Son illər İranın ABŞ və regional ölkələrlə gərginliyi diqqət çəkən məqamlardan birinə çevrilib. Xüsusilə də ABŞ sanksiyaları və İranın nüvə öhdəliklərini yerinə yetirməməsi bu gərginliyin daha da artmasına səbəb olub. Lakin buna baxmayaraq, İran İraq və Suriya istiqamətində təsir dairəsini qorumağa çalışır.
İranın çoxcəhətli təzyiqlərlə üzləşməsi ölkənin gələcək regional rolunu zəiflədə bilərmi? Qarşıdakı dövrdə İranı nələr gözləyir?
Mövzu ilə bağlı politoloq Azər Qasımov Bakıvaxtı.az-a açıqlamasında bildirib ki, İranın son dövrlər regional proseslərdən aldığı zərbələr onun Yaxın Şərqdəki mövqelərini zəiflətməklə yanaşı, bu regionlardakı təsir gücünü də əhəmiyyətli dərəcədə azaldıb:
"ABŞ sanksiyalarının burada rolunun az olduğu bir reallıqdır. Bu sanksiyalar 40 ildən çoxdur ki, var və buna baxmayaraq, İran rejimi özünün Yaxın Şərqdəki maraq dairəsini təmin etmək üçün güclü "şiə hilalı" strategiyasını həyata keçirə bilmişdi. İranın aldığı zərbələr daha çox İsrail və Türkiyənin atdığı addımlarla bağlı oldu. Bu baxımdan İranın öz təhlükəsizliyini təmin etmək üçün yaratdığı strategiya yıxıldı. Artıq İranın təhlükəsizliyini qorumaq üçün yaratdığı hilal daralaraq öz sərhədlərindən içəri daxil olub. Ölkədə davam edən iğtişaşlar da buna sübutdur".

Azər Qasımov: Rejiminin dayaqları sarsılıb, öz hakimiyyətini saxlaya bilmir
A.Qasımov hesab edir ki, İranın qarşıdakı dövrdə başına gələcəyi gözlənilən ən əsas məsələ molla rejiminin süqutudur. Bu rejim artıq öz xalqını aldada bilmir.
"İranın İslam adı altında yaratdığı bu dövlət rejiminin əsl mahiyyəti üzə çıxıb. Xalq bu saxta İslam anlayışından bezib. Müasir, demokratik, sivil quruluş istəyir, hətta xalqların bir çoxu ayrılıb müstəqil dövlət olmaq istəyir. Görünən odur ki, rejiminin dayaqları əsaslı şəkildə sarsılıb. İran rejimi öz hakimiyyətini saxlaya bilmir. Amma bu rejimin gedərayaq bütün Yaxın Şərqi, o cümlədən də ətraf regionları qan gölünə döndərmək kimi bir imkanı var", - deyə müsahibimiz qeyd edib.
Politoloq hesab edir ki, rejimin İsraillə, Azərbaycanla həll edilməmiş məsələləri qalır. Əsas buna fikir verilməli, rejim əsgərlərinin bu addımının qarşısı alınmalıdır.
Gülşən Şərif