AZ

Aİ MERCOSUR ölkələri ilə azad ticarət sazişini təsdiqləyib

Berlin, 9 yanvar, AZƏRTAC

Avropa İttifaqı (Aİ) MERCOSUR ölkələri ilə azad ticarət sazişini təsdiqləyib.

AZƏRTAC xəbər verir ki, Brüsseldə keçirilən səsvermədə Aİ-yə üzv 27 ölkənin nümayəndələrinin çoxu sazişin lehinə səs verib.

MERCOSUR ölkələri - Braziliya, Argentina, Uruqvay və Paraqvay ilə azad ticarət sazişinə dair danışıqları 1999-cu ildə başlayıb. 700 milyondan çox əhalini əhatə edən bu saziş dünyada ən böyük azad ticarət zonasının yaradılmasını nəzərdə tutur. Lakin saziş Avropada xüsusilə kənd təsərrüfatı sektorunun təmsilçilərinin ciddi müqaviməti ilə qarşılaşmışdı. Aqrar sektor MERCOSUR ölkələrindən gələn rəqabəti Avropa kənd təsərrüfatı üçün ciddi təhlükə kimi qiymətləndirir. Bu baxımdan saziş üzrə razılaşma kənd təsərrüfatı lobbisinə verilən əlavə güzəştlər hesabına mümkün olub.

Yeni azad ticarət zonasının ABŞ Prezidenti Donald Trampın proteksionist gömrük siyasətinə qarşı siyasi mesaj olduğu da hesab edilir. Planlara əsasən, Aİ ilə MERCOSUR ölkələri arasında gömrük rüsumları və ticarət maneələri böyük ölçüdə aradan qaldırılacaq. Aİ Komissiyasının hesablamalarına görə, saziş Aİ-nin Cənubi Amerikaya illik ixracını 39 faizədək artıra bilər. Bu isə Avropada 440 mindən çox iş yerinin qorunmasına töhfə verəcək. Xüsusilə avtomobil sənayesi, maşınqayırma və əczaçılıq sektorları üçün böyük imkanlar gözlənilir. Hazırda MERCOSUR ölkələrinə idxal olunan avtomobillərə 35 faiz gömrük rüsumu tətbiq olunur.

Qeyd edək ki, sazişin imzalanma mərasiminin hazırda MERCOSUR-a hazırda sədrlik edən Paraqvayda keçirilməsi planlaşdırılır. 

Elvin Mövsüm

AZƏRTAC-ın xüsusi müxbiri

Berlin

Seçilən
57
azertag.az

1Mənbələr