AZ

İranda davam edən etirazların SENSASİON SƏBƏBLƏRİ

 

İran daxilində etiraz dalğası günbəgün böyüyür. Son məlumata görə, etirazlar artıq 26 əyaləti və 78 şəhəri əhatə edir. Müşahidələr göstərir ki, vəziyyət nəzarətdən çıxmaq üzrədir. Hökumətin etiraz edənlərə qarşı sərt güc tətbiq etməsi dalğanı səngitmək əvəzinə, qarşıdurmanın miqyasını daha da artıra bilər. Etirazçılar təkcə etirazlarını sözlə ifadə etmirlər, hətta qarşılarına çıxan hər şeyi dağıdırlar. Hətta etirazçılar helikopter qəzasında həlak olan keçmiş prezident İbrahim Rəisinin bir neçə gün əvvəl qoyulan heykəlini də aşırıblar.

Etirazlar niyə başladı?

İrana qarşı tətbiq edilən Beynəlxalq sanksiyalar və ölkə daxilində aparılan qeyri-sağlam iqtisadi siyasəti dövləti dalana dirəyib. İqtisadi geriləmə infilyasiyanın sürətlənməsinə rəvac verir. Təsadüfi deyil ki, İran rialı yeni il ərəfəsində dollar qarşısında ucuzlaşmaya görə tarixi rekord qırıb. Hazırda 1 dollar 42 min 133 riala bərabərdir. Bu isə İranın milli valyutasının gərəksiz kağız parçasına çevirildiyini göstərir. Və bu amilin İranda etirazlara səbəb olduğu deyilir. Lakin sonrakı günlərdə etirazşılar təkcə iqtisadi tələblər yox, həm də siyasi çağırışlar edirlər. Hədəfsə ölkənin hazırkı prezidenti Məsud Pezişkiandır.

Nəzərə alaq ki, İran Konstitusiyasına görə prezidentin məhdud səviyyədə hüquqları var. Əsas hüquqlar- xarici siyasətin müəyyən edilməsi, ordu və digər güc strukturları birbaşa ali dini liderə məxsusdur.

Belə olan vəziyyətdə prezident Məsud Pezişkianın hədəfə alınması xeyli təəccüb doğurur.

Pezeşkian niyə hədəfə alınıb?

Bu gün etirazların əsas hədəfi prezident Məsud Pezeşkiandır. Bunun bir neçə səbəbi var. Əsas səbəb onun kifayət qədər açıq və islahata meyilli olmasıdır. Təsadüfi deyil ki, İran Prezidenti etirazların başladığı ilk günlərdə bəzi etiraflar edərək, mövcud problemlərə görə hökumətin məsuliyyət daşıdığını bildirib. O bütün problemlərə görə dövlət rəsmilərini ABŞ kimi xarici aktorları günahlandırmamağa çağırıb.

Çahar Mahal Bəxtiyari əyalətinə səfəri zamanı Pezeşkian bildirib ki, problemlərin həlli yanaşmalardan asılıdır:

"İctimai narazılığı aradan qaldırmaq üçün hökumət effektiv xidmətlər göstərməli, resursları düzgün idarə etməli, iqtisadi və sosial problemlərə praktik həllər tapmalıdır. Əgər insanlar narazıdırsa, bu bizim günahımızdır. Günahı ABŞ-də və ya başqa yerdə axtarmayın. Məsuliyyət bizim üzərimizdədir".

Təbii ki, molla-fars rejiminin hakimiyyətdə olduğu 47 ildə hər hansı bir prezident və yaxud ali dini lider belə cəsarətli etirafda olmayıb. Üstəlik Pezeşkianın bu etirafları rejimin qocaldığını, zamanla ayaqlaşmadığını və yeni idarəetmə sisteminin yaradılması zərurətini ortaya qoyur.

Lakin bu zərurəti İranın dini lideri və yaxun ətrafı qəbul etmək istəmir. Onlar rejimi saxlamaq üçün xalqı ən ağır şərtlərə məcbur edirlər. Buna qarşı etiraz edənləri isə ən ağır şəkildə cəzalandırırlar. Xatırladaq ki, 2025-ci ilin iyul ayında Gilan Əyalət Prokurorluğu Məsud Pezeşkianı öldürməyə çağıran Rəşt Şəhər Şurasının üzvü Rza Aşəriyə cinayət ittihamı elan etdi.  Belə ki. Rəşt Şurası üzvünün sosial şəbəkədəki səhifəsində məlum materialın paylaşılmasından sonra əyalət prokuroru məhkəməyə müraciət edərək onun məhkəməyə çağırılmasını tələb edib. Hazırda iş üzrə ibtidai araşdırma aparılır.

