Kiprdə hazırkı Prezident Nikos Xristodulidisin seçki kampaniyasının qanunsuz olduğu iddia edilən maliyyələşdirilmə üsulları ilə bağlı siyasi qalmaqal baş qaldırıb.
Hafta.az xəbər verir ki, ittihamlar Kiprin Avropa İttifaqı (Aİ) Şurasına altıaylıq sədrliyinin başlanğıcını qeyd etmək üçün keçirilən rəsmi mərasimdən sonra "EmilyTanalyst" adlı istifadəçi tərəfindən "X" sosial şəbəkəsində dərc olunmuş videoda yer alıb.
Videoda gizli kameraya çəkilmiş dövlət başçısının köməkçisi, keçmiş energetika, ticarət, sənaye və turizm naziri Yorqos Lakkotripis seçki kampaniyasının maliyyələşdirilməsi üçün müəyyən edilən bir milyon avro limitini nağd ianələr yolu ilə aşmaq ehtimalı barədə danışır.
Videomaterialın müəllifinin sözlərinə görə, prezidentə nağd pul lazım olduqda, o öz aparat rəhbərinə - adanın birinci xanımı Felipe Karserenin bacısı ilə evli olan kürəkəni Xaralambos Xaralambusa zəng edir.
Yerli KİV Yorqos Lakkotripisin artıq video ilə bağlı Nikosiya Cinayət İstintaq Departamentinə şikayət ərizəsi təqdim etdiyini yazıb.
Həmçinin siyasətçilər də dərhal reaksiya veriblər. Xüsusilə Kipr İşçi Xalqının Mütərəqqi Partiyasının (AKEL) baş katibi Stefanos Stefanu bildirib ki, onun partiyası Xristodulidis hökumətindən ciddi institusional və siyasi suallara cavab gözləyir.