AZ

Ruhum, gözlərini yum... Romandan parça

ain.az bildirir, 525.az portalına istinadən.

Sənin “Ruhum, gözlərini yum...” misran indi daha ülvi məna kəsb edir, ustad Nazim Hikmət. Çünki bəşəriyyət gözlərini açdıqca, ruhunu qaranlığa qərq edir. Ona görə də, ruh bəzən işığını itirməmək üçün gözlərini yumsa, yaxşıdır... İndi süni zəka və elm insanı ucaltmaqdansa, daha da uzaqlaşdırır - Allahdan, insandan, ailə ocağından, sevgidən... Bəlkə də bu çağda bəşəriyyətin sürətlə faciəvi sonuna doğru yüyürməsini,  özünü məhv etmək yolunda çabalamasını, özündən getməsini  görməmək üçün  ruhun gözlərini yumması,  indilik ən yaxşı çıxış yoludur... Ən azından bəşəriyyət özünə gələnə kimi...

(On altıncı fəsil)

Leon Varrek üçün ev dustaqlığı gözlənildiyi kimi ağır cəza olmadı; əksinə, uzun illərdir fasiləsiz axan düşüncə selinin qəfil dayandığı, beynin sakitləşdiyi qəribə məqam idi. O, ilk günlər bu sükuta tab gətirə bilmirdi, laboratoriyasız qalmağı boşluq kimi hiss edirdi, lakin günlər keçdikcə anladı ki, boşluq dediyi şey əslində, illərdir içində yığılmış, amma üstü kodlar, sxemlər və iddialarla örtülmüş qatlardır. Malikanəsi indi ona başqa cür görünürdü. Bu divarlar artıq elmi ambisiyanın qalın kölgəsini daşımırdı, bu divarların içində uşaq addımlarının səsləri və Eloranın danışığı eşidilir, səhərlər okeanın uzaqdan gələn dərin nəfəsi pəncərələrdən süzülüb evin içinə dolurdu.

Leon uzun illərdən sonra ilk dəfə dərk edirdi ki, vaxt yalnız ölçülən anlayış deyil, həm də yaşanan haldır və insan onu ancaq sürətli axının içərisindən sıyrılıb yavaşlayanda hiss edə bilir. Darin atasının yanından ayrılmırdı. Balaca oğlan bu günlərdə özü də bilmədən bu qiymətli anları qoruyub saxlamağa çalışırdı.

Bəzən Leonun əlindən tutub bağa aparır, bəzən dizlərinin dibində oturub suallar verirdi. Leon  oğlunun saçlarını oxşayırdı və bu sadə toxunuşun, illərlə yaratmağa çalışdığı bütün süni mexanizmlərdən daha mürəkkəb və daha canlı olduğunu ürəyində qəbul edirdi. Elora isə artıq kənardan baxan qadın deyildi, o da Leonu tək buraxmır, hər addımda yanında olmağa çalışırdı.  Onun baxışlarında nə giley vardı, nə də ittiham - orada qəribə, sakit qətiyyət yuva salmışdı. Axşamlar birlikdə terrasda oturur, uzağa - okeana tamaşa edirdilər. Okeanın səthində işıq zolaqları yaranırdı – ayın işığının son şüaları suya toxunduqca qırılıb uzanır, dalğaların üstündə titrək, canlı izlər buraxırdı.

Bu axşam Elora yenə Leonun yanında - kresloda əyləşmişdi. Terras isti olsa da, çiyinlərinə adəti üzrə nazik bir şal salmışdı. Leonun gözlərinin içinə şəfqətlə baxıb dedi:

- Bilirsən, mən həmişə düşünürdüm ki, səni itirməyimin səbəbi elmdir. Sənin işin, laboratoriya, o böyük ideyalar... İndi anlayıram ki, səbəb onlar deyildi.

Leon baxışlarını uzaqdakı okeandan ayırmadan soruşdu:

- Bəs nə idi?

Elora bir anlıq susdu, sonra davam etdi:

- Sən dayanmağı unutmuşdun, Leon. Zamanın sürəti səni də özü ilə götürüb aparırdı...

Leon dərindən nəfəs alıb gülümsədi:

- Belə sürətlə “gedəndə” bir gün ya bu, ya da digər səbəbdən dayanmalı olursan.

Elora dilləndi:

- Mən səni gözləyirdim. İndi başa düşürəm ki, gözləmək bəzən sevgini qorumaq yox, onu yavaş-yavaş tükəndirmək imiş. İnsan yalnız gələcək üçün yaşadıqda bu günü itirir.

Leon dedi:

- Mən həmişə düşünürdüm ki, yaratdıqlarım bizi qoruyacaq.

Elora ona tərəf çevrildi:

- Bizi qoruyan şey heç vaxt yaratdıqların olmayıb, bir-birimizin yanında qalmağımız, son anda da olsa, bir-birimizin sevgisinə sığınmağımız idi. Bizi qoruyan qüvvə Tanrıdır, Leon. İnsanı yaratdıqları qoruya bilməz, Yaradan hifz edə bilər ancaq.

