pis ola bilər.

Ötən yay qapısına gələn "Neftçi" bir də onu axtaracaqmı? Şəxsən mən cavab verməkdə çətinlik çəkirəm.

Qısası, "Şamaxı" "Karvan-Yevlax" kimi klublara qayıdış hər zaman hazır variantdır, amma "Neftçi"dən gələcək təklif hər oyunçunun karyerası ərzində bir dəfə görmək istədiyi xəyaldır.

Edqar o xəyalı qapısından qovdu. Sonrakı peşmançılıq isə heç vaxt fayda gətirməyib...

XANOĞLAN / SPORTİNFO.AZ

Seçilən
20
sportinfo.az

1Mənbələr