AZ

Şərqşünas-alimin monoqrafiyası Almaniyada nəşr olunacaq

AMEA-nın akademik Z.Bünyadov adına Şərqşünaslıq İnstitutunun tədqiqatlarının elmi əhəmiyyətinin, beynəlxalq səviyyədə bu araşdırmalara böyük marağın olmasının və bunlara böyük dəyər verilməsinin göstəricisi kimi institut alimlərinin kitablarının xarici ölkələrdə çap olunmasını göstərmək olar. Şərqşünas-alimlərin bu istiqamətdə uğurlarının davamlı olduğunu elə bu ilin ilk günlərindən də görmək olar.

İnstitutun baş elmi işçisi tarix üzrə elmlər doktoru professor Solmaz Rüstəmova-Tohidinin “Cümhuriyyətin “Azərbaycan” adlandırılması və onun tarixi əhəmiyyəti” adlı monoqrafiyasına Almaniyanın elmi dairələrində böyük maraq göstərilir. Şərqşünas-alimin həmin əsəri 2026-cı ildə Berlində Humbolt Universiteti tərəfindən alman dilində nəşr olunacaq.

Bu barədə Şərqşünaslıq İnstitutundan bildirilib.

Kitab Azərbaycan dilindən alman dilinə tərcüməçi Əli Qəmbəri tərəfindən çevrilib. Elmi redaktoru tanınmış alman alimi, Berlin və Bonn universitetlərinin professoru Eva-Mariya Aux-Konraddır.

Almaniyada elmi ezamiyyətdə olan professor Solmaz Rüstəmova-Tohidi tərçüməçi və elmi redaktorla görüşüb, monoqrafiyanın alman nəşriyyatlarının tələblərinə uyğun şəkildə hazırlanması, mənbələrin orijinalda və alman dilində təqdimi, redaktə ilə bağlı digər məsələlərin müzakirəsini aparıb.

Azərbaycanda XX əsrin əvvəllərində ictimai fikir, Azərbaycan cəmiyyətinin milli kimliyi, Almaniyada azərbaycanlı mühacirəti və digər məsələlər üzrə samballı monoqrafiyalar və tədqiqatların müəllifi olan professor Eva-Mariya Aux-Konrad “Cümhuriyyətin “Azərbaycan” adlandırılması və onun tarixi əhəmiyyəti” kitabının alman dilində nəşrini olduqca əhəmiyyətli sayır. Qeyd edilməlidir ki, 2018-ci və 2021-ci illərdə Bakıda azərbaycanca, 2025-ci ildə İranda fars dilində işıq üzü görmüş bu monoqrafiyanın Almaniyada nəşr olunması onun elmi-tarixi və ictimai-siyasi nəzərdən aktuallığını bir daha təsdiq edir.

Seçilən
8
tehsil.biz

1Mənbələr