Leon ilk dəfə idi ki, eşitdiyini müdafiə etməyə çalışmırdı, sadəcə dinləyirdi.

- Darin hələ indi səninlə əsl ata-övlad münasibətini yaşayır, - Elora təbəssümlə dedi, - İndi  səni hiss edir. Sən onun yanında olanda, o sakitləşir. Çünki sən artıq tələsmirsən, sən də əslində yaşamağa başlamısan. Əgər laboratoriyanı bağlamağa qərar versələr, neyləməyi düşünürsən? Bir də bir məsələdən çox narahatam, səni həbs edə bilərlər, Leon?

Leon bir müddət susdu. Sonra təmkinlə dedi:

- Açığı, bu sualların hamısı artıq masadadır. Heç nə gizli deyil.

Elora diqqətlə ona baxdı.

- Laboratoriya məsələsi, - Leon davam etdi, - əgər bağlasalar, rəsmi qərarla bağlayacaqlar. Yəni qəfil deyil. Komissiya olacaq, hesabatlar hazırlanacaq. Layihənin riskli olduğunu əsas gətirib dövlət nəzarətinə keçirəcəklər. Mənim rolum da dəyişəcək. Baş tədqiqatçı yox, kənardan məsləhət verən adam olacağam. Sözüm keçərli olacaq, amma qərar verən mən olmayacağam.

Elora soruşdu:

- Səni tamamilə kənara ata bilərlər?

Leon başını yellədi.

- Yox, o qədər də asan deyil. Bu qədər il bu layihədə mənim imzam var. Bunu birdən-birə silə bilməzlər, amma daha diqqət mərkəzində də saxlamazlar.

Bir az susdu, sonra əlavə etdi:

- Əvvəllər bu məni dəli edərdi. İndi isə, açığı, elə də yox...

Elora baxışlarını ondan çəkmədi:

- Bəs həbs məsələsi? - dedi. - Bu, məni qorxudur.

Leon dərin nəfəs aldı.

- Bax, burada məsələ bir az daha ciddiləşə bilər. Əgər sübut etsələr ki, mən bilərəkdən təhlükəli qərarlar vermişəm, ya da qəsdən, məqsədli şəkildə beynəlxalq hüquqi və etik qaydaları pozmuşam, istintaq məhkəməyə qədər gedə bilər. Lap həbs də edilə bilərəm. Bu o deməkdir ki, çağıracaqlar, ifadə alacaqlar, ekspertlər gələcək. Aylarla sürə bilər.

- Birbaşa həbs etməzlər ki, səni?

- Birbaşa yox, - Leon dedi. - Daha çox nəzarət altında qalmaq şəklində olar yəqin. Ölkəni tərk edə bilməyəcəyəm, hər addımım qeyd olunacaq. Qolumda onsuz da elektron biləklik var, onun vasitəsilə mənim hər addımımı izləyirlər onsuz da, bəlkə elə indi danışığımı da dinləyirlər.

Elora kədərlər başını aşağı saldı:

- Bu, ağırdır.

Leon gülümsədi, təbəssümündə yorğunluq sezilirdi:

- Ağırdır. Amma mən indi bunu əvvəlki tək daşınmaz yük kimi hiss etmirəm.

- Niyə?

Leon bir anlıq Darinə tərəfinə baxdı, sonra yenə Eloraya döndü:

- Çünki əvvəllər hər şeyin mərkəzində yalnız mən idim. Mənim işim, uğurum, gələcəyim... İndi isə... Sizinlə birgə vaxt keçirdikcə, əslində  indiyəcən laboratoriyalara çəkilib nə qədər xoş günlərimi itirdiyimin fərqinə varıram. Əlbəttə, ömrümü elmə həsr etmiş bir alim olaraq yenə kəşflərim, ixtiralarım mənim üçün çox əhəmiyyətlidir, onları həyatımdan bir anda söküb ata bilmərəm. Bir gün elm olmasa belə, ailəm var, siz varsınız.  Axşamlar bu terrasda ailəliklə oturmağın zövqünü hələ indi tam anlayıram.

Elora gözündə sevgi qığılcımları ilə gülümsədi:

- Sən çox dəyişmisən, bu da məni elə xoşbəxt edir ki, Leon. Bir ara lap ümidimi üzmüşdüm, deyirdim daha bir də yerdə yaşaya bilməyəcəyik, daha ailə olmayacağıq.

Leon başını təsdiq mənasında tərpətdi:

- Mən illərlə özümü əvəzolunmaz sanmışam. Elmdə bu cür hallar çox olur. Elə bilirsən ki, sən dayansan, hər şey çökər. Amma yox, sonra baxırsan ki, dünya sənsiz də davam edir. Elmi kompleks bağlanana qədər elə bilirdim ki, işimdən uzaqlaşsam, ölərəm. İndi görürəm ki, hətta bu uzaqlaşmağa ehtiyacım da var imiş.

Bir anlıq sükut çökdü.

Elora soruşdu:

- Peşman deyilsən?

