AZ

Ağır çantalar və rəqəmsal məktəb: Dönüş yaxınlaşır - AÇIQLAMA

Son illər valideynlərin, müəllimlərin və mütəxəssislərin ən çox müzakirə etdiyi məsələlərdən biri də şagirdlərin daşıdığı ağır məktəbli çantalarıdır. Həddindən artıq yüklənmiş çantalar xüsusilə ibtidai və orta sinif şagirdlərinin sağlamlığına mənfi təsir göstərir, onurğa əyrilikləri, bel və boyun ağrıları kimi problemlərə səbəb olur. Bu problem artıq təkcə məişət məsələsi deyil, həm də təhsil və səhiyyə baxımından ciddi narahatlıq doğuran mövzuya çevrilib. Bu fonda dünyada bir sıra ölkələr dərsliklərin elektron formata keçirilməsi, şagirdlərin planşet və ya notbuklarla təmin olunması istiqamətində addımlar atır. Məqsəd həm çanta yükünü azaltmaq, həm də təhsildə rəqəmsallaşmanı sürətləndirməkdir.

Bəs Azərbaycanda da bu istiqamətdə real addımların atılması mümkündürmü? Dərsliklərin elektron formata keçirilməsi və şagirdlərin planşet və ya notbuklarla təmin olunması 2026-2027-ci tədris ilində reallaşa bilərmi?

Mövzu ilə bağlı Redaktor.az-a açıqlama verən, Əməkdar müəllim, təhsil eksperti Sona Əliyeva bildirdi ki, sosial şəbəkələrdə və meiada ən çox danışılan məsələlərdən biri hələdə şagirdlərin ağır çanta yükünün olmasıdır:

"Hər tədris ilində eyni mənzərə davam edir, ibtidai sinifdən tutmuş yuxarı siniflərə qədər uşaqlar məktəbə alpinist  kimi, kürəyində 6-8 kiloqramlıq çanta daşıyırlar. Halbuki bu məsələ təkcə narahat edən müzakirə mövzusu deyil, sağlamlıq və sosial məsuliyyət məsələsidir. Əgər biz XXI əsrdə yaşayırıqsa, texnologiyanın təhsildə rolu da buna uyğun olmalıdır. Dünyanın inkişaf etmiş ölkələrində dərsliklərin çoxu artıq elektron formata keçib. Finlandiya, Cənubi Koreya, Yaponiya və Türkiyə kimi ölkələrdə şagirdlər planşet və ya noutbuk vasitəsilə dərsliklərə çıxış əldə edir. Bu həm çanta yükünü azaldır, həm də uşaqları rəqəmsal savadlılığa hazırlayır. Bizdə isə hələ də “şagird çantasının çəkisi normadan çoxdur” kimi xəbər başlıqları dolaşır. Halbuki bu problem çoxdan rəqəmsal həll tələb edir. Dərsliklərin elektron versiyaları artıq mövcuddur, “Rəqəmsal Məktəb” layihəsi də müəyyən məktəblərdə sınaqdan keçirilir. Amma məsələ ondadır ki, bu addımlar pilot səviyyəsindən çıxmalı, bütün ölkə üzrə tətbiq olunmalıdır. Xarici ölkələrdə universitetlər artıq hər il dərslik çap etmir, hətta daha gülməlisi, tələbələrə zorla kitab satmır. Bizdə isə rəsmilər anlamaq istəmir ki, indiki uşaqların fiziki quruluşu da, sağlamlığı da bu yükü daşımağa uyğun deyil. Həmçinin uşaqlara texnologiyadan uzaq qalmağı yox, onu düzgün istifadə etməyi də öyrətməliyik. Çünki gələcəyin təhsili planşetdə, bulud sistemlərində və süni intellekt dəstəkli öyrənmə modellərində formalaşır. Əgər qərar verilsə, əlbəttə ki, 2026-2027-ci tədris ili bu istiqamətdə dönüş nöqtəsi ola bilər. Əgər dövlət bu məsələni prioritet kimi müəyyən etsə, o vaxta qədər hər şagirdə planşet və ya noutbuk verilməsi tam realdır. Bunun üçün nə infrastruktur, nə də resurs baxımından ciddi maneə yoxdur, sadəcə siyasi iradə və ardıcıl icra lazımdır. İstək olarsa, hər bir işi görmək də olar".

Azərbaycan Gənc Alim, Doktorant və Magistrlər Cəmiyyətinin sədri, fəlsəfə doktoru İlqar Orucov da hesab edir ki, şagirdlərin çanta yükünün azaldılması üçün dərsliklərin elektron formata keçirilməsi həm sağlamlıq, həm də təhsilin müasirləşdirilməsi baxımından mühüm addım ola bilər. Lakin onun fikrincə, bu məsələnin 2026-2027-ci tədris ilində tam reallaşma ehtimalı inandırıcı görünmür:

"Çünki burada ilk növbədə texniki təminat məsələləri ön plana çıxır və prosesin ümumi mənzərəsində bu, açıq şəkildə hiss olunur. Hər bir şagirdin planşet və ya noutbuka çıxış imkanlarının olması isə ciddi büdcə vəsaiti tələb edir. Azərbaycanda hazırda “Rəqəmsal bacarıqlar” layihəsi uğurla həyata keçirilir və bu çərçivədə müəyyən addımlar atılsa da, prosesin bütün ölkə miqyasında, xüsusilə də kənd məktəblərində tam tətbiqi müəyyən zaman ala bilər. Buna görə də növbəti tədris ili üçün bu prosesə keçidin real olacağına inanmıram. Eyni zamanda Elm və Təhsil Nazirliyinin elektron dərslik portalı artıq mövcuddur və fəaliyyət göstərir. Əslində, bu portalın 2026-cı ildə daha interaktiv formaya salınması və oflayn istifadə imkanlarının genişləndirilməsi gözlənilir və bu mümkündür. Hesab edirəm ki, elektron dərslik portalı bu baxımdan ciddi resurs ola bilər və olmalıdır. Güman edirəm ki, burada tam olaraq elektron dərsliklərə keçid deyil, hibrid model daha doğru variantdır. Hibrid model dedikdə həm kağız, həm də elektron daşıyıcılarda dərsliklərin istifadəsi nəzərdə tutulur və bu formata keçidi daha real hesab edirəm. Ağır dərsliklərin bir hissəsi, məsələn, iş dəftərləri və əlavə materiallar planşetlərə köçürülə bilər və bu da çanta yükünü əhəmiyyətli dərəcədə azalda bilər".

Müsahibimiz əlavə etdi ki, beynəlxalq yanaşmanın necə olduğunu da təhlil etməliyik. Onun sözlərinə görə, ümumilikdə ağır çantalar şagirdlərin sağlamlığı üçün birbaşa təhlükə yaradır və bununla bağlı Ümumdünya Səhiyyə Təşkilatının tövsiyələrində şagirdlərin daşımalı olduqları yükün normaları artıq müəyyən edilib.

"Eyni zamanda, rəqəmsal alətlərə keçidlə bağlı da Ümumdünya Səhiyyə Təşkilatının tövsiyələri mövcuddur. Kiçik yaşlı uşaqların ekran qarşısında keçirdiyi vaxt sonsuz ola bilməz; bunun üçün sağlamlıq baxımından konkret hədlər və vaxt məhdudiyyətləri müəyyənləşdirilib.

Bu səbəbdən hesab edirəm ki, ibtidai sinif dərsliklərinin tam elektronlaşdırılması, yəni növbəti tədris ilində bunun bütövlükdə tətbiqi pedaqoji baxımdan da mübahisə predmeti ola bilər. Buna görə də 2026-2027-ci tədris ilində bəzi pilot məktəblərin və ya yuxarı siniflərin seçilməsi məqsədəuyğun ola bilər ki, həmin məktəblərdə planşet və ya noutbuklardan istifadə edilsin. Lakin planşetlərə üstünlük verilməsini daha real hesab edirəm. Bu təminatın mərhələli şəkildə genişləndirilməsi mümkündür, lakin bütün ölkə üzrə kağız dərsliklərdən imtina hələlik real görünmür və bunun çətin olacağını düşünürəm. Çanta yükünü azaltmaq üçün dərsliklərin hissələrə bölünməsi, məsələn, yarımilliklər üzrə nəşr olunması daha sürətli həll yolu kimi tətbiq edilə bilər. Gələcəkdə isə ilk növbədə pilot məktəblər seçilməli, orada hibrid model, yəni yarı kağız, yarı elektron format tətbiq olunmalıdır. Daha sonra növbəti illər üçün resurslar səfərbər edilərsə və elektron dərslik portalı qeyd etdiyim kimi interaktiv formaya salınarsa, bu prosesə mərhələli şəkildə keçidi təmin etmək mümkün olacaq", - deyə İlqar Hüseynov yekunlaşdırdı.

Redaktor.az mövzu ilə bağlı Elm və Təhsil Nazirliyinin də mövqeyini öyrəndi. Nazirlikdən sorğumuza cavab olaraq bildirildi ki, şagirdlərin çantasının normadan ağır olmaması məsələsi Elm və Təhsil Nazirliyinin daim diqqətindədir:

"Bir çox hallarda çantaların ağır olmasının əsas səbəbi kimi dərsliklər göstərilir. Lakin reallıq bundan ibarətdir ki, hazırda ölkəmizdə ümumi təhsil müəssisələrində istifadədə olan heç bir dərslik şagird üçün normadan ağır hesab edilə bilməz. Məsələn, ibtidai siniflər üçün 1 dərsliyin orta hesabla çəkisi cəmi 0,27 kq-dır. Bununla yanaşı, son illərdə ümumi təhsil müəssisələri üçün dərsliklərin istehsalında istifadə olunan kağızların əvvəlki dövrə nəzərən daha yüngül olması da təmin olunur. Eyni zamanda, artıq bir neçə ildir ki, yeni hazırlanan dərsliklərin əksəriyyəti iki hissəli tərtib edilir. Həmin dərsliklərin 1-ci hissəsi tədris ilinin I yarısında, 2-ci hissəsi isə tədris ilinin digər yarısında şagirdlərin istifadəsinə verilir.

Əlavə olaraq qeyd edirik ki, "Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası" çərçivəsində hər il ümumi təhsil müəssisələrinə 40 minədək kompüter paylanılır və hazırda kompüter-şagird nisbəti 1:7 təşkil edir, 2026-cı ilin sonunda isə nisbətin 1:6-ya çatdırılması nəzərdə tutulur. Bununla yanaşı, 2027–2030-cu illəri əhatə edəcək sosial-iqtisadi inkişaf strategiyası çərçivəsində erkən yaşlarda fərdi öyrənmə imkanlarını genişləndirmək üçün şagirdlərin rəqəmsal resurs və texnologiyalara əlçatanlığının artırılması istiqamətində aidiyyəti üzrə təkliflər təqdim edilmişdir".

Nuriyyə NATİQQIZI

Yazı Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə "elmi-kütləvi, mədəni-maarif, təhsil proqramlarının hazırlanması" mövzusunda dərc olunub.

2
Seçilən
89
redaktor.az

1Mənbələr