Bakı, 9 yanvar, AZƏRTAC
Son illərdə Azərbaycan enerji sektorunda bərpaolunan enerji mənbələrinin inkişafı sürətlənir. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən enerji siyasəti, ölkənin enerji təhlükəsizliyinin möhkəmləndirilməsi və ekoloji cəhətdən təmiz enerji istehsalının artırılması məqsədlərini bir araya gətirir. Bu baxımdan, həm külək, həm də Günəş enerjisinə əsaslanan iri layihələr xüsusi əhəmiyyət kəsb edir.
Bunu AZƏRTAC-a açıqlaması zamanı Milli Məclisin deputatı Aydın Hüseynov bildirib.
Onun sözlərinə görə, ötən gün istismara verilən “Xızı-Abşeron” Külək Elektrik Stansiyasının tam gücü ilə fəaliyyətə başlaması nəticəsində ildə yüz milyonlarla kilovat-saat ekoloji cəhətdən təmiz elektrik enerjisi istehsal olunacaq.
“Bu, həm enerji balansında yaşıl enerjinin payının artırılmasına, həm də ənənəvi enerji mənbələri hesabına yaranan karbon emissiyalarının azalmasına imkan verəcək. Təxmini hesablamalara görə, stansiya hər il yüz minlərlə ton karbon qazı emissiyasının qarşısını alaraq ölkənin iqlim öhdəliklərinə töhfə verəcək. Çinin “Universal International Holdings Limited” şirkəti tərəfindən tikintisi davam etdirilən 100 meqavat gücündə “Qobustan” Günəş Elektrik Stansiyası 2026-cı ilin ikinci yarısında istismara veriləcək. Bu stansiya Azərbaycanın enerji portfelini şaxələndirəcək və ekoloji cəhətdən təmiz elektrik enerjisinin payını daha da artıracaq. Hər iki layihənin həm regional, həm də iqtisadi əhəmiyyəti böyükdür. “Xızı-Abşeron” və “Qobustan” stansiyaları enerji sektorunda xarici investisiyaların cəlb olunmasına, məşğulluq imkanlarının artmasına və dayanıqlı enerji sisteminin formalaşdırılmasına töhfə verir. Xüsusilə regionlarda elektrik enerjisinin keyfiyyətli və davamlı təmin olunması, sənaye və kənd təsərrüfatı obyektlərinin enerji təminatı üçün yeni imkanlar yaradır. Nəticə etibarilə, Azərbaycanın enerji sektoru bərpaolunan enerji mənbələri hesabına daha dayanıqlı, ekoloji cəhətdən təmiz və investisiya cəlbedici formaya qədəm qoyur. “Xızı-Abşeron” KES və “Qobustan” GES layihələri ölkənin enerji balansının şaxələndirilməsinə, enerji təhlükəsizliyinin möhkəmləndirilməsinə və iqlim öhdəliklərinin icrasına mühüm töhfə verən nümunəvi layihələrdir”, - deyə Aydın Hüseynov bildirib.