Leon düşünmədən cavab verdi:

- Yox. Çünki ilk dəfədir ki, özümü yalnız gördüyüm işlə yox, yaşadığım həyatla ölçürəm. Mən indi Darinlə əsl valideyn kimi vaxt keçirirəm, sənin yanındayam. Elmi isə məndən ala bilməzlər, gec-tez işimə davam edəcəyəm. Bundan sonra da nə olacaqsa, olsun,  bu dəfə özümü itirməyəcəyəm.

***

Sinlanddakı yeraltı elmi kompleksdə həyat kağız üzərində öz axarındaydı. Protokollar yerində idi, hesabatlar vaxtında doldurulurdu, sistemlər “aktiv” statusunda görünürdü. Amma bu, yalnız sənədlərdə belə idi. Yeraltı elmi kompleksin içində isə tamam başqa bir sükut hökm sürürdü, işləyən bir mexanizmin dayandırılmış səssizliyi vardı.

Laboratoriyanın mərkəzində Elisiya şüşə kapsulun içində dayanmışdı. Şəffaf divarlar onun insandan secilməyən bədənini bütün detalları ilə göstərirdi. Bir vaxtlar hərəkət edən, reaksiya verən, sual soruşan bu humanoid varlıq indi hərəkətsiz idi. Süni sinir şəbəkələri tamamilə deaktiv edilmişdi, impuls axını kəsilmişdi. Enerji minimum səviyyədə saxlanılırdı - yalnız strukturun özünü qorumağa yetəcək qədər.

Ekranlar qaranlıq idi. Sensorlar susurdu. Laboratoriyanın içində addım səsləri belə qəribə dərəcədə yad eşidilirdi. Texniki heyət azaldılmışdı, hər kəs danışarkən səsini alçaldırdı, sanki bu sükutu pozmaqdan çəkinirdilər. Elisiya artıq nə sual verirdi, nə də cavab axtarırdı. O, fəaliyyət göstərən bir layihədən çox, başa çatmış bir dövrün izinə bənzəyirdi.

Dövlət təhqiqatları isə soyuqqanlı bir ardıcıllıqla davam edirdi. Vaxtaşırı müxtəlif komissiyalar gəlir, ölçür, nəsə qeydlər aparır və çıxıb gedirdilər. Layihənin əsas kod bazası rəsmi şəkildə dövlət arxivinə köçürülmüşdü. Laboratoriyanın fəaliyyəti yalnız sərt şərtlərlə davam edə bilərdi və bu şərtlər artıq Leonun nəzarətində deyildi...

Elə həmin günlərdə - bir axşam Leonun telefonuna Baş Bürodan zəng gəldi.

O, telefonu açdı. Rəsmi səslə danışan adamın səsində nə təhdid hiss olunurdu, nə də qəzəb. Daha çox uzun müddət əvvəl verilmiş qərarın sakit icrası hiss olunurdu.

- Cənab Varrek, - telefondakı səlahiyyətli şəxs dedi, - ümumi müzakirə nəticəsində hələlik layihədə qalmağınız nəzərdə tutulur, tamamilə kənarlaşdırılmırsınız.

Leon dinlədi, onun sözünü kəsmədi:

- Lakin səlahiyyətləriniz məhdudlaşdırılır. Bundan sonra bütün qərarlar kollektiv şəkildə qəbul ediləcək. Heç bir dəyişiklik, test və ya aktivləşdirmə sizin təkbaşına göstərişinizlə mümkün olmayacaq.

Qısa pauza oldu.

- Yeraltı elmi kompleks bu gündən etibarən tam şəkildə dövlət nəzarətinə keçir. Təhlükəsizlik, giriş-çıxış, məlumat axını - hamısı mərkəzdən idarə olunacaq.

Leon asta səslə soruşdu:

- Laboratoriyaya nə vaxt qayıda bilərəm?

- Bir həftədən sonra, - cavab gəldi. - Bu müddət ərzində daxili yenidənqurma və təhlükəsizlik protokolları tamamlanacaq. Sizin girişiniz müşahidə altında olacaq.

Telefondakı adamın səsi bir qədər yumşaldı:

- Bu qərar cəza deyil, cənab Varrek. Bu, nəzarətdir. Layihənin miqyası artıq fərdi məsuliyyət çərçivəsindən çıxıb, dövlətin nəzarətinə keçib.

Telefon danışığı bitəndən sonra Leon uzun müddət yerindən tərpənmədi. Telefon hələ də əlində idi, ekran qaralmışdı. O, pəncərəyə tərəf baxdı. Okean uzaqda sakit görünürdü...

Leon anladı ki, artıq heç nə əvvəlki kimi deyil. O, nə layihənin sahibi idi, nə də prosesin mərkəzində yer alırdı. Bu fikir onu sarsıtdı, bir yandan da heç olmasa, həbs olunmaması ilə təsəlli tapdı. Ürəyində qəribə bir yüngüllük hiss etdi... Hər halda yenə də elmi kompleksə qayıdacaqdı, heç kim də buna mane ola bilməyəcəkdi, nə olmasından asılı olmayaraq... Laboratoriyaya gedəndə ilk işi Elisiyanı canlandırmaq olacaqdı...

