Bakı, 9 yanvar, AZƏRTAC
Azərbaycan televiziyasının (AzTV) Teleradio Akademiyasında media nümayəndələri üçün treninqlərə başlanılır.
Bu barədə AZƏRTAC-a Azərbaycan televiziyasının mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, ölkənin tanınmış dilçi mütəxəssisləri və peşəkar ustadların iştirakı ilə keçiriləcək treninqlər jurnalistlərin peşəkar bilik və bacarıqlarının artırılmasına xidmət edir.
Üç ay davam edəcək proqram çərçivəsində televiziya və radio, eləcə də informasiya agentlikləri və xəbər saytlarında çalışan 50-yə yaxın gənc jurnalist, redaktor və aparıcı iştirak edəcək. Treninq müddətində iştirakçılara düzgün və səlis nitq, peşəkar ünsiyyət, efir mədəniyyəti və media dili ilə bağlı nəzəri və praktiki biliklər təqdim olunacaq.
Layihənin əsas məqsədi müasir media mühitinin tələblərinə cavab verən, dil normalarına yiyələnmiş və peşəkar kadrların hazırlanmasına töhfə verməkdir.