AZ

Elektromobil sahibləri 400 manat cərimə edilir - məmur özbaşınalığı...



Elektrik avtomobillərin sapravja problemi

Elektromobillərin sayının artması ilə onların enerji ilə təmin olunması ciddi problemə çevrilib. Bir çox sürücü avtomobilinə enerji doldurmaq üçün saatlarla şarj məntəqələrində növbə gözləməli olur. Bu vəziyyətdə ən məntiqli çıxış yolu kimi vətəndaşın öz yaşadığı evdə və ya binanın həyətində avtomobilini enerji ilə təmin etməsi görünür. Lakin mövcud qaydalara görə, çoxmənzilli binaların həyətində abonentin sayğacından keçən elektrik şəbəkəsindən elektromobilə enerji yığmaq qadağandır və bu hal cərimə ilə nəticələnə bilər. Sürücülər bildir ki, buna görə 400 manat cərimə tətbiq edilir. Bu da sürücülər arasında haqlı narazılıq yaradır, çünki istifadə olunan elektrik enerjisinin haqqı onsuz da tam şəkildə ödənilir.

Qadağanın səbəbi ilk baxışda məntiqsiz görünsə də, məsələ təkcə ödənişlə bağlı deyil. Əsas problem elektrik şəbəkəsinin texniki imkanları və təhlükəsizlik riskləridir. Vətəndaşın mənzilinə çəkilən 220 voltluq xətt məişət avadanlıqları üçün nəzərdə tutulub və elektromobil kimi uzun müddət fasiləsiz yüksək güc tələb edən yüklər üçün hesablanmayıb. Xüsusilə köhnə binalarda naqillərin köhnəlməsi, transformatorların məhdud gücü və ümumi şəbəkənin zəifliyi bir neçə avtomobilin eyni vaxtda enerji yığması zamanı ciddi risklər yarada bilər. Bu risklər naqillərin qızması, elektrik şəbəkəsində yüklənmə və yanğın təhlükəsi ilə nəticələnə bilər.

Təhlükəsizlik məsələsi də mühüm rol oynayır. Həyətdə və ya açıq məkanda uzadıcı kabellərdən və uyğunlaşdırılmamış şəbəkələrdən istifadə etmək ehtimalı yüksəkdir. Yağış, rütubət və torpaqlamanın düzgün qurulmaması həm elektrik vurması, həm də yanğın baxımından təhlükəlidir. Belə hallarda baş verə biləcək qəzalara görə məsuliyyətin kimə aid olacağı da aydın deyil. Məhz bu qeyri-müəyyənlik dövlət qurumlarını daha sərt yanaşmaya vadar edir.

Hüquqi tərəfdən isə məsələ abonent müqavilələri ilə tənzimlənir. Elektrik enerjisi məişət məqsədləri üçün verilir və elektromobil nəqliyyat vasitəsi olduğu üçün onun enerji yığımı bu çərçivədən kənar istifadə kimi qiymətləndirilir. Bu da qayda pozuntusu hesab olunur və cərimə tətbiqinə əsas yaradır. Xüsusi şarj məntəqələri isə elektromobillər üçün ayrıca layihələndirilmiş şəbəkəyə malikdir, burada yüklənmə nəzarətdə saxlanılır, təhlükəsizlik sistemləri mövcuddur və ümumi elektrik şəbəkəsinə düşən yük balanslaşdırılır.

Bununla belə, elektromobillərin komplektinə 220 voltluq şəbəkədən enerji doldurmaq üçün qurğu əlavə olunması müəyyən ziddiyyət yaradır. Bu qurğular əsasən müvəqqəti və ya fərdi həyət evi şəraitində, elektrik xətti gücləndirilmiş və qoruyucu sistemlər quraşdırılmış evlər üçün nəzərdə tutulur. Çoxmənzilli binaların həyətləri isə əksər hallarda bu şərtlərə cavab vermir.

Əsl problem ondadır ki, şarj infrastrukturu hələ kifayət qədər inkişaf etməyib və qadağalar alternativ mexanizmlər yaradılmadan tətbiq olunur. Halbuki bir çox xarici ölkələrdə bu məsələ qadağa yolu ilə deyil, nəzarətli icazə mexanizmi ilə həll edilir. Avropanın bir sıra ölkələrində vətəndaşın yaşadığı binada şarj nöqtəsi quraşdırmaq hüququ qanunla tanınır, yeni tikilən binalarda isə bu infrastruktur əvvəlcədən layihəyə salınır. ABŞ və Kanadada da bina idarəçiliyinin texniki imkan olduğu halda şarj qurğusunun quraşdırılmasına mane olmaq hüququ yoxdur.

Bu təcrübə göstərir ki, problem elektromobilin ev şəbəkəsindən enerji yığmasında deyil, bu prosesin nəzarətsiz və plansız şəkildə həyata keçirilməsindədir. Əgər ayrıca xətt, fərdi sayğac, sertifikatlı şarj qurğusu və rəsmi icazə mexanizmi yaradılsa, vətəndaşın öz abonent şəbəkəsindən elektromobilini təhlükəsiz şəkildə enerji ilə təmin etməsi mümkündür. Hazırkı vəziyyətdə tətbiq olunan qadağalar daha çox sistemin zəifliyini ört-basdır edir və sürücülərin gündəlik rahatlığını ciddi şəkildə məhdudlaşdırır.

Akif NƏSİRLİ

Seçilən
21
baki-xeber.com

1Mənbələr