AZ

Güneyli fəal: "Pəhləvini qəbul etmirik, müstəqillik istəyirik"

“Artıq Güney Azərbaycan şəhərlərində də molla rejiminə qarşı etiraz aksiyaları başlayıb”.

Bu sözləri Güney Azərbaycan Milli Oyanış Hərəkatının (GAMOH) İdarə Heyətinin üzvü, milli fəal Ağrı Qaradağlı “Cebheinfo.az”-a açıqlamasında deyib.

O bildirib ki, artıq Təbriz, Urmiya (Urmu), Xoy, Ərdəbil, Marağa və Qəzvin kimi şəhərlərdə 2 gündür etiraz aksiyaları keçirilir:

“Lakin bu farsların çağırışına görə baş verməyib. Biz heç vaxt mərkəzi dəyişdirmək düşüncəsində olmamışıq. Farslar İrandakı mərkəzi sistemi dəyişmək istəyirlər. Biz isə Güney Azərbaycanın müstəqilliyini tələb edirik. 

Yəni Güney azərbaycanlılar öz müqəddəratlarını həll etmək üçün etirazlara qoşulublar. Etirazlarda “Nə sağçıyıq, nə solçu, millətçiyik, millətçi”, “Nə şeyx, nə şah, sadəcə doğru yol”, “Azərbaycan şərəfdir, Pəhləvi bişərəfdir” şüarları səsləndirilir. Yəni biz Qərbin diqtə etdiyi alternativ olan Rza Pəhləvini qəbul etmirik. Biz sadəcə öz istəyimiz əsasında milli şüarlarımızla meydanlarda olacağıq”.

Güneyli fəal qeyd edib ki, Mahmudəli Çöhrəqani də bir neçə gün öncə milləti küçələrə çağırdı:

“Öz şüarlarımızla aksiyalara qoşularaq rejimə qarşı öz istəklərimizi ortaya qoymalıyıq. Güney Azərbaycan xalqı hər an meydanlarda olmalı və öz etirazını bildirməlidir. Biz Güney Azərbaycan Milli Oyanış Hərəkatı və Güney Azərbaycan Milli Məşvərət Şurası olaraq bu hədəfə dəstək veririk”.

A.Qaradağlı diqqətə çatdırıb ki, ABŞ, İsrail başda olmaqla Qərb yanlış şəxsi alternativ olaraq göstərirlər:

“Rza Pəhləvinin İranda sosial bazası yoxdur. İranda yaşayan xalqlar sadəcə pislə ən pis arasında seçim etmək məcburiyyətində qalsalar yenə pisi seçəcəklər.

Yəni Güney Azərbaycan xalqı yox, amma digər xalqlar Pəhləvini seçə bilərlər. Lakin belə variant bizim üçün qəbuledilməzdir. Milli hərəkata mənsub olan heç bir şəxs Rza Pəhləvinin Tehranda hakimiyyətə gəlməsini istəmir. 

Pəhləvi sülaləsi ən böyük zülmü 1941-46-ci illərdə GüneyAzərbaycan xalqına edib. Məncə, Qərb İranda uğura nail olmaq istəyirsə, başqa bir alternativ tapmalıdır”.

Onun sözlərinə görə, ABŞ və İsrail İranı bütün saxlamaq istəyir:

“Əgər Pəhləvi hakimiyyə gəlsə, İranda vətəndaş müharibəsi başlaya bilər. Onda daha xaotik vəziyyət yaranar. ABŞ Pəhləvidənsə, İranda yaşayan xalqların etirazlarını dəstəkləməlidir.

Əvvəl-axır İran parçalanacaq və Güney Azərbaycan müstəqil olacaq. Biz İranın parçalanmasını və Güney Azərbaycan Türk Cümhuriyyətinin müstəqil olmasını istəyirik. İranda xalqların hamısı istiqlal istəyir. Güney Azərbaycanın prezidenti isə Mahmudəli Çöhrəqani olmalıdır. Başqası varsa, ortaya çıxsın”.

Seçilən
60
cebheinfo.az

1Mənbələr