***

Elə həmin axşam Leonun telefonu yenə səssizliyi pozdu. Ekranda Lioranın adı göründü. Leon bir an tərəddüd etdi, sonra zəngi açdı.

- Leon… - Lioranın səsi titrəyirdi. O, danışmağa hazır deyildi, amma susmağa da gücü çatmırdı. - Mən... canlı yayım açdığım üçün üzr istəyirəm. Səni xəbərdar etməli idim. O an - elə bildim ki, başqa yolum yoxdur. Bunu səni satmaq kimi düşünmə, sadəcə... hər şey çox sürətli oldu. Mən qorxdum. Özüm üçün də, bu layihə üçün də. Elə bildim ki, susmaq daha pis nəticə verə bilər. Eşitmişəm ki, laboratoriyanın fəaliyyəti məhdudlaşdırılıb, səni də oradan uzaqlaşdırıblar. Vicdan əzabı hiss elədim, axı bilirəm ki, sən orada necə can-başla işləyirdin, son olanları nəzərə almasaq...

Leon asta səslə onun sözünü kəsdi:

- Başa düşürəm.

Bu söz Lioranı bir az sakitləşdirdi.

- Bilirəm, sənə zərər verdim, buna görə məni bağışla, - dedi. - Əgər yenidən olsa...

Leon yenə onun sözünü kəsdi:

- Dayan, Liora, nəyisə izah etməyə məcbur deyilsən, doğru hesab elədiyin addımı atmısan və mən buna görə sənə qəzəblənmirəm. Əslində, başqa bir tərəfdən bəlkə də mənə yaxşlıq elədin...

Bir anlıq xəttin o başına sükut çökdü. Sonra Leon davam etdi:

- Mən səni atdığın addıma görə günahlandırmıram. Özündən muğayat ol, mənə görə də narahat olma. Yolun açıq olsun...

Telefonu bağlayanda elə bil Leonun çiyinlərindən yük götürüldü. O, ilk dəfə anladı ki, bağışlamaq qarşı tərəfi yüngülləşdirməkdən daha çox, öz içindəki düyünü açmaq üçündür.

***

Zil qaranlıq gecə idi. Ay da buludların arxasında gizlənmişdi. Sintopiyada belə zülmət gecə nadirən olardı. Leonla Elora yataqda qucaqlaşmışdılar. Leon yavaş-yavaş Eloranın başını oxşayır və son günlərdə baş verənləri düşünürdü.

Əvvəlcə döşəmədə çox zəif bir hərəkət hiss olundu. Ardınca qəribə, boğuq uğultu eşidildi. Elə bil evin altından ağır bir dalğa ötüb keçdi. Elora yatdığı yerdən dikəldi, qaranlıqda Leonun üzünə baxdı. Pıçıltı ilə “Bu nə idi, Leon?” soruşdu.

Leon cavab verməyə macal tapmamış malikanə əməlli-başlı və dəfələrlə silkələndi, pəncərələrin şüşələri cingildədi. Tavandakı çilçıraq qaranlıqda yellənməyə başladı. Elora dəhşətlə “zəlzələ” qışqırıb yerindən dik atıldı. Leonla birgə az qala bir göz qırpımında yataq otağından dəhlizə atıldı, ikisi də ən tez  zamanda özlərini Darinin yataq otağının qapısına çatdırdılar. Yenə güclü silkələnmə oldu. Qapını açan kimi Darin də yatağından sıçrayıb ağlaya-ağlaya valideynlərinə doğru qaçdı. Növbəti silkələnmə dalğası elə güclü oldu ki, üçü də qaranlıqda müvazinətini saxlaya bilməyib yıxıldı. Yaxşı ki, malikanə yüksək ballı zəlzələyə davamlı tikilmişdi, yoxsa indi hər şey uçub başlarına tökülərdi...

Leon hər ikisindən möhkəm yapışıb onları bağrına basdı. Malikanədə qışqıraraq qaçışan yardımçıların da səsini eşitdilər. Onlar Eloranın adını çəkir, Darini səsləyirdilər. Qonşu otaqdan Darinin dayəsi  özünü uşağın otağına salanda qaranlıqda onlara ilişib yıxıldı. “Elora xanım, Darin, siz yaxşısız?” Elora qaranlıqda əl havasına onu qucaqladı: “Yaxşıyıq, narahat olma”

Bir-iki dəqiqə ərzində daha bir neçə güclü təkan oldu. Döşəmə dalğa kimi hərəkət edir, mebellər aşırdı. Mətbəxdə deyəsən, boşqablar rəflərdən düşüb qırıldı. Sonra yeraltı təkanlar yavaş-yavaş sakitləşdi.  Leon qalxıb işığı yandırmaq istədi, elektriklər kəsilmişdi. Görünür, zəlzələdən nəsə nasazlıq yaranmışdı. Leon ehtiyatla yataq otağına qayıdıb telefonu götürdü, onun fənərinin işığı ilə yenidən Darinin yataq otağına qayıtdı. Gecə saat 2-yə 15 dəqiqə işləyirdi. Yeraltı dalğalanmalar sakitləşəndən sonra dayə öz otağına çəkildi, Leon isə Darini qucağına alıb Elora ilə birgə yataq otağına qayıtdı. Eloranın qulağına pıçıldadı ki, siz yatın, narahat olmayın, mən oyağam. 

