Bakı, 9 yanvar, Səbinə Əlizadə, AZƏRTAC
Türk Dövlətləri Təşkilatı (TDT) çərçivəsində əməkdaşlığın əsasında üzv ölkələr arasında formalaşmış yüksək strateji etimad durur. Bu etimad ortaq tarix, türk kimliyi və uzunmüddətli maraqların üst-üstə düşməsinə əsaslanır.
Bu sözləri AZƏRTAC-a açıqlamasında nəqliyyat və təhlükəsizlik məsələləri üzrə qazaxıstanlı ekspert Dastan Ospanov deyib.
Onun sözlərinə görə, məhz bu etimad sayəsində həssas mövzular rahat müzakirə edilir, yeni təşəbbüslər irəli sürülür. Təhlükəsizlik sahəsində əməkdaşlığın dərinləşdirilməsi çərçivəsində Orta Dəhliz üzrə gömrük strukturları arasında qarşılıqlı fəaliyyət xüsusi əhəmiyyət kəsb edir.
“Gömrük orqanları mahiyyət etibarilə fiziki və iqtisadi təhlükəsizliyin kəsişdiyi yarıhərbi strukturlardır və ilk növbədə, qaçaqmalçılıq, qanunsuz dövriyyə, ikili təyinatlı yüklər və tranzit rejimlərinin pozulması kimi risklərlə üzləşirlər. Azərbaycan və Qazaxıstan, eləcə də TDT-nin digər üzvləri üçün gömrük strukturlarının sinxronlaşdırılması prosedurların sürətləndirilməsi və ümumi təhlükəsizlik konturunun formalaşdırılması baxımından vacibdir”, - deyə D.Ospanov vurğulayıb.
O qeyd edib ki, Orta Dəhliz çərçivəsində gömrük sənədlərinin, prosedurların və rəqəmsal platformaların unifikasiyası nəqliyyat sisteminin dayanıqlılığını və təhlükəsizliyini birbaşa gücləndirir.
“Razılaşdırılmış qaydalar əsasında fəaliyyət göstərən gömrük strukturları “kölgə sxemləri” üçün imkanları azaldır, yüklərin hərəkətində şəffaflığı artırır və kritik qovşaqlara düşən yükü minimuma endirir. Bu yanaşma ikili effekt yaradır: bir tərəfdən tranzitin sürətlənməsi hesabına iqtisadi artım təmin olunur, digər tərəfdən Orta Dəhlizin strateji obyekt kimi idarə olunması və nəzarəti güclənir. Böhran vəziyyətlərində gömrük xidmətləri operativ reaksiya mexanizminin mühüm elementi rolunu oynayır”, - deyə ekspert əlavə edib.
D.Ospanov, həmçinin bildirib ki, Azərbaycan Respublikasının pilotsuz uçuş aparatları sahəsindəki təcrübəsi bu təhlükəsizlik modelini daha da gücləndirir: “Perspektivli istiqamətlərdən biri Orta Dəhliz üzrə limanların, dəmir yolu qovşaqlarının və anbar komplekslərinin monitorinqi və qorunması üçün sadə PUA platformalarının Azərbaycanda və Qazaxıstanda yığılması, lokallaşdırılmasıdır. Bu proses vahid təlim proqramları və istismar standartları ilə dəstəklənməlidir. Limanların, quru limanların və dəmir yolu infrastrukturunun pilotsuz təhdidlərdən qorunması üçün razılaşdırılmış antidron protokollarının hazırlanması hibrid təhlükəsizliyin mühüm hissəsini təşkil edir. Gömrük sinxronizasiyası və PUA sahəsində əməkdaşlıq TDT çərçivəsində mobil, iqtisadi və təhlükəsizlik komponentlərinin bir-birini tamamladığı praktik model yaradır”.
D.Ospanov sonda qeyd edib ki, bu yanaşma Prezident İlham Əliyevin irəli sürdüyü “təhlükəsizlik iqtisadi əməkdaşlığın məntiqi davamıdır” konsepsiyasına tam uyğundur.