AZ

İranda Dəyişiklik Siqnalları: Regiona Təsir Riskləri Müzakirə Olunur

İranda artan daxili gərginlik və Yaxın Şərqdə dəyişən siyasi mənzərə fonunda ölkənin həm idarəetmə kursu, həm də regional siyasəti diqqət mərkəzinə düşüb. Xüsusilə Güney Azərbaycan şəhərlərində davam edən etirazlar, eləcə də ABŞ və İsrailin regiondakı təsir gücünün artması Tehranın daha ehtiyatlı strategiyaya keçdiyi ilə bağlı müzakirələri gücləndirib.

Bu barədə News365.az-a açıqlama verən politoloq Fikrət Sadıqov bildirib ki, İran artıq əvvəlki siyasi mərhələdə deyil və mövcud rejim idarəetmədə yeni strategiyalara keçməyə çalışır.

Ekspert qeyd edib ki, ABŞ Prezidenti Donald Trampın sərt xəbərdarlıqları İran hakimiyyətinin etirazçılara qarşı daha ehtiyatlı davranmasına səbəb olub:

“Trampın əvvəlki regional müdaxilələri – Venesuelada Maduro və Suriyada Əsədin hakimiyyətdən getməsi, həmçinin ABŞ və İsrailin Hizbullah rəhbərliyinə zərbələri göstərir ki, Tramp bəyanatlarında ciddi mesajlar verir. İran da bunu nəzərə alır və xüsusilə azərbaycanlı etirazçılara qarşı çox sərt addımlar atmamağa çalışır,” – deyə Sadıqov bildirib.

Politoloq həmçinin vurğulayıb ki, İrandakı daxili gərginlik Cənubi Qafqaz və region ölkələri üçün yeni risklər yarada bilər. Onun sözlərinə görə, etirazların böyüməsi qaçqın axınını artırmaq ehtimalını gücləndirir:

“İranla qonşu ölkələrdə siyasi mərkəzlərin dəyişməsi, müttəfiq rejimlərin zəifləməsi regiondakı balansı dəyişir. Bu isə xüsusilə Xoy, Təbriz, Urmiya kimi türk şəhərlərində baş verən kütləvi aksiyalar fonunda köç dalğasını stimullaşdıra bilər,” – ekspert əlavə edib.

Sadıqov İrandakı etnik demoqrafiya ilə bağlı da maraqlı məqama toxunub və ölkədə yaşayan azərbaycanlıların sayının yüksək olduğunu qeyd edib. O bildirib ki, bu faktor aksiyaların milli xarakter almasına təsir göstərir.

Bundan başqa, ekspert İran–Ermənistan əlaqələrinin yaxınlığına da diqqət çəkib və əlavə edib ki, mövcud proseslər fonunda Tehran gələcəkdə bu xəttdən müəyyən qədər geri çəkilə bilər:

“İranla Ermənistan arasında münasibətlər ənənəvi olaraq sıx olub. Amma indiki şərtlər – Suriyada Əsədin getməsi, Hizbullahın zəifləməsi və Venesuelada Maduro dövrünün bitməsi – Tehranın əvvəlki ittifaqlara arxalanma imkanını azaldır. Bu səbəbdən İran rejimi yaxın gələcəkdə Cənubi Qafqazdakı siyasətində Ermənistan xəttindən uzaqlaşmağa çalışa bilər,” – Sadıqov bildirib.

Politoloqun qənaətinə görə, İrandakı proseslər hələ başlanğıc mərhələsində olsa da, həm ölkədaxili siyasi kursun, həm də regional diplomatiyanın dəyişmə ərəfəsində olduğunu göstərir.

Seçilən
9
news365.az

1Mənbələr