Elora Darini qucaqlayıb uzandı, malikanəyə bir şey olmamışdı, amma yeraltı dalğalanmalar evdəki mebelləri və əşyaları aşırmışdı.

Elora həyəcanlı səslə dedi:

- Deyəsən, keçdi. Bu nə zəlzələ idi belə?! Hələ həyatımda belə qorxmamışdım, Leon, elə bildim öləcəyik hamımız...

Leon sövq-təbii hiss etdi ki, bu zəlzələnin hələ ardı gələcək...

Gecə ilə bütün media vasitələri ilə Sintopiyaya okeandakı zəlzələ ilə bağlı sunami ola biləcəyi xəbərdarlığı verildi... Deyilənə görə, okeanın dərinliklərində ard-arda güclü zəlzələlər baş verirmiş...

***

Ertəsi gün günorta Mark və Selina gözlənilmədən Leongilə qonaq gəldi. Leon incik tərzdə olsa da, Marka əl uzatdı, Mark isə onu qucaqlayıb ərklə bağrına basdı:

- Bura bax, Leon, incimək yoxdur, gör neçə ilin dostuyuq, öz fikrimi bildirmişəm deyə, məndən inciməli deyilsən. Həm də mətbuata bildirdiyimi dəfələrlə sənin özünə də demişəm, dediklərim gözlənilməz deyildi ki...

Leon da onu qucaqladı, hər ikisi ərklə bir-birinin kürəyinə döyəclədilər.

Terrasda çay süfrəsi açıldı. Selina Elora ilə bir az kənarda nəsə pıçıldaşıb gülüşürdülər, bir azdan onlar da masaya yaxınlaşıb ərlərinin yanında oturdular.

Leon dilləndi:

- Eşitdiniz də, Mark, sunami xəbərdarlığı verilib. Burada indiyədək güclü sunami olmayıb axı, səncə, bu mümkündür?

Mark əlindəki fincanı stola qoyub Leona baxdı, sakit tərzdə cavab verdi:

- Əlbəttə, mümkündür, xəbərlərdə eşitdim, dünən gecədən bəri okeanda zəlzələlərin ardı-arası kəsilmir. Bu zəlzələ həm də bizim gecə yaşadığımız kimi bir şey deyil, yəqin ki, okeanda az qala yerin coğrafi layları çevrilir. Belə halda sunami qaçılmaz ola bilər, fəqət Sintopiyaya zərər vura biləcəyini sanmıram, Sinland yarımadasını isə tamamilə sulara qərq edə bilər. Yeraltı komplekslə bağlı təhqiqatlar yekunlaşdı, nəticə nə oldu?

- Bir həftəyə kimi Sinlanda qayıtmalıyam, lakin əvvəlki səlahiyyətlərim əlimdən alındı, - sonra Leon  istehza ilə gülüb əlavə etdi, - sənin sayəndə, Mark...

- Belə danışma, Leon, şər kimi gördüyün nələrdəsə Tanrı sənin üçün xeyir gizlədə bilər. Bəlkə də sənin indi mənə istehza ilə dediyin “sayəndə” sayəsində bəlkə də Tanrı səni böyük bir müsibətdən qurtarıb?  Müsibət demişkən, bu sunami xəbərdarlığı veriləndə bilirsən, nəyi xatırladım?

Masa arxasında oturanların hamısı Marka diqqət kəsildi.

Mark sözləri yavaş-yavaş, düşünərək seçirdi:

- İnsan tarix boyu Tanrını anlamağa çalışıb, Leon. Amma bəzən Tanrını anlamağı bacarmayıb, onun yerini almaq istəyib. O vaxt fəlakətlər başlayıb. Atlantida haqqında oxumusan, yəqin? Mu qitəsi haqqında mifləri bilirsən. Onlar yalnız texnologiyaya görə yox olmadılar. Onlar özlərini ölçüsüz hesab etdikləri üçün yox oldular. Tanrı ilə tanrılıq elədilər. Bəziləri Atlantidanı nağıl sayır, bəziləri mif, bəziləri isə uydurma. Tarixdə elə hekayələr var ki, onların gerçək olub-olmaması o qədər də vacib deyil. Əsas olan odur ki, insan yaddaşı bu hekayələri niyə qoruyub saxlayıb. Qədim yunan filosofu Platon yazırdı Atlantida haqqında. Deyirdi ki, bu ada-qitə okeanın o tayında yerləşirdi. Orada yaşayan insanlar zəngin, elmdə qabaqcıl, texnologiyada öz dövrünü xeyli  dərəcədə qabaqlayan bir xalq idi. Onlar daşdan, metaldan elə qurğular düzəldirdilər ki, o dövr üçün möcüzə sayılırdı. Şəhərləri dairəvi planla salınmışdı, su kanalları vardı, limanları, sarayları, məbədləri... Yəni hər şeyləri var idi.

