AZ

Azərbaycanın makroiqtisadi göstəriciləri və strateji inkişaf prioritetləri Cənubi Qafqazda əsas iqtisadi lider mövqeyini gücləndirir

ain.az xəbər verir, Bizimyol saytına əsaslanaraq.

“Son illərdə Azərbaycanın makroiqtisadi göstəriciləri və strateji inkişaf prioritetləri ölkənin Cənubi Qafqazda əsas iqtisadi lider mövqeyini sistemli şəkildə möhkəmləndirdiyini göstərir. Xüsusilə aşağı səviyyədə saxlanılan xarici dövlət borcu, yüksək valyuta və qızıl ehtiyatları, beynəlxalq kredit reytinqlərinin investisiya dərəcəsinə yüksəldilməsi və post-münaqişə dövründə Qarabağın bərpası bu liderliyin əsas iqtisadi dayaqları kimi çıxış edir”.

Bu barədə Bizimyol.info xəbər portalına iqtisadçı Əli Səlimov danışıb. İqtisadçı qeyd edib ki, makroiqtisadi sabitlik baxımından Azərbaycan region ölkələri ilə müqayisədə daha əlverişli mövqedədir. 2025-ci ildə xarici dövlət borcunun 4,9 mlrd ABŞ dollarına enməsi və ÜDM-də payının cəmi 6,4 faiz təşkil etməsi fiskal risklərin məhdud olduğunu göstərir. Eyni zamanda ölkənin valyuta və qızıl ehtiyatlarının 83,6 mlrd ABŞ dollarına çatması və xarici borcu 17 dəfə üstələməsi Azərbaycanın xarici iqtisadi şoklara qarşı yüksək dayanıqlığa malik olduğunu nümayiş etdirir. İqtisadçının fikrincə, bu göstəricilər dövlətin maliyyə manevr imkanlarını genişləndirir və uzunmüddətli iqtisadi sabitlik üçün etibarlı baza formalaşdırır.

Əli Səlimov

“Beynəlxalq reytinq agentlikləri tərəfindən Azərbaycanın kredit reytinqinin investisiya səviyyəsinə yüksəldilməsi də makroiqtisadi idarəetməyə olan etimadın artdığını təsdiqləyir. Kredit reytinqinin yaxşılaşması ölkəyə münasibətdə risk qavrayışını azaldır, maliyyə resurslarına çıxışı asanlaşdırır və uzunmüddətli xarici investisiyalar üçün daha əlverişli mühit yaradır.

Bakıda keçirilən I Beynəlxalq İnvestisiya Forumu çərçivəsində 10 mlrd ABŞ dollarından çox layihə üzrə sənədlərin imzalanması da Azərbaycanın regional investisiya mərkəzi kimi mövqeyinin gücləndiyini göstərən praktik göstərici kimi çıxış edir.

Post-münaqişə dövründə azad edilmiş ərazilərin bərpası isə iqtisadi liderliyin uzunmüddətli perspektivini müəyyən edən əsas istiqamətlərdən biridir. Prezidentin 2025-ci ildə regionlara həyata keçirdiyi 46 səfərin 31-nin azad edilmiş əraziləri əhatə etməsi Qarabağın bərpasının dövlət siyasətində prioritet mövqe tutduğunu göstərir. Bu ərazilərin iqtisadi dövriyyəyə qaytarılması yeni investisiya imkanları yaradır, regional inkişafı stimullaşdırır və ölkənin ümumi iqtisadi potensialını genişləndirir”-deyən Əli Səlimov bildirib ki, aşağı xarici borc səviyyəsi, yüksək valyuta və qızıl ehtiyatları, investisiya dərəcəsinə yüksəlmiş kredit reytinqləri və Qarabağın bərpasına yönəlmiş ardıcıl siyasət Azərbaycanın Cənubi Qafqazda əsas iqtisadi lider mövqeyini möhkəmləndirən fundamental amillər kimi çıxış edir.

İradə Cəlil, Bizimyol.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
17
bizimyol.info

1Mənbələr