Qeyd edək ki, Rza Aşəri İsrail hökumətini İran Prezidenti Məsud Pezeşkianı öldürməyə çağırmışdı. Rza Aşəri mühafizəkar siyasi cərəyana mənsubdur və ötən prezident seçkilərində Məsud Pezeşkianın əsas rəqibi Səid Cəlilinin bölgədəki seçki qərargahının rəhbəri olub.

Ümumiyyətlə, İranın idarəetməsində mühafizəkarlar çox güclüdür. Onlar həm də ali dini liderin qatı tərəfdarlarıdır. Məhz həmin qüvvələr islahatçı Pezeşkiana qarşı birləşib.

Pezeşkianla Xomnei arasında ilk qarşıdurma

Ötən ilin əvvəllərində İran Prezidenti Məsud Pezeşkian parlamentdə çıxışı zamanı deyib ki, nüvə sazişi ilə bağlı ABŞ-la dialoqu bərpa etmək niyyətində olub, ancaq ali dini lider Əli Xamenei buna qarşı çıxıb:

“Düşündüm ki, dialoqa girmək daha yaxşıdır, amma ali rəhbər dedi ki, biz ABŞ-la danışmayacağıq”.

Beləliklə prezidentlə ali dini rəhbər arasında fikir ayrılığı üzə çıxdı. Baxmayaraq ki, ölkənin taleyüklü məsələsində ali dini liderin “Vaşinqtonla danışıqlar ağılsızlıqdır” deməsi sadəcə heç bir məntiqə sığmır. Bu fikir yalnız o zaman məntiqli görünə bilər ki, Xomnei İran xalqının aclıq və səfalət içində yaşamasını istəyər. Əslində bunda da bir məntiq var. Çünki ac kütləni idarə eləmək daha asandır.

Bu məsələ Pezeşkianla Xomnei arasında ilk fikir ayrılığı olsa da sonuncu olmadı. Prezident Azərbaycanla düşmənçilik siyasətini məntiqsiz və ağılsız hesab edir. Bu isə rejimin prioritetlərinə daxil deyil. Ötən ilin ortalarında İran Prezidenti Azərbaycan Respublikası ilə münasibətlərə dair ölkəsindəki yanlış yanaşmanı sərt şəkildə tənqid etdi. O, açıq şəkildə bildirdi ki, İran daxilində Azərbaycanın istənilən diplomatik addımına qarşı şübhə və düşmənçiliklə reaksiya verilməsi artıq travmatik hal alıb.

“Bizdə bir travma yaranıb. Azərbaycan Respublikası kimlə münasibət qurursa, onu dərhal İrana qarşı hesab edirik. Biz hansı addımları atmışıq ki, bu qədər Azərbaycandan ehtiyat edirik?”, – deyə Pezeşkian o zaman bildirmişdi.

O əlavə etmişdi ki, İran özü də müstəqil dövlət olaraq Ermənistanla münasibətlər qurur və bu münasibətləri rəsmi Tehran qonşuluq siyasəti çərçivəsində aparır. Eləcə də Azərbaycanın öz xarici siyasətini formalaşdırmaq və istənilən ölkə ilə əməkdaşlıq etmək hüququ var.

Pezeşkian əlavə etmişdi:

“Azərbaycan müstəqil dövlətdir və onun bütün dünya ölkələri ilə münasibətlər qurmağa haqqı var. Azərbaycan rəhbərliyi öz davamlı mövqeyini hər zaman açıq şəkildə ifadə edib.”

Prezident, həmçinin Azərbaycanın İsrail vasitəsilə İrana qarşı hərbi addımlar atması barədə iddiaları da qəti təkzib etmişdi:

“12 günlük müharibədə Azərbaycan ərazisindən İsrailin İrana qarşı istifadəsinə dair heç bir sübut yoxdur.”

Təbii ki, bu cəsarətli və diplomatik baxımdan məsuliyyətli bəyanat molla-fars rejimin maraqlarına uyğun deyil. Rejim digər qonşu dövlətlər kimi Azərbaycanı da zəif, İrandan bu və digər şəkildə asılı ölkə kimi görmək istəyir.

Ona görə də Pezeşkianın sağlam baxışları mühafizakarların yuxusunu ərşə çəkir. Və təsadüfi deyil ki, İranda çox az adam Prezidenti müdafiə etməyə cəsarət edir.

