AZ

Tramp bu ölkənin hər bir vətəndaşına 100 min dollar verir – “Reuters”

ABŞ Prezidenti Donald Trampın Qrenlandiyanı ABŞ-a birləşdirmək planı çərçivəsində ada sakinlərinə maliyyə təklifi irəli sürülməsi müzakirə olunur.

Vətəninfo.az xəbər verir ki, bu barədə “Reuters” agentliyi dörd mənbəyə istinadən məlumat yayıb. Bildirilib ki, amerikalı rəsmilər Qrenlandiya əhalisini Danimarkadan ayrılmağa razı salmaq məqsədilə onlara birdəfəlik pul ödənişi edilməsi imkanını müzakirə ediblər.

Mənbələrin sözlərinə görə, ödənişlərin konkret məbləği və mexanizmi hələlik dəqiqləşdirilməyib. Lakin Ağ Evin köməkçiləri də daxil olmaqla ABŞ rəsmiləri adambaşına 10 min dollardan 100 min dollara qədər məbləğləri nəzərdən keçiriblər. Ən yüksək məbləğ — 100 min dollar seçilərsə, ümumi xərclərin təxminən 6 milyard dollar təşkil edəcəyi qeyd olunur.

“Reuters” yazır ki, Danimarkanın muxtar ərazisi olan və 57 minə yaxın əhalisi olan Qrenlandiyanı “satın almaq” ideyası Kopenhagen və Nuuk hakimiyyətinin “Qrenlandiya satılmır” mövqeyinə baxmayaraq Vaşinqtonda müzakirə edilən variantlardan biridir.

Mənbələrdən biri bildirib ki, Ağ Ev Trampın digər uzunmüddətli geosiyasi hədəflərinə nail olmaq üçün əvvəlki beynəlxalq addımlardan yaranan siyasi impulsdan istifadə etməyi planlaşdırır. Digər mənbə isə qeyd edib ki, bu cür birdəfəlik ödənişlərlə bağlı daxili müzakirələr yeni deyil, lakin son günlərdə daha ciddi xarakter alıb.

Eyni zamanda vurğulanır ki, potensial ödənişlərin nə vaxt və hansı şərtlərlə həyata keçiriləcəyi, eləcə də Qrenlandiya əhalisindən bunun əvəzində nə gözlənildiyi hələ aydın deyil. Ağ Ev hərbi müdaxilə variantının da istisna edilmədiyini bəyan etsə də, rəsmi şəxslər ABŞ-ın adanı daha çox diplomatik və ya maliyyə yolları ilə əldə etməyə üstünlük verdiyini bildiriblər.

Qeyd edək ki, daha əvvəl “Politico” nəşri Avropanın Trampın Qrenlandiya planlarının qarşısını almaq üçün bir neçə variantı müzakirə etdiyini yazmışdı. Bunlara kompromis axtarışı, Qrenlandiyaya iri maliyyə dəstəyi, iqtisadi cavab tədbirləri və adada hərbi mövcudluğun artırılması daxildir.

Seçilən
12
veteninfo.az

1Mənbələr