Leon diqqətlə qulaq asırdı. Mark davam etdi:

- Platonun vurğuladığı əsas məqam bu deyildi. O deyirdi ki, atlantidalılar əvvəlcə ədalətli idilər, təvazökar idilər, özlərini yaradılmış bilirdilər. Zaman keçdikcə isə öz güclərinə aludə oldular. Öz ağıllarına, zəkalarına, yaratdıqları nə varsa, ona  heyran qaldılar. Elə bir nöqtə gəldi ki, özlərini Tanrılardan üstün görməyə başladılar. Deyilənə görə, onlar artıq təbiəti idarə etdiklərini düşünürdülər. Qanunlar güclünün xeyrinə dəyişdi, zəiflər unuduldu. Elm insanı qorumaq üçün yox, hökmranlıq üçün işlədilməyə başlandı. Və ən təhlükəlisi - onlar artıq etdiklərinin hesabını hətta Tanrıya da vermədiklərinə inanırdılar.

Mark terrasdan uzaqda parıldayan okeana baxaraq sözlərinə davam etdi:

- Platon yazır ki, Tanrı onların  öz zəkasına arxalanaraq bu cür azğınlaşdığını görürdü, amma atlantidalıları dərhal cəzalandırmadı. Çünki Tanrı tələsmir, çox səbirlidir, təmkinlə gözləyir. Bəlkə insan bir gün dayanacaq deyə gözləyir. Atlantidada öz zəkalarına heyran olanlar isə dayanmadılar. Və bir gün - yer titrədi, torpaq yarıldı, okeanın suyu insan boyundan dəfələrlə yuxarı qalxdı.Tanrı atlantidalılara verdiyi nə varsa, hamısını bir göz qırpımında geri aldı, bütün Atlantida – torpaq, saraylar, inanılmaz elmi kəşflərin nəticələri,  tanrıyana iddialar - hamısı bir anda suların altında qaldı. Həm də hər şey o qədər sürətli baş verdi ki, insanlar nə qaça bildi, nə də anladı. Və Atlantida tarixdən silindi... Mən Atlantidanı tarix dərsi kimi yox, xəbərdarlıq kimi görürəm. Bu hekayə bizə demir ki, elm pisdir. Bu hekayə deyir ki, elm Tanrının yerini almağa çalışanda, insan özü-özünü məhv edir. Çünki insanın gücü ağlındadır, xilası həddini bilməkdədir.

Mark Leonun üzünə baxdı:

- Ona görə də mən sənə həmişə deyirdim, Leon, Tanrı ilə tanrılıq eləmə. Kainat  bunu bağışlamır. Ümid edirəm ki, sunami xəbərdarlığı ehtimalı doğru çıxmaz, amma ola da bilər. Elə düşünmə ki, mən hər şeyi aparıb Tanrıya bağlayıram, fəqət bütün kainatın da, ruhumuzun da bir sahibi, idarəçisi olduğuna bütün qəlbimlə inanıram.  Və həmişə sənə də xatırlatmaq istədiyim məhz bu həqiqət idi. Sən mənim dostumsan, özün də, ailən də mənim üçün əzizdir, ona görə sənin elm sahəsində yolunu azıb Tanrıya zidd getməyini, ruhu unudub sadəcə maddi olana diqqətini verməyini ağlıma sığışdıra bilmirəm. Ümid edirəm ki, heç olmasa, bundan sonra - laboratoriyaya qayıdandan sonra bu dediklərimin üzərində fikirləşərsən...

Leon Markı diqqətlə dinləyib  üzünü qeyri-ixtiyari bayaqdan bəri səsi alınmış, amma kadrların bir-birini əvəzlədiyi divara vurulmuş böyük televizorun ekranına tərəf çevirdi. Heyvanlar aləmi haqqında sənədli film nümayiş etdirilirdi. Laqeydcəsinə üzünü çevirib Marka nəsə demək istəyəndə dostu ərklə Leona diqqətlə ekrana baxmağı işarə etdi. Sonra ikisi də  televizordakı kadrlara diqqət kəsildi.

Ekranda uzanıb gedən ucsuz-bucaqsız çöllükdə, yapıxmış quru otların  üstündə şahanə görkəmlə dolaşan aslanları göstərirdilər.  Yandırıcı günəşin altında kaftarlar, goreşənlər və digər heyvanlar aslanlardan gen durmağa çalışırdılar.

Bir dişi aslan kölgədə uzanmışdı. Sakit, amma qürurlu bir ədayla ətrafı seyr edirdi. Qəfildən yaxınlıqda həmin sürüyə aid olmayan başqa bir erkək peyda oldu, ehtiyatla, addımlarını hesablayaraq dişiyə yaxınlaşmağa başladı. Baxışları dişinin üzərində ilişib qalmışdı. O, dişiyə lap yaxınlaşanda sürünün başçısı olan erkək aslan bir andaca dişisinin yanında peyda oldu.

Çöllüyün şahı kimi bir andaca digər erkəyin üzərinə atıldı, başını əhatə edən gur yalı hərəkətlərinin təsirindən sağa-sola yelləndi, sinəsi və pəncələri ilə zərblə digər erkək aslanı vurub yıxdıQısa, boğuq səslə nərə çəkdi. Sanki öz qəzəbinin dili ilə dişisinə yaxınlaşanı parçalayacağını bildirirdi. Digər erkək də təslim olmaq istəmirdi. Bu isə sürünün başçısını daha da qəzəbləndirdi. Aslan ildırım kimi irəli atıldı, çarpışma çöllükdə qum və toz buludu yaratdı. Onların nərələrindən ətrafdakı heyvanlar qaçıb dağılışmışdılar. Dişi isə sakit şəkildə onun naminə döyüşən erkəkləri izləyirdi, ən güclüsü ona sahib olacaqdı.  Bir neçə dəqiqə sonra hər şey bitdi. Yad erkək aslan qanlı, yorğun, başıaşağı şəkildə əraziyə vəyaxınlıqda döyüşü izləyən dişiyə son dəfə baxdı və yox oldu.

Sürünün sahibi olan erkək aslan dişisinin yanına gəldi. Dişi şəfqətlə onun yaralarını yaladı, burnunun ucu ilə erkək aslanın qana bulaşmış yalını oxşadı.  Bir müddətdən sonra erkək dişisi ilə cütləşmək üçün ona mehribanlıq etməyə, az qala insan kimi nəvaziş göstərməyə başladı.

Mark dostyana Leonun əlinə toxunub dedi:

- Görürsən, dostum, Tanrının yaratdıqlarını? Ətrafımızdakı bütün yaradılışda uca Tanrının təzahürü özünü göstərir. Gördün, erkək aslanı? Dişisini və ərazisini o biri şirə güzəştə getmədi. İndi deyəcəksən ki, nə olsun, bu təbii heyvani instinktdir. Amma mənə görə, bu mənzərələrdə də Tanrının böyüklüyü var, bütün təbiətə verdiyi ruh, heyvanlara da bəxş etdiyi onların özünəməxsus şüuru var.  İnstinkt deyib keçdiyimiz şey, əslində, Tanrının yer üzünə qoyduğu qanunların ən saf formasıdır. Heyvan düşünmür, amma yanılmır da. O, şübhə etmir, özünü aldatmır, Tanrıya  Onun qoruması ehtirasdan yox, Yaradanın ona tapşırdığı roldandır. Aslan dişisini və ona məxsus olan çölü qoruyanda bilmədən nizamı da qoruyur. O döyüşəndə, bizə vəhşilik kimi görünən şey, əslində Tanrının yaratdığı təbiətin nizamıdır, tarazlığıdır. Məncə,  Tanrı nəinki insanlara, heyvanlara da, elə təbiətdə böyük – kiçikliyindən asılı olmayaraq hər canlıya da ruh verib. Onlar o ruhu Tanrıya minnətdarlıqla, sakitcə içlərində daşıyırlar, biz isə müxtəlif anlayışlar icad edirik, ya da ona qarşı çıxırıq. Və bəlkə də buna görə təbiətdəki hər şey özlüyündə gözəl, məsum və doğrudur, insan isə ona verilən ruha və şüura görə Yaradana şükür və minnətdarlıq etməyi unudub bilgisinə güvənərək həddini aşır. Halbuki o bilgini onun ruhuna bəxş edən də, elmin və möcuzələrin yolunu ona açan da  Tanrıdır, vəssalam...

Mark susub televizordakı kadrları izləməyə davam etdi. Terrasda gərgin sükut hökm sürürdü... Leon dərin düşüncələrə qərq olmuşdu. Televizorda təbiət kadrları davam edirdi. Bu vaxt terrasa gələn Elora ilə Selina oradakı gərginliyi sezdilər. Elora bu sərt ab-havanı yumşaltmaq üçün Selinaya göz vurdu, üzünü Leona və Marka tutub təbəssümlə dedi:

- Öz yaradıcı reseptimlə hazırladığım gözəl bir kokteylim var, kim dadına baxmaq istəyirsə, əlini qaldırsın!

Aradakı gərginlik nisbətən çəkildi,  Elora bir azdan əlindəki sinidə uzun qədəhlərdə mavi rəngdə içki ilə qayıdıb gəldi. İlk olaraq içkinin dadına Leon baxdı və başını məmnun ifadə ilə yellədi, sonra Mark da kokteyli içib çox bəyəndiyini dilə gətirdi. Darin də qucağında robot oyuncağı arabir masanın ətrafında gülə-gülə dövrə vurur, sonra dayəsinin yanına qaçırdı...

Elə bu an yer yüngülcə titrədi. Uzaqdan gələn uğultu bu dəfə başqa idi. Hamı qeyri-ixtiyari terrasın kənarına qaçışdı.

Okean bir az geri çəkilmişdi, üfüqdə nəhəng dağlar yaranmışdı... Sonra həmin nəhəng dağlar – bunlar əslində inanılmaz böyük dalğalar idi – yavaş-yavaş Sintopiya sahillərinə doğru yaxınlaşırdı. Üfüqdə okean qalxmağa başlayır - yavaş-yavaş, amansız bir əminliklə, sanki dərinliklərdən güclü bir div ayağa durur, az qala günəşin qarşısını kəsən qaranlıq su divarı formalaşır və boğuq uğultu ilə irəliləyir; dalğa yarımadaya çatanda torpaq müqavimət göstərməyə belə macal tapmır, sahil xətti silinir, dar torpaq dil qopur, ağaclar və qayalar suyun içində oyuncaq kimi dağılıb qeybə çəkilir, yarımadanın konturları göz önündə pozulur, tanınan forma əriyib yox olur, xəritədən silinirmiş kimi okeanın içinə qarışır. Nəhayət, son zərbə hər şeyi udur və bir vaxtlar torpaq olan yer köpüklü xaosdan sonra dərin, tünd mavi bir boşluğa çevrilir; sadəcə terrasdan bütün bu vahiməli, ağır mənzərəyə baxanlar bilirdilər ki, bu sükutun altında indicə yox olmuş bir yarımadanın, susdurulmuş bir coğrafiyanın ağır xatirəsi yatır.

Kilometrlərlə uzaqda Sinland yarımadasını sanki nəhəng div uddu. Yeraltı kompleks, laboratoriyalar, bütün o süni intellekt dünyası bir neçə dəqiqənin içindəcə suya gömüldü. Elə bil Sinland yarımadası heç yerli-dibli olmayıbmış. Dalğalar Sintopiya sahillərinə qədər gəlib çatanda artıq zəifləmişdi, ona görə yalnız sahil zolağındakı tikililərə zərər vermişdi.

Leonla Mark yerlərində donub qalmışdılar. Darin anasının qucağına sığınmışdı, Selina möhkəm-möhkəm ərinin əlindən yapışmışdı.

Okean şahə qalxanda hər şey yox olmuşdu. Bu an Leon düşündü: “Yenə təbiətin iradəsi qarşısında  boyun əyməli olduq, təslim olmaqdan başqa çarəmiz qalmadı...”

Mark üzünü Leona çevirib heyrət, qorxu və həyəcan içində dedi: “Gördünmü, Tanrı uzunmüddətli səbirdən sonra yenə öz hökmünü verdi, təbiət vasitəsilə həddini aşan insana öz yerini göstərdi!..”

***

Təbiətin qəzəbi sakitləşəndən sonra  səhər ertədən Leon Elora və Darinlə birgə Sintopiyanın sahil bölgəsinə yola düşdü. Leon sunamidən sonra orada nə baş verdiyini yaxından görmək istəyirdi. Sintopiyanın sahilindəki tikililərin xeyli hissəsi sunamidən zərər çəkmişdi.

Sinland yarımadası isə tamamilə yoxa çıxmış, okeana qovuşmuşdu. Ondan qalan yalnız güclü dalğaların sahilə atdığı müxtlif dəmir qırıqları, metal parçaları və şüşə kapsullar idi.

Leon kədərlə, Elora və Darin isə maraqla baş verənləri izləyirdi. Bu zaman güclü dalğa düz onların yaxınlığına bir qadın cəsədi atdı.  Darin atasının əlini buraxıb cəsədə doğru qaçdı. Sonra dönüb  həyəcanla atasına qışqırdı:

- Ata, bu ki səninlə bizə gələn xaladır!..

Leon oğluna tərəf qaçıb onu qucağına aldı.

Elisiyanın gözəl üzündə heç bir dəyişiklik yox idi, salamat qalmışdı, amma qolları və ayaqları ciddi zədələnmişdi. Leon oğlu qorxmasın deyə onun üzünü özünə tərəf çevirdi:

- Oğlum, qorxma, bu cəsəd deyil, sadəcə robotdur, qorxma, yaxşımı?

Sonra Darin nə fikirləşdisə, qucağında gəzdirdiyi balaca robot oyuncağını Elisiyanın üstünə tulladı...

Elora mənalı-mənalı Leonun üzünə baxdı. Leon arvadının baxışları ilə nə demək istədiyini anladı.

Leon xeyli müddət əlləri qoynunda üzgün şəkildə okeana tamaşa etdi, uzaqdakı dalğaların qəzəbi hələ səngiməmişdi, yerə-göyə meydan oxyurdular. Leonun qəlbini dərin kədər bürüdü. Elora Leonun əlindən yapışıb mehribanlıqla dilləndi:

- Leon, əzizim, artıq evə qayıtmaq vaxtıdır...

Elora və Leon Darinin əlindən möhkəm yapışıb addımladılar.

Bir azdan onların avtomobili evlərinə gedən yolda sürətlə şütüyürdü. Üfüqdən qalxan səhər günəşi aləmi nura boyamışdı...

SON

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
43
525.az

1Mənbələr