Bakı, 9 yanvar, AZƏRTAC
Azərbaycan qadınının zərifliyini əsrlər boyu tamamlayan zinət əşyaları təkcə bəzək elementi deyil, həm də dövrün estetik düşüncəsini və sosial dəyərlərini daşıyan simvol olub.
AZƏRTAC xəbər verir ki, təqdim olunan “şarlı” sırğa Milli Azərbaycan Tarixi Muzeyinin Xüsusi fondunda qorunan, milli zərgərlik sənətinin nadir incilərindən biridir. Şəbəkə texnikası ilə yüksək ustalıqla hazırlanmış bu sırğa öz mürəkkəb quruluşu və simvolik elementləri ilə seçilir. Yuxarı hissəsində qırmızı qaşla işlənmiş ay-ulduz motivi yer alır. Bu detal təkcə estetik baxımdan deyil, həm də inanclarla bağlı mənəvi məna daşıyır. Aşağı hissəsində isə çətir formasında düzülmüş, altı ləçəkli gül kompozisiyası və onunla ahəng təşkil edən şar formalı dekorativ elementlər görünür. Sırğanın detalları incə mirvarili asmalarla bəzədilib.
Bu bənzərsiz zinət nümunəsi XIX-XX əsr Azərbaycan qadınının zövqünü, incə estetik duyumunu və ustaların misilsiz sənətkarlıq səviyyəsini bu günümüzə daşıyan əsrlərin izidir.