ABŞ Prezidenti Donald Tramp İranda davam edən etirazlarla bağlı Tehrana açıq və sərt xəbərdarlıq edib.
Tramp bildirib: “Əgər etirazlar zamanı nümayişçilərin öldürülməsinə yol verilərsə, ABŞ buna çox ağır cavab verəcək”.
Amerika lideri İrandakı vəziyyətin son dərəcə gərgin olduğunu vurğulayıb:
“Bunu demək istəmirdim, amma deyəcəyəm — onların vəziyyəti yaxşı deyil. Onlar çox pis durumdadırlar. Mən onlara açıq şəkildə bildirmişəm ki, əgər insanlar öldürülməyə başlasa — hansı ki, etirazlar zamanı bunu tez-tez edirlər — biz onları çox sərt şəkildə vuracağıq”.
Məsələ ilə bağlı NOCOMMENT.az -a danışan siyasi şərhçi Azər Canıyev qeyd edib ki, belə iddialar səslənir ki, guya ABŞ dövləti İrana qarşı çox aktiv müdaxilə edəcək və hətta Venesuelada olduğu kimi rejimi qısa müddətdə dəyişdirəcək:
“Mən bunun baş verəcəyini düşünmürəm. Çünki İran Venesuela deyil. Burada çox fərqli siyasi və ictimai reallıqlar mövcuddur. Hələ də hökumətə müəyyən dərəcədə dəstək var və İranda vəziyyət Venesueladakı kimi deyil. Venesuelada inflyasiya, hətta hiperinflasiya həddinə çatmışdı. İnsanlar ayda təxminən 2-3 dollar maaş alırdılar.
İranda isə vəziyyət bu səviyyədə deyil. İrana hərbi müdaxilənin indi – daxildə etirazların dalğavari şəkildə böyüdüyü vaxt edilməsi ehtimalı birmənalı qarşılanmır. Çünki ABŞ-nin mümkün hərbi müdaxiləsi rejimin xalq etirazına qarşı zorakılığı klassik “xarici düşmən” təbliğatı ilə legitimləşdirmək imkanlarını gücləndirə bilər. Yada salaq ki, 12 günlük müharibədə İranda rejimi dəyişməyin mümkün olmaması İsrailin ABŞ-ni razı sala bilməməsindən daha çox, belə bir şəraitin yoxluğundan qaynaqlanırdı və xalq bunu ölkəyə müdaxilə kimi qəbul etdiyi üçün hakimiyyətin ətrafında birləşdi, hətta rejim əleyhdarları da ya çoxluğa qoşuldu, ya da səssiz qalmağa üstünlük verdi”.
Şərhçinin sözlərinə görə, mövcud şərtlərdə – etirazların zorakılıqla üzləşdiyi, insanların öldürüldüyü vaxtda hərbi müdaxilə İranda xalq tərəfindən nüvə obyektlərinə zərbə yox, onları rejimdən qorumaq kimi qəbul edilə və dəstəklənə bilər:
“Bu kontekstdə Vaşinqtonun 12 günlük müharibənin “dərslərinə” istinadən, hərbi müdaxilə ssenarisini “xalqın xilaskarı” obrazında tətbiq etməsi ehtimalı güclənir. Lakin burada məsələlərə yalnız insanların narazılığı kontekstindən baxmaq da doğru olmaz. Unutmamalıyıq ki, bu gün İranda Qərb ölkələri, xüsusilə İsrail ilə münasibətlər kifayət qədər pisdir və burada xarici müdaxilələrin, xarici medianın, xüsusilə də Qərb mediasının İran əleyhinə apardığı təbliğatın da müəyyən rolu var”.
“O ki qaldı Donald Trampın İrandakı etirazlarla bağlı hansısa addım atıb-atmayacağına, hesab edirəm ki, o, bu proseslərə ən çox media vasitəsilə, siyasi bəyanatlarla və xüsusilə sosial şəbəkələrdə paylaşdığı mesajlarla dəstək verə bilər. Həmçinin keçmiş şahın oğlunu və digər müxalif qüvvələri qəbul edə bilər”, – A.Canıyev qeyd edib