İranın dini lideri Ayətullah Əli Xamenei ölkədə davam edən etirazlarla bağlı açıqlama verib.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, Xamenei ABŞ Prezidenti Donald Trampa qarşı sərt ifadələr işlədib.
İran dövlət televiziyasının məlumatına görə, Xamenei, bəzi qrupların dövlət əmlakına zərər verərək ABŞ Prezidenti Donald Trampı razı salmağa çalışdıqlarını iddia edib.
Xamenei açıqlamasında bunları söyləyib:
"Dünən gecə Tehranda və bəzi digər şəhərlərdə bir qrup vandaldan ibarət olan insanlar öz ölkələrinə aid olan bir binanı dağıtdılar. Bu provokatorlar dövlət əmlakına zərər verərək ABŞ Prezidenti Trampı məmnun etməyə çalışırlar. Tramp öz ölkəsindəki problemlərə fokuslansın. O bu vandalların və ölkəyə zərər verənlərin tərəfindədir. Bu insanlar da ümidlərini ona bağlayıblar. On iki günlük müharibədə komandanlar, alimlər və öncül şəxslərdən başqa sadə xalqdan da olmaqla minlərlə vətəndaşımız şəhid oldu. O, "Mən əmr verdim, müharibə zamanı mən komanda etdim" dedi. Yəni əllərinin iranlıların qanına batdığını etiraf etdi. Əllərində minlərlə İranlının qanı var. Buna baxmayaraq, çıxıb "İran xalqının dəstəkçisiyəm" deyir. Bir neçə təcrübəsiz, diqqətsiz və düşünmədən hərəkət edən insan da buna inanır, qəbul edir və onun istəkləri ilə hərəkət edir".