AZ

Son 10 ilin müzakirə olunan MƏMUR TOYLARI - ARAŞDIRMA

Son günlər Milli Məclisin deputatı Razi Nurullayevin qardaşı Hasil Nurullayevin oğluna Dubayda təşkil etdiyi dəbdəbəli toy sosial şəbəkələrdə və mediada geniş müzakirələrə səbəb olub.

 Bahalı məkan, xaricdən dəvət edilən məşhur sənətçilər və yayılan görüntülər cəmiyyətdə müzakirə mövzusuna çevrilib.

 Məhz bu toy ətrafında yaranan müzakirələr son on ildə ölkədə baş tutmuş və böyük səs-küyə səbəb olmuş digər məmur, deputat və oliqarx ailələrinə məxsus toyları da yenidən xatırladır.

 Qeyd edək ki, bu mərasimlər təkcə şou-biznes xəbəri kimi deyil, həm də sosial ədalət, etik davranış və şəffaflıq müstəvisində ictimai müzakirə predmetinə çevrilib.

 Sfera.az son on ildə bahalı məkanlar, xarici ulduzlar və yüksək xərclərlə yadda qalan məmur, vəzifəli şəxslərin ailələrində olmuş toy və nişan mərasimlərinin qısa icmalını təqdim edir:

 Azərbaycan Hava Yolları QSC-nin sabiq prezidenti Cahangir Əsgərovun qızlarının toyları təşkilatçılıq səviyyəsi və dəbdəbəsi ilə uzun müddət gündəmdə qalıb.

 

 

Xarici vətəndaşlarla qurulan ailələr, eləcə də mərasimlərin yüksək səviyyədə keçirilməsi xüsusi diqqət çəkib.

 

Milli Məclisin deputatı Cavanşir Feyziyevin oğlu Orxan Feyziyev üçün “Four Seasons Hotel Baku”da təşkil edilən nişan mərasimi dəbdəbəli məkan və tanınmış qonaqların iştirakı ilə yadda qalıb.

 

 

Ləğv edilmiş Dövlət Dəniz Administrasiyasının sabiq rəhbəri Qüdrət Qurbanovun oğlu Orxan Qurbanovun toyunda tanınmış aparıcılar və çoxsaylı şou-biznes nümayəndələri iştirak edib.

 

 

Mərasim geniş ictimai maraq doğurub.

 

Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayilovun qızı Aysel Mikayılovanın toy və xına mərasimləri, xüsusilə “Buta Palace”da keçirilən tədbir mediada geniş müzakirə olunub.

 

 

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin rəhbəri Saleh Məmmədovun oğlunun toyu məşhur sənətçilərin iştirakı ilə yadda qalıb. Toyda Zülfiyyə Xanbabayeva, Röya Ayxan, Miri Yusif və Manana Çaparidze çıxış ediblər.

 

 

AAYDA-nın Baş Maliyyə İdarəsinin rəisi Müseyib Həmzəyevin oğlu Sənan Həmzəyevin toyu xərclərinin yüksək olması ilə gündəmə gəlib. Eyni qurumun maliyyə strukturlarında çalışan Namiq Fərmanovun oğlunun toyu da dəbdəbəli təşkilatçılıqla müzakirə olunan mərasimlər sırasındadır.

 

“Azərbaycan Meliorasiya və Su Təsərrüfatı” ASC-nin sabiq sədri Əhməd Əhmədzadənin qardaşı nəvəsinin toyunda Murad Boz, Fərhad Göçər, Leonid Aqutin, Valdis Pelş və Mustafa Ceceli kimi xarici məşhurlar iştirak edib. Murad Boza 400 min dollar ödənildiyi iddia olunub.

 

 

2015-ci ildə Fövqəladə Hallar nazirinin birinci müavini Rəfail Mirzəyevin oğlu Rəşad Mirzəyevin Qəbələdə yerləşən “Qafqaz Riverside” otelində baş tutan toyu ölkənin tanınmış şəxslərini bir araya gətirib.

 

 

Bakı Lift İdarəsinin keçmiş rəhbəri Qüdrət Şükürovun qızı Aysel Şükürovanın 400 min manatlıq olduğu iddia edilən toyu ölkədə ən çox müzakirə edilən mərasimlərdən biri olub.

 

 

Mətbuatda yayılan məlumatlara görə, bu toy onun vəzifədən uzaqlaşdırılması ilə də əlaqələndirilib.

 

Sabiq səhiyyə naziri Oqtay Şirəliyevin oğlunun toyu da böyük səs-küyə səbəb olmuşdu.

 

 

Mərasimi Kamilə Babayeva aparıb, Elton Hüseynəliyev və Ədalət Şükürov çıxış ediblər. Toyda Birinci vitse-prezident Mehriban Əliyeva, Leyla Əliyeva və Arzu Əliyeva da iştirak edib.

 

2015-ci ildə sabiq mədəniyyət və turizm naziri Əbülfəz Qarayevin qızı Suad Qarayeva ilə iranəsilli iş adamı Şəhriyarın toy məclisi də geniş müzakirə olunub. Toy proqramının detalları ictimaiyyətə açıqlanmayıb.

 

Həmçinin, 2015-ci ildə Fövqəladə Hallar naziri Kəmaləddin Heydərovun kiçik oğlu Nicatın “Buta Palace”da keçirilən toyu ölkənin siyasi və biznes elitasını bir araya gətirib.

 

 

2017-ci ildə eyni gündə üç yüksək vəzifəli məmurun övladlarına toy etməsi də diqqət çəkib. Həmin gün “Azərenerji”nin o zamankı prezidenti Etibar Pirverdiyev, Dövlət Gömrük Komitəsi sədrinin müavini Əsgər Abdullayev və FHN rəhbərliyində təmsil olunan Orucəli Hacıyev ailə mərasimləri keçiriblər.

 

 

Firuzə Əliyeva


Seçilən
3
azia.az

1Mənbələr