BAKI, 9 yanvar. TELEQRAF
ReAl Partiyasının sədri Natiq Cəfərli Teleqraf-ın suallarını cavablandırıb.
Onunla müsahibəni təqdim edirik:
- Natiq bəy, İranda 10 gündən artıq davam edən aksiyaların məcrası hər ötən saat genişlənir. ABŞ Prezidenti Donald Tramp artıq ikinci dəfə etirazçılara atəş açılmaması ilə bağlı bəyanat verib. Şah tərəfdaları də bir qədər fəallaşıblar. Bunun fonunda hadisələrin gedişi ilə bağlı proqnozlar nədən ibarətdir?
- İranda keçmiş şah tərəfdarlarının heç də həlledici gücə malik olduğu inandırıcı deyil. Sadəcə olaraq, İrandakı etirazların lideri yoxdur. Faktiki olaraq, bu gün aksiyaların önündə gedən bir qrup da mövcud deyil. Etirazlar təbiidir. Əvvəl bu aksiyalar iqtisadi tələblərlə başlamışdı, indi siyasi tələblər də səsləndirilir. Məhz İrandakı aksiyaların strukturlaşmış mərkəzinin olmaması keçmiş şah tərəfdarlarının, xüsusən də onun ABŞ-də yaşayan oğlu Rza Pəhləvinin önə çıxmasına səbəb olur.

- Yenidən şah rejimin bərpası ehtimalı varmı?
- Sözsüz ki, yenidən şah rejiminin bərpa olunacağı inandırıcı deyil. Amma onların da tərəfdarları var. İstər-istəməz İranın gələcəyində şah tərəfdarlarının müəyyən rolu ola bilər. Fikrimcə, İranda da Avropanın bəzi ölkələrindəki kimi konstitusiyalı monarxiya rejimi formalaşsın. Yəni, Norveç, İsveç, İspaniya nümunəsinə oxşar simvolik bir sistem qurulması mümkündür. Bu sistemin isə seçkilərlə idarə olunması ilə bağlı ehtimallar daha yüksəkdir.
- ABŞ-nin şah yoxsa, indiki Prezident Məsud Pezeşkianın üzərində dayanacağı ilə bağlı da iddialar səslənir. Vaşinqton hansı halda bu iki istiqamətdən birini seçə bilər?
- Hələlik, faktiki olaraq İranın seçilmiş və kifayət qədər də səs almış rəsmi Prezidenti Məsud Pezeşkiandır. Sözsüz ki, Pezeşkian bu keçid dövründə mühüm rol oynayır. İstənilən halda bu şəxsin İranın gələcəyi ilə bağlı qurulan sistemdə yer alması qaçılmazdır. Əslində Pezeşkian faktorunun özü belə İranda dəyişikliklərin qaçılmaz olduğunu sübut edirdi. Təbii ki, bu gün 10 il öncəki İranla indiki arasında fərq çoxdur. İran, o cümlədən cəmiyyət həddindən artıq dəyişib. Dinamik bir cəmiyyətə sahib olan İranda gənclər böyük üstünlük təşkil edir. Gənclərin sayına görə İran dünyada liderdir. Ona görə də Pezeşkian və onun komandası İranın gələcəyində ciddi rol oynaya bilər.

- Baş verən hadisələrin İran daxilində silahlı qruplaşmalar arasında qarşıdurma səviyyəsinə çatması ehtimalı varmı?
- İranın parçalanması bu gün heç bir oyunçuya sərf etmir. ABŞ, Rusiya və Qərb İranın parçalanmasını istəmir. Çünki bu baş versə, orada prosesləri tənzimləmək çox çətin olacaq. Söhbət 85 milyonluq əhalidən gedir ki, bu nə Suriya, nə də Livandır. Ona görə də qlobal güclərin İranın parçalanmasında maraqlı olması ehtimalı çox azdır.
- Bu halda İran üçün məqbul ssenari nədən ibarət ola bilər?
- İran bundan sonra transformasiya yolu ilə gedəcək. Bu yol artıq başlayıb. Ona görə də yaxın zamanlarda bu istiqamətlər özünü göstərəcək. İran xalqının özünün də kodlarında bu amillər mövcuddur. Yəni, xarici təcavüz olsa, parçalanma təhlükəsi yaransa, İran əhalisi birləşəcək. Bu da mövcud iqtidarın köməyinə çatacaq və sistemin, rejimin qalmasına xidmət edəcək. Qərbin analitik mərkəzləri yəqin ki, bunu bilir.

- İranda baş verənlərin region dövlətləri üçün təsiri haqqında proqnozlar nədən ibarətdir?
- Azərbaycan dövləti cənubda yaşayan soydaşlarının həyatına biganə qala bilməz, bu mümkün də deyil. Biz eyni xalqıq. Orada hansısa humanitar və yaxud ciddi problem yaşanarsa, Azərbaycan kömək əlini də uzada bilər. Amma cənubda yaşayan qardaşlarımız hansı sistemdə yaşamaq haqqında özləri qərar verməlidir. Onların bu gün İrandakı etirazlarda aktiv olmamasının da səbəbi var.
- Bu nə ilə bağlıdır?
- İndiyə kimi cənubda üç dəfə Azərbaycan adlı dövlət qurulmasına cəhd edilib. Amma bunların üçü də boğulub. Ona görə də indiki halda cənubdakı soydaşlarımız növbəti dəfə onlardan istifadə edilməsini istəmirlər. Yəni, bir mollanın və ya şahın yerinə digərinin gəlməsi heç nəyi dəyişmir. Bu mənada cənubdakı qardaşlarımız fars şovinistlərinin daxildə separatizm amillərini gücləndirməsinə imkan vermirlər. Faktiki olaraq, bu proseslərdə azərbaycanlıların adının hallandırılması cəmiyyətin digər hissəsinin onlara qarşı qaldırılması məsələsinə də çox həssas yanaşırlar. Əslində bu doğru bir taktikadır. Sözsüz ki, İranın gələcəyində orada yaşayan soydaşlarımız həlledici rol oynayacaq. Bunun hansı formada olacağını isə zaman göstərəcək.