BAKI, 9 yanvar. TELEQRAF
İrəvan və Bakı Ermənistandan Azərbaycana alüminium folqa, alüminium-folqa üçün xammal, ferromolibden, ev heyvanları, konyak üçün xammal, tütün və tekstil məhsullarının ixracı imkanları ilə bağlı danışıqlar aparır.
Teleqraf xəbər verir ki, bu barədə Ermənistanın iqtisadiyyat naziri Gevorq Papoyan bildirib.
Nazirin sözlərinə görə, Azərbaycanda konkret məhsulların idxalında maraqlı olan şirkətlər də var.
“Azərbaycan tərəfi onları maraqlandıran konkret məhsulların siyahısını təqdim edib, biz isə ixrac edə biləcəyimiz həcmləri göndərmişik. Bizim siyahımıza qızılgül və istixana məhsulları - pomidor, bibər də daxildir. Təxmini qiymətləri təklif etmişik”, - Papoyan deyib.
Ermənistanın iqtisadiyyat naziri ilk ixracın vaxtını açıqlamayıb. Qeyd edib ki, bu, Ermənistan və Azərbaycan şirkətləri arasında razılıq əldə edildikdən sonra mümkün olacaq.