AZ

Post-müharibə Azərbaycanı: siyasi iradə, milli kimlik və qlobal mövqe

Prezident İlham Əliyevin 5 yanvar 2026-cı il tarixində yerli televiziya kanallarına verdiyi müsahibə klassik mənada informativ çıxış çərçivəsini aşaraq, post-müharibə mərhələsində Azərbaycanın dövlət özünüdərk modelini, strateji prioritetlərini və qlobal siyasi sistemdə tutmaq istədiyi mövqeni kompleks şəkildə ifadə edən konseptual sənəd xarakteri daşıyır. Burada səsləndirilən fikirlər epizodik reaksiyalar deyil, bir-biri ilə daxili məntiq əlaqəsi olan, strateji düşüncə üzərində qurulmuş vahid siyasi dünyagörüşün elementləridir. Müsahibənin ümumi semantik yükü göstərir ki, Azərbaycan artıq reaktiv siyasət mərhələsini geridə qoyaraq, gündəmini formalaşdıran və regional-qlobal proseslərə təsir göstərən aktor statusunda çıxış edir.

İlham

Enerji siyasəti ilə bağlı səsləndirilən tezislər texnokratik statistikadan daha çox geosiyasi və geoekonomik məzmun daşıyır. Prezidentin qaz ixracının coğrafiyasının genişlənməsi, enerji infrastrukturunun şaxələndirilməsi və Avropa enerji bazarındakı rolumuzun vurğulanması əslində Azərbaycanın “resurs təminatçısı” modelindən “enerji təhlükəsizliyi arxitekturasının qurucusu” modelinə keçdiyini nümayiş etdirir. Bu kontekstdə Bakı artıq yalnız tələbata cavab verən tərəf deyil, enerji bazarının qaydalarını müəyyən edən, şərt irəli sürən siyasi subyekt kimi çıxış edir. Bu mövqe enerji siyasətinin milli güc elementinə çevrildiyini göstərir.

Prezidentin qaz və yaşıl enerjini qarşıdurma müstəvisində deyil, tamamlayıcı strateji istiqamətlər kimi təqdim etməsi isə Azərbaycanın praqmatik dövlətçilik fəlsəfəsinin bariz nümunəsidir. Qlobal miqyasda müşahidə olunan ekoloji diskurslardan fərqli olaraq, burada rasional seçim ön plana çıxır. Bərpaolunan enerji mənbələrinin daxili istehlakda payının artırılması qazın ixrac potensialını genişləndirir və eyni zamanda beynəlxalq iqlim öhdəlikləri ilə milli iqtisadi maraqlar arasında balans yaradır. Beləliklə, enerji siyasəti yalnız iqtisadi gəlir mexanizmi deyil, uzunmüddətli siyasi təsir və diplomatik manevr alətinə çevrilir.



COP29 kontekstində səsləndirilən fikirlər müsahibənin ideoloji baxımdan ən açıq və prinsipial hissələrindən biridir. Prezident İlham Əliyev qlobal miqyasda neft və qaz ətrafında formalaşdırılan ikili standartları və normativ riyakarlığı açıq şəkildə ifşa edir. “Faydalı qazıntı allergiyası” anlayışı ilə Qərbin normativ ritorikası ilə real iqtisadi asılılığı arasındakı ziddiyyətlər konseptual şəkildə ortaya qoyulur. Burada əsas tezis ondan ibarətdir ki, dünya enerji reallıqlarını inkar edə bilməz və bu reallıq fonunda Azərbaycan məsuliyyətli istehsalçı, etibarlı tərəfdaş və rasional aktor mövqeyini qoruyur.