Yada salaq ki, bir neçə ay əvvəl Pezeşkianın oğlu Yusif Pezeşkian atasını tənqid edənlərə cavab vermişdi.

O bildirmişdi ki, ölkədəki problemləri etiraf etmək və nöqsanlardan danışmaq zəiflik yox, islahatların başlanğıcıdır.

Yusif Pezeşkianın sözlərinə görə, Prezident Məsud Pezeşkian ölkənin gələcəyi ilə bağlı aydın bir plan və baxışa malikdir, lakin onun ideyaları ictimaiyyətə düzgün şəkildə çatdırılmır.

“Öz çatışmazlıqlarını qəbul etməyən bir şəxs heç vaxt islahatlara başlaya bilməz. Ən böyük problemimiz odur ki, biz illərdir insanlara faktları tam şəkildə deməmişik, bəzi həqiqətləri gizlətmişik. Cəmiyyət real vəziyyəti bilməlidir ki, addımlar da ona uyğun atılsın. İndi laylay demək vaxtı deyil — oyanmaq vaxtıdır,” – deyə Pezeşkian vurğulamışdı.

O həmçinin bildirmişdi ki, ölkənin mövcud vəziyyətindən çıxışı yalnız hökumət, parlament, məhkəmə sistemi, dini qurumlar və xalqın birgə əməkdaşlığı təmin edə bilər.

Nəzərə alaq ki, bu Yusif Pezeşkianın yeganə çıxışı deyil. O, yeni il ərəfəsində

molla rejimini internetə məhdudiyyətlər qoymasını tənqid edib.

O, bu barədə fikirlərini “X” platformasında yazıb:

“Yusif Pezeşkian deyib ki, güvən ikitərəflidir. “Hakimiyyət özü xalqa etimad göstərməyib ondan etimad gözləyə bilməz. Sosial şəbəkələrə məhdudiyyətlərin tətbiqi hakimiyyətin xalqa inamsızlığının göstəricisidir”.

Təbii ki, bu cür cəsarətli çıxışlar molla-fars rejimini daha çox narahat edir. Ona görə də rejim Pezeşkianlar ailəsini ilk öncə zərərsizləşdirmək, daha sonra isə onları ən ağır şəkildə cəzalandırmaq istəyir.

Lakin Prezident Məsud Pezeşkian heç də rejimə güzəştə getmək fikrində olmadığını göstərir. İran prezidenti bir neçə gün əvvəl deyib ki, ictimaiyyətə məlumat vermək və şəffaflıq təmin etmək, narazılıq və sosial gərginliyin qarşısının alınmasında mühüm rol oynayır.
Onun sözlərinə görə, xalqla birbaşa ünsiyyət, onların qayğılarını, tələblərini və tənqidlərini dinləmək və ictimai rəyin razılaşdırılması üçün çalışmaq, psixoloji və sosial təzyiqlərin azalmasında təsirli olur:

 “Qüvvə tətbiqi və yanlış üsullarla cəmiyyəti razı salmaq və ya sakitləşdirmək mümkün deyil. Öhdəliklərin gecikməsi, yaşayış problemlərinin artmasına və sosial kapitalın zəifləməsinə səbəb ola bilər.”

Azərbaycanlılar Pezeşkianı necə müdafiə edir?

Bir vacib məqama diqqət etmək lazımdır ki, 15 gündən artıq davam edən etirazlar İranın əsasən cənub və şərq vilayətlərini əhatə edib. Və qeyd edək ki, həmin ərazilərdə farslar və qeyri-türk xalqları yaşayır. Amma ölkənin şimal və qərb bölgələrində bir susqunluq var. Yəni azərbaycanlıların yaşadıqları şəhər və qəsəbələrdə tam sakitlikdir. Heç bir etiraz tədbiri keçirilmir.

Bu da o deməkdir ki, soydaşlarımız oz susqunluqları ilə həm Pezeşkianı dəstəkləyir, həm də molla-fars rejimin qurduğu çirkin oyunu pozmaq istəyirlər.

Nəzərə alaq ki, İranda bütün inqilabi proseslər azərbaycanlıların yaşadığı ərazilərdə başlayıb. Elə 1979-cu ildə İran şahına qarşı üsyan da Təbriz və digər Azərbaycan şəhərlərində başlamışdı. Hələliksə soydaşlarım susur. Bu susqunluqsa Prezident Məsud Pezeşkiana əlavə güc verir.

Bəs rejim Pezeşkiana nə qədər dözəcək?

Bunu artıq zaman göstərəcək.

News365.az

Seçilən
18
news365.az

1Mənbələr