ABŞ-nin Kaliforniya ştatında ayı bir yaşayış evinin zirzəmisində 37 gün qaldıqdan sonra evdən çıxarılıb.
Redaktor.az xəbər verir ki, bu barədə "New York Post" nəşri məlumat yayıb.
Bildirilir ki, ayı hələ noyabr ayında yerli sakin Ken Consonun evinin zirzəmisində məskunlaşıb. Kaliforniya ştatının Vəhşi Təbiət və Balıqçılıq Departamenti heyvanı tutmaq üçün tələ qursa da, ona daha kiçik ölçülü başqa bir ayı düşüb.
Hadisə ilə bağlı dövlət qurumlarının fəaliyyətsizliyindən narazı qalan Ken Conson məhkəməyə müraciət edəcəyi ilə hədələyib. O, qış bayramlarını da evindəki vəhşi heyvanla birlikdə keçirməli olub. Nəhayət, yanvar ayında ayını evdən çıxarmaq mümkün olub.
Məlumata görə, Los-Anceles dairəsində yerləşən evin altında 37 gün yaşayan və təxminən 250 kiloqram çəkisi olan ayı paintbol tüfəngi ilə atılan mərmilərdən istifadə edilməklə evdən qovulub.
Nuriyyə NATİQQIZI