Müsahibədə dil məsələsinə keçid mövzu dəyişməsi deyil, dövlətçilik ideyasının mədəni-sivilizasion qatının açılmasıdır. Prezident Azərbaycan dilini təkcə sadəcə kommunikasiya vasitəsi kimi deyil, eyni zamanda milli kimliyin, suverenliyin və intellektual müstəqilliyin əsas sütunu kimi təqdim edir. Xarici leksikanın ölçüsüz istifadəsinə yönələn tənqid mədəni konservatizmdən daha çox milli təhlükəsizlik yanaşmasıdır. Dilin zəifləməsi düşüncə sisteminin eroziyasına, milli kimliyin zəifləməsinə yol açır. Prezidentin mediaya və gənc nəslə ünvanladığı mesajlar dil siyasətinin yalnız dövlətin deyil, bütövlükdə cəmiyyətin kollektiv məsuliyyəti olduğunu göstərir.

Prezident

Elm və təhsil sahəsinə dair səsləndirilən fikirlər Prezidentin inkişaf konsepsiyasında insan kapitalının mərkəzi yer tutduğunu təsdiqləyir. Burada açıq şəkildə vurğulanır ki, təbii resurslar strateji üstünlük yaratsa da, davamlı inkişafın əsas təminatçısı deyil. Dövlətin real sərvəti bilik istehsal edən, innovasiya yaradan, elmi düşüncə daşıyıcısı olan insanlardır. Elm və Təhsil Nazirliyinin yaradılması bu baxışın institusional ifadəsidir. Prezidentin elmi fəaliyyətə yanaşması ötəri xarakter daşıyan fikir, elmə sosial yardım vasitəsi deyil, nəticə və fayda verə bilən əsaslı inkişaf sahəsi kimi dəyərləndirilir.

Turizm və azad edilmiş ərazilərlə bağlı fikirlərdə isə post-müharibə mərhələsinin yeni əsası formalaşır. Qarabağ Prezidentin təqdimatında keçmişin ağrıları deyil, gələcəyin iqtisadi, sosial və mədəni imkanlar məkanıdır. Xankəndidə hotel tikintisi ideyası sırf investisiya layihəsi yox, suverenliyin gündəlik mülki reallığa transformasiyasının siyasi simvoludur. Bu, ərazi üzərində faktiki idarəetmənin və normal həyatın bərpasının göstəricisidir.

Nazirlər

Dövlət məmurları ilə bağlı sərt və açıq mövqe isə idarəetmədə məsuliyyət və hesabatlılıq prinsipinin formal bəyanat deyil, real idarəçilik mexanizmi olduğunu nümayiş etdirir. Vəzifənin etimad üzərində qurulması, etimadın isə nəticə ilə ölçülməsi dövlət idarəçiliyində keyfiyyət transformasiyasının konturlarını göstərir. Gəncliyin avtomatik üstünlük kimi qəbul edilməməsi və səhvlərin cəzasız qalmaması yeni və müasir meritokratik idarəçilik modelinə keçidin əlamətidir.
Müsahibənin torpaq anlayışı üzərində qurulan yekun hissəsi isə bütün bu siyasi xəttin fəlsəfi sintezidir. Torpaq artıq itirilmiş yaddaş deyil, bərpa olunmuş dəyər, istehsal və gələcək inkişaf məkanı kimi təqdim olunur. Prezidentin şəxsi təcrübəyə söykənən yanaşması göstərir ki, Azərbaycan dövləti emosional travma mərhələsini arxada qoyaraq, rasional quruculuq və strateji planlaşdırma mərhələsinə keçid edib.

Bu müsahibə Prezident İlham Əliyevin post-müharibə dövründə Azərbaycanı yalnız bərpa edən deyil, siyasi, iqtisadi və ideoloji məzmunla yenidən inşa edən lider kimi çıxış etdiyini bir daha təsdiqləyir. Enerji, dil, elm, torpaq, idarəetmə və kimlik məsələləri ayrı-ayrı sahələr deyil, vahid dövlət strategiyasının təzahürləridir. Bu, gündəlik siyasi proseslərin unikal təhlili deyil, uzunömürlü milli dövlətçilik təfəkkürünün ifadəsidir, strateji xətdidir.

Fəzail Ağamalı
“Ana Vətən” Partiyasının sədri

Seçilən
19
ekologiya.az

1Mənbələr