AZ

“Daha böyük təsir aqrar sahəyə olacağı üçün bu il kənd təsərrüfatı məhsullarının qiyməti yüksək sürətlə artacaq”

Bizimyol saytına istinadən ain.az xəbər verir.

Yanvarın 1-dən dizel yanacağının bir litrinin 10 qəpik bahalaşması yükdaşıma, sərnişindaşıma və digər daşıma şirktlərinin maliyyə yükünü artırıb. Bizimyol.info xəbər verir ki, mövzu ilə bağlı ARB kanalı sujet hazırlayıb. Bildirilib ki, hazırda Bakıda və ətraf ərazilərdə sərnişindaşımada istifadə edilən avtobusların yarıya qədəri dizel mühərriklidir. Bölgələrdə isə avtobusların demək olar hamısı dizellə işləyir. Yükdaşıma fəaliyyəti göstərən, eləcə də böyük marketlər şəbəkələrinə və distribütör şirkətlərə məxsus nəqliyyat vasitələrinin də hamısı dizel mühərriklidir. Bu da müəyyən bahalaşmaları və ya keyfiyyət azalmasını labüd edir.Dizel yanacağının 10 qəpik bahalaşması nəticəsində yükdaşıma və sərnişindaşıma sahəsində yaranan əlavə maliyyə yükü iqtisadiyyata necə təsir edəcək?

Məsələ ilə bağlı Bizimyol.info xəbər portalına Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli bildirib ki, yükdaşıma bahalaşdıqca ərzaq, istehlak malları və digər məhsulların satış qiymətlərində artım qaçılmazdır: “Dizel yanacağının bir litrinin 10 qəpik bahalaşması yükdaşıma və sərnişindaşıma sahəsində fəaliyyət göstərən şirkətlərin xərclərini əhəmiyyətli dərəcədə artırır. Çünki bu sahələrdə istifadə olunan nəqliyyat vasitələrinin böyük əksəriyyəti dizel mühərriklidir və gündəlik yanacaq sərfiyyatı yüksəkdir. Xüsusilə bölgələrdə alternativ yanacaqla işləyən avtobus və yük maşınlarının olmaması bu artımın təsirini daha da gücləndirir.

Daşıma xərclərinin yüksəlməsi birbaşa olaraq məhsul və xidmətlərin maya dəyərinə təsir edir. Yükdaşıma bahalaşdıqca ərzaq, istehlak malları və digər məhsulların satış qiymətlərində artım qaçılmaz olur. Bu isə ümumi qiymət səviyyəsinə təsir göstərərək inflyasiya təzyiqini artırır. Böyük marketlər şəbəkələri və distribütor şirkətlər artan xərcləri ya qiymət artımı hesabına, ya da mənfəət marjasını azaltmaqla kompensasiya etməyə çalışırlar”.

Akif Nəsirli

Akif Nəsirli qeyd edib ki, dizel yanacağının bahalaşması iqtisadiyyatda zəncirvari təsir yaradır: “Sərnişindaşıma sektorunda isə vəziyyət daha həssasdır. Tariflər tənzimləndiyi üçün daşıyıcı şirkətlər xərclərin artımını dərhal gedişhaqqına əks etdirə bilmirlər. Nəticədə şirkətlərin maliyyə yükü artır, bu da xidmət keyfiyyətinin aşağı düşməsinə, avtobus parkının yenilənməsinin ləngiməsinə və bəzi marşrutların fəaliyyətinin risk altına düşməsinə səbəb ola bilər.

Kənd təsərrüfatı texnikasının demək olar ki, hamısı dizellə işləyir. Ona görə daha böyük təsir aqrar sahəyə olacaq. Bu il kənd təsərrüfatı məhsullarının qiyməti daha yüksək sürətlə artacaq.

Ümumilikdə, dizel yanacağının bahalaşması iqtisadiyyatda zəncirvari təsir yaradır. Daşıma xərclərinin artması qiymətlərin yüksəlməsinə, bizneslərin rentabelliyinin azalmasına və əhalinin alıcılıq qabiliyyətinə mənfi təsir göstərir. Xüsusilə aşağı və orta gəlirli təbəqələr bu prosesdən daha çox təsirlənir ki, bu da sosial və iqtisadi baxımdan əlavə risklər yaradır”.

Günel Həsənova, Bizimyol.info

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
94
icma.az

1Mənbələr