Daxili İşlər Nazirliyi ölkədə ictimai asayişin, təhlükəsizliyin və hüquq-mühafizə sisteminin dayanıqlı fəaliyyətini təmin edən əsas dövlət qurumlarından biridir və bu qurumda qəbul edilən qərarların səmərəliliyi birbaşa rəhbər heyətin peşəkarlığı və idarəetmə bacarıqları ilə bağlıdır.
Nazir müavinlərinin təhsil yolu, ixtisaslaşma sahələri və peşəkar hazırlıq səviyyəsi onların hüquq-mühafizə sahəsində həyata keçirilən islahatların mahiyyətini düzgün qiymətləndirməsinə, operativ və strateji qərarların əsaslandırılmış şəkildə qəbul edilməsinə imkan verir.
AzEdu.az Təhsil Portalı nazir müavinlərinin təhsil həyatını araşdırır, onların professional hazırlığı barədə ümumi mənzərəni ictimaiyyətə təqdim edir.
Bu yazıda daxili işlər naziri Vilayət Eyvazovun müavinləri- Əzimov Seyfulla, Oqtay Kərimov, İsmət Əliyev, Şahin Məmmədov və Fazil Quliyevin təhsil yolu və akademik fəaliyyətləri barədə məlumat hazırlanıb.

Polis general-leytenantı Əzimov Seyfulla Səttar oğlu
1970-ci ildə Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun Yuxarı Daşarx kəndində anadan olmuşdur.
1994-cü ildə Azərbaycan Dövlət Neft Akademiyasını, 2000-ci ildə Azərbaycan Respublikası DİN-in Polis Akademiyasını bitirmişdir.
1988-1990-cı illərdə Silahlı Qüvvələrin sıralarında müddətli həqiqi hərbi xidmət keçmişdir.
1996-cı ildən daxili işlər orqanlarında xidmət edir.

Polis general-leytenantı Kərimov Oqtay Əsgər oğlu
Kərimov Oqtay Əsgər oğlu 1967-ci il iyunun 6-da Bakı şəhərində anadan olmuşdur.
1988-ci ildə Simferopol Ali Hərbi Siyasi İnşaat Məktəbini, 1997-ci ildə DİN-in Polis Akademiyasını bitirmişdir.

Polis general-leytenantı Əliyev İsmət Rəşid oğlu
1959-cu ildə Ermənistan Respublikasının Krasnoselsk rayonunun Əmirxeyir kəndində anadan olmuşdur. 1981-ci ildə fərqlənmə diplomu ilə Ç.İldırım adına Azərbaycan Politexnik İnstitutunu, 2010-cu ildə Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasını bitirmişdir.
1981-ci ildən daxili işlər orqanlarinda xidmət edir.

Daxili Qoşunların Komandanı general-leytenant Məmmədov Şahin İsgəndər oğlu
Məmmədov Şahin İsgəndər oğlu 10 yanvar 1961-ci ildə Qazax rayonunun Yenikənd kəndində (indiki Ağstafa rayonunun Zəlimxan kəndi) anadan olmuşdur.
1986-cı ildə SSRİ Daxili İşlər Nazirliyinin Saratov ali hərbi komandanlıq məktəbini və 1999-cu ildə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Hərbi Akademiyasının strateji tədqiqatlar və Dövlət müdafiəsini idarəetmə akademik kursunu bitirmişdir.
1979-1981-ci illərdə SSRİ Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarında müddətli həqiqi hərbi xidmət keçmişdir.
1982-1986-cı illərdə SSRİ Daxili İşlər Nazirliyinin Saratov ali hərbi komandanlıq məktəbində təhsil almışdır.

Baş Təşkilat-İnspeksiya İdarəsinin rəisi polis general-leytenantı Quliyev Fazil Balahəsən oğlu
1957-ci ildə Bakı şəhərində anadan olmuşdur. 1979-cu ildə Azərbaycan Dövlət Bədən Tərbiyəsi İnstitutunu, 1993-cü ildə Bakı Dövlət Universitetinin hüquq fakültəsini bitirmişdir. Silahlı Qüvvələrin sıralarında müddətli həqiqi hərbi xidmət keçmişdir.
1983-cü ildən daxili işlər orqanlarında